24saat.org AŞPA-da səsvermə hüququmuz dayandırıla bilər? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
AŞPA-da səsvermə hüququmuz dayandırıla bilər?

AŞPA-da səsvermə hüququmuz dayandırıla bilər?

Asim Mollzadə: “AŞPA Azərbaycanı bu qurumda səsvermə hüququndan məhrum etməz”

Azər Qasımlı: “AŞPA belə bir qərar versə…”

Bir qrup vətəndaş cəmiyyəti fəalı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququnun dayandırılmasını istəyib. Onların quruma ünvanladığı məktubda deyilir ki, AŞPA üzvlərinə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvü – Elxan Süleymanov və Müslüm Məmmədov araşdırma aparılması şərtiylə “dərhal üzvlükdən çıxarılmalıdır. Bundan başqa, tələb olunub ki, rüşvət məsələsindən xəbərdar olsalar belə, heç bir addım atmadıqlarına görə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ dayandırılmalıdır.

Təklif AŞPA tərəfindən dəstək görə bilərmi? Əgər bununla bağlı qərar qəbul olunsa, Azərbaycan nə itirə bilər?

Bir sıra siyasət adamları AŞPA-ya olunan müraciətin təsadüf olmadığını deyirlər. Hesab olunur ki, Azərbaycanın adının son illərdə beynəlxalq təşkilatlarının hazırladıqları hesabatlarda demokratiya, siyasi məhbus və insan haqları məsələlərində mənfi olaraq hallandırılması belə bir müraciətin olunmasına şərait yaradıb. Ehtimala görə, Azərbaycanın Avropa Şurası, ATƏT və digər təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi də bu qəbildən ola bilər. Lakin bunun Azərbaycanın AŞPA-dakı manevr imkanlarını məhdudlaşdırmağa çalışan, Avropada fəaliyyət göstərən erməni diasporu və bununla birgə çalışan erməni lobbisinin fəaliyyəti olduğu da istisna deyil.

Hesab olunur ki, AŞPA belə bir qərar verəcəyi halda bu, Azərbaycana mənfi təsir edəcək. Prinsip olaraq bu, Azərbaycanın antidemokratik ölkə elan olunması hadisəsi olacaq ki, bu da geniş çapda ölkəmizə qarşı iqtisadi-siyasi sanksiyaların tətbiq olunmasına imkan yarada bilər.

“Niyyətləri baş tutmayacaq”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Cümhuriyət”ə bildirib ki, AŞPA Azərbaycanı bu qurumda səsvermə hüququndan məhrum etməz. A.Mollazadə belə bir gözləntinin olmadığına da diqqət çəkib: “Belə bir gözlənti yoxdur. Azərbaycanda bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin bununla bağlı səsləndirdiyi fikirlər Ermənistanda olan vətəndaş cəmiyyəti nümayəndələrinin səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Lakin nə Ermənistandan olan cəmiyyət nümayəndələrinin, nə də onlarla işləyən qüvvələrin niyyətləri gerçəkləşməyəcək”.

“…imicimiz zədələnəcək”

REAL Hərəkatının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı “Cümhuriyət”ə deyib ki, əgər Azərbaycan AŞPA-da səsvermə hüquqndan məhrum olunsa, bununla öz beynəlxalq imicimizi zədələyəcəyik. A.Qasımlı qurumun belə bir qərara gedəcəyini istisna etməyib: “Əgər Azərbaycan səsvermə hüququndan məhrum edilsə, bununla açıq formada Azərbaycanda demokratiyanın olmadığı bildiriləcək, beynəlxalq səviyyədə insan haqlarının pozulduğu vurğulananacaq. Azərbaycanda korrupsiya halları həddindən artıq çoxdur və bu, sistem halındadır. Korrupsiyaya yol verənlər bu sistemin ciddi hissəsini təşkil edir. Yəni, həmin addım atılsa, bu və digər məsələlər dünya ictimaiyyətinin gündəminə gələcək.

Digər yandan Azərbaycanın Avropa İttifaqı və qitənin digər dövlətləriylə münasibətləri daha da pisləşəcək. Bunun xüsususilə Qərblə olan diplomatik əlaqələrə ciddi təsirləri olacaq. İqtisadi münasibətlərə təsir edəcəyi də qaçılmazdır. İlk növbədə bunun Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müsbət təsiri olmayacaq. Əgər Azərbaycanla münasibətlər pisləşəcəksə, Avropa dövlətləri müəyyən müddətdən sonra münaqişənin həllində açıq formada Ermənistanın mövqeyini dəstəkləməyə başlayacaqlar. Belə bir vəziyyət də bizim maraqlarımıza uyğun deyil. AŞPA belə bir qərar versə, bunun təsirlərini dərhal görməyəcəyik, amma zaman-zaman fəsadlarını hiss etməyə başlayacağıq, bu mütləqdir”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.