2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Arzu Abdullayeva: “Ölkə başçısı razılıq versə bir çox adamlar azadlığa çıxa bilər”

24saat.org Helsinki Vətəndaş Assambleyasının İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva ilə müsahibəni təqdim edir.

– Arzu xanim, artıq 2016-cı ilin son ayını yaşayırıq. Başa vurmaqda olduğumuz 2016-cı ildə Azərbaycanda insan hüquqlarının durumunu necə qiymətləndirirsiniz?

– Hələ ki, vəziyyət yaxşı deyil. 2016-cı il də Azərbaycanda insan haqlarının durumuna görə vəziyyət yaxşı olmadı. Əlbəttə, bəzi sevindirici hadisələr oldu. Buna sevindik. Məsələn, həbsdə olan Rəsul Cəfərovun, Xədicə İsmayılın, Anar Məmmədlinin, Leyla və Yunus Arifin azad edilməsi müsbət hadisə oldu. Amma eyni zamanda yeni həbslər oldu. Odur ki, sevindirici hal uzun olmadı. Hazıra da bu tendensiya davam edir. Azərbaycanda çoxlu sayda siyasi məhbuslar var. Şübhəsiz ki, bu hal Azərbaycanın xaricdə yarandığı imici üçün mənfi haldır. Ümumiyyətlə bu cəmiyyətdə də böyük stress, inamsızlıq deməkdir. Yəni gələcəyə ümidsizlik yaranır. Şübhəsiz ki, normal, sivil və inkişaf edən ölkədə belə hallar olmamalıdır. Azərbaycanda çoxlu sayda siyasi məhbus olmamalıdır. Çünki onların əksəriyyətinin günahı və ya cinayəti sübuta yetirilməyib. Bizim dostumuz İlqar Məmmədovu götürək. Bütün dünya İlqarın barəsində danışır, onun günahsız olduğunu vurğulayır. Biz də bilirik ki, İlqar günahsızdır. Amma hələ də həbsdədir. Baxın, İlqar Məmmədovla Tofiq Yaqublu əslində eyni maddələrlə ittiham olunurdu və məhkəmələri də birgə keçirildi. Ancaq Tofiq Yaqublu əfv şəklində azad edildi, İlqar isə həbsdə qaldı.

Saytların yığılması Saytlarin yigilmasi

– Həbslər yenə də davam edir, artıq heykəl məhbusları anlayışı da siyasi gündəmə gəlib…

– Eyni zamanda son günlər iki gəncə məhkəmə cəza verdi. Bayrama 10 il həbs verildi. Bu nə dərəcədə doğrudur? Bu gənclər hansı cinayət ediblər? Bu gənclər sadəcə olaraq “Gül Bayramı” əvəzinə heykələ “Qul Bayramı” sözünü yazıblar. Mənə elə gəlir ki, əgər onlar normal ölkədə gənclər belə etsəydilər cərimə olunardılar. Və ya onları dəvət edib söhbət aparardılar ki, hansı səbəbdən bunu etmisiniz, sizi narahat edən nədir və s. Ancaq bu iki gəncə 10 il həbs cəzası vermək ağlasığmazdır. Bu biz hüquq müdafiəçilərini, ümumiyyətlə cəmiyyəti incidir.

– Əslində ölkədə qiymət artımı, sosial-iqtisadi durumda insan haqlarının bir hissəsi və ya sosial hüquqlar anlayışına daxildir. Siz, bu istiqamətdə olan durumu necə şərh edirsiniz?

– Taarif Şurası yeni təkliflərlə çıxış etdi, qiymətlərin artırılması haqda qərarlar qəbul etdi. Əlbəttə, bu cəmiyyətdə böyük həyəcana səbəb oldu. Çünki təqaüdlər, müavinətlər qalxmır, amma qiymətlər sürətlə qalxır. Bu ciddi problem yaradır. Indi müxtəlif təşkilatlar və fərdlər Tarif Şurasının bu addımlarına etirazını bildirir. Mən Helsinki Vətəndaş Assambleyası və Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin adından öz müraciətlərimi edirəm, çalışırıq ki, məntiqə əsaslanaraq bu haqda çağırışlar edək. Bunlar öz yerində, amma bütün bunlara rəğmən bazarlarda və mağazalarda qiymətlər durmadan artır. Çox qəribə tendensiya gedir. Normalda hər bir ölkədə bayram öncəsi qiymətlərdə endirim olur. Məqsəd əhalinin bütün kateqoriyasının bu imkandan istifadə edə bilməsini, bayramını keçirməsini təmin etməkdir. Əksər ölkələrdə bu hal mövcuddur. Ancaq Azərbaycanda bunun tam əksi prosesi müşahidə edilir. Bizdə həm yeni il, həm də Novruz bayramı ərəfəsində qiymətlər sürətlə yüksəlir. Belə hallar ortadadır. Əlbəttə ki, bunlar xoşagəlməz hallar deyil.

– Ölkədə həm də işsizlər ordusu yaranmaqdadır…

-Mən bu haqda da danışmaq istəyirəm. Ölkəmizdə işsizlik baş alıb gedir. Ələlxüsus gənclər üçün. Təcrübəsi və arxası olmayan yeni gəncin Azərbaycanda özü üçün iş tapması çətindir. Məsələn, bizim gənc üzvümüz var, Elçin Həsənov. Onun işləri heç qurtarmır. Bir məhkəmə onun haqqında qərar verir, bu başa çatmamış digər məhkəmə onunla bağlı qərar çıxarır. Baxın, bu gənc haqqında məhkəmə qərar verib, onu şərti olaraq azad edib. İndi bu gənc iş yeri tapmalıdır ki, işləsin və həm də əmək haqqından cərimə ödəsin. Ancaq gənc iş yeri tapmadığı üçün cəriməsini ödəyə bilmir. Bu məqsədlə iş yarmarkalarına müraciət edib. Ona təklif ediblər ki, süpürgəçi işləsin. Hərçənd ki, Elçin Qarabağ müharibəsi zamanı tibbi sahədə işləyib. Onun ali savadı var. Belə şəxsə təklif edilib ki, süpürgəçi işlə. Mən sadəcə bir nümunə gətirdim. Demək istəyirəm ki, iş yerləri yoxdur və buna paralel olaraq da narazılıq yüksək həddədir. Çox istərdim ki, hökumət nəhayətdə bu narazılığı eşitsin. Ümumiyyətlə xalq nə etməlidir ki, onun səsi eşidilsin? Vətəndaş cəmiyyəti ağır durumdadır. Vaxtılə mən deyirdim ki, Azərbaycanda orta sinif yoxdur, bu yeri vətəndaş cəmiyyəti, QHT-lər təmsil edir. Ancaq indi bu da yoxdur. Aydındır ki, bu təbəqə cəmiyyəti daima irəliyə, inkişafa aparıb. İndi bu da yoxdur və nəticədə Azərbaycan böyük zərbələr alır.

– Yeni İl Bayramı ərəfəsində əfvin veriləcəyini və siyasi məhbusların nəhayətdə azad olunacağını gözləyirsiniz?

– Mən əfv barəsində eşitməmişəm. Ancaq istəsələr əfvi təşkil edə bilərlər. Onsuz da Əfv Komissiyası işləyir. Onun siyahısı var. Əgər ölkə başçısı razılıq versə bir çox adamlar azadlığa çıxa bilər. Biz gözləyirik ki, İlqar Məmmədov azadlığa çıxsın. Çünki həm günahsızdır, həm vətəndaş cəmiyyətinin aktivistdir, həm də dünya ictimaiyyəti onun azadlığını gözləyir. Barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Düşünürəm ki, onun azadlığa çıxması Avropa Şurası Nazirlər Komitəsinin kommunikasiyası ərəfəsində ağıllı gediş olardı. Bu həm də müsbət addım hesab olunardı.

– Dekabrın 10-u həm də İnsan Haqları günü kimi qeyd edilir. Bu tarixlə bağlı Azərbaycanda xüsusi tədbirlər keçirilmir. Səbəb nədir?

– Biz Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi olaraq dekabrın 10-da tədbir keçirməyi planlaşdırırıq. Əvvəl mən tədbirlər bağlı Beynəlxalq Mətbuat Mərkəzi ilə danışdım, yer çətinliyini həll etmək istədim. Əvvəlcə razılaşdıq, amma sonradan bizə zəng edib dedilər ki, qrafikləri sıx olduğu üçün bizə tədbir üçün yer ayıra bilməyəcəklər. Buna baxmayaraq biz həmin günlə bağlı dəyirmi masa keçirəcəyik. Əsasən də sosial iqtisadi hüquqlar və Tarif Şurasının qərarını müzakirə edəcəyik. Çalışırıq ki, baş verən hadisələrlə bağlı reaksiyalarımız olsun.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button