2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Arvadımı öldürdülər, özüm qaçdım…” – Kiyev vağzalının ümidsiz sakinləri 

Seymur Kazımov, Kiyev

Oleksandr planşetini açır və son Çerniqovo vilayətindən Kiyevə 3 gün sürən qaçış planını göstərir. Ərazinin bir neçə xəritəsini cihazının yaddaşına köçürüb ki, interneti olmasa özünü sığortalaya bilsin. Xəritə üzərindən ciddi plan qurub – çaylardan, əkin sahələrindən, meşələrdən, dərələrdən, yollardan keçib, paytaxta çatıb. 

Oleksandrın qaçış marşrutu

Soyadın söyləmir, fotosunun da təqdim edilməsini istəmir. 

“23 martda qərar verdim ki, Çerniqovo vilayətindən çıxım. Doğrudur, müharibə mərkəzdə – Çerniqovonun özündə gedirdi, amma ucqarlarda da vəziyyət ürəkaçan deyil. Rus qoşunları əyalətdən keçərkən bütün strateji körpüləri dağıtdılar. Yerli əhali partladılmış körpüləri kustar üsulla təmir ediblər ki, kəndlər arasında əlaqə itməsin”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu körpülərdən birindən keçib, kəndlərə daxil olur, amma burada onu daha böyük təhlükənin gözlədiyini anlayıb, daha ehtiyatlı davranır.

“Çalışırdım ki, kəndlərə girməyim, hətta uzaqdan kəndli görəndə də ünsiyyətdən qaçırdım.  İnsanlar xof içərisindədir. Hətta öz adamlarını da öldürə bilərlər. Hamı bir-birindən şübhələnir. Yeni qanun qəbul etdilər ki, yerli əhali diversantı və işğalçı əsgəri öldürə bilər. Kimə sübut edəcəksən ki, düşmən deyilsən? Ölü adam kimə nəyi sübut edəcək?”

Yolunun üstündə xeyli yararsız rus texnikası görüb. Yarısı sıradan çıxmış, yarısının da yanacağı bitmişdi. 

“Bir neçə əzilmiş minik avtomobilləri də qarşıma çıxdı. Ukrayna nömrəli maşınlar idi, çox güman ki, onları tank əzmişdi”. 

Oleksandr Çerniqovoda həbs həyatı yaşayırmış. 2019-cu ildə üzərindən hərbi sursat çıxıb, 4 il yarım azadlıqdan məhrum edilib. Bu il martın 20-də azadlığa çıxıb. 

Azadlığa çıxandan bir neçə gün əvvəl onunla əlaqə saxlayan dostları deyiblər ki, həyat yoldaşını rusiyalı hərbçilər qətlə yetirib. Ağır yaralı halda üç gün xəstəxanada süni nəfəs aparatına qoşulub, sonra vəfat edib. 15 gün öncə dəfn ediblər. 

Oleksandrın ata və anası isə Xersonda zirzəmidə yerləşiblər. Şəhər hazırda işğal altındadır. 

“Humanitar dəhlizi bağlayıblar. İnsanların hələ ki, ehtiyat ərzağı var. Amma bu da bitəndən sonra baş verəcək hadisələri təsəvvür etmək çətin deyil. Ruslar özləri humanitar yardım gətirsələr də insanlar onlara yaxın durmadı. Sonradan ehtiyatı olmayan həssas təbəqə, əsasən də təqaüdçülər bu yardımları götürməyə başlayıb”.  

Xersona girən rus əsgərləri 2014-cü ildə onlara qarşı döyüşmüş yerli sakinləri axtarır. Onların hərbi biletlərinə baxır və naməlum istiqamətə aparır. 

“Bu günədək onlardan bir xəbər yoxdur. Aparıb onların başına nə oyun açırlar, bilmirik. Şəxsən tanıdığım 30 nəfər haqqında məlumat yoxdur”. 

Oleksandr deyir ki, indi onun tək borcu Vətəni qorumaqdır. 

Müsahibə bitən kimi ona zəng gəlir və öz hərəkət marşrutunu kiməsə izah edir. 

Yenə planşetinə baxır, bu dəfə mərhum həyat yoldaşının fotolarına… 

***

Lyudmila Rebenina

Kiyev vağzalının müvəqqəti sakinlərindən biri Lyudmila Rebeninadır. 1945-ci ildə anadan olub, 1958-ci ildən Kiyevdə yaşayır və həyatında ilk dəfədir ki, şəhərini məcburiyyətdən tərk edir. Kiyev ətrafında yaşayır və dediyinə görə, Rusiya qoşunları onun evinin 25-30 kilometrliyindədir. Tam 1 ay dözüb, sonadək evindən çıxmaq istəməyib. 

“Artıq bezdim, əsəblərim dözmür. Hər gün nə qədər atəş səsi eşitmək olar? Himayəmdə sağlamlıq problemi olan bacım oğlu da var. Getməyimin səbəbi rus əsgərindən qorxmağım deyil, istəmirəm ki, bu insanlar sabah evimi işğal edəndə məni təhqir eləsinlər. Görmürsünüz, necə davranırlar? Evləri dağıdır, qarət edirlər, insanlarla heyvan kimi rəftar edirlər”.

Lyudmilanın atari rus, anası ukraynalıdır. Yeddi yaşı olanda atasını itirib. Bundan sonra Ukraynada məskunlaşıb. 

“Mən doğulanda İkinci Dünya müharibəsi bitmişdi, amma onun illər sonra gətirdiyi faciələr, aclıq, yoxsulluq, kasıblıq… Bunların hamısını yaşamışam. Uşaq olanda yadıma gəlmir ki, kolbasa-çörəyimi bütöv yeyim, onu mütləq kiminləsə bölməliydin”. 

Deyir ki, Putinin müharibə edəcəyinə inanmırmış. Düşünürmüş ki, o, bu hazırlıqla Ukraynanı və dünyanı qorxudur. 

“Kimin ağlına gələrdi ki, bu cür dəlilik eləsin. Mənim bir tərəfim rusdur, amma açıq danışmaq lazımdır. Bu gün ruslar mənim ərazimi işğal edir, mən də uzun illərdən bəri yaşadığım evimdən gedirəm”.

Lyudmila evindən çıxarkən soyuducuda olan ət, yağ və digər məhsulları qonşuları arasında bölüşdürüb. 

Biz onunla sağollaşanda qatara minməyini gözləyirdi. Ukraynanın qərbinə gedir. Oradan da Avropaya…

24 saat” ““Arvadımı öldürdülər, özüm qaçdım…” – Kiyev vağzalının ümidsiz sakinləri ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button