ÖLKƏ

AŞPA missiyası: “Azərbaycandakı atmosfer demokratik seçkilərə xidmət etmir”

9 fevral parlament seçkilərilə bağlı seçkiqabağı mühiti qiymətləndirmək üçün yanvarın 22-23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti öz rəyini açıqlayıb.

Müxtəlif həmsöhbətlərlə müzakirələrdən sonra AŞPA nümayəndə heyəti qalan müddətdə vəziyyətin yaxşılaşdırılması və heç olmasa problemlərin bir hissəsinin həlli üçün imkanların olduğunu vurğulamağı vacib sayır.

Bəzi əlaqədar tərəflər əsas hüquqlara, xüsusən ifadə və sərbəst toplaşma azadlığına əməl olunması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Müxalifət partiyaları nümayəndə heyətinə bildiriblər ki, məhdudlaşdırıcı şəraitə görə seçkini boykot etmək qərarına gəliblər.

“Namizədlərin qeydiyyatı və onların seçkilərdə iştirakına gəlincə, nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, ləğv edilməmiş cinayət işləri səbəbindən bəzi siyasi liderlərə seçkilərdə iştirak imkanlarının verilməməsindən təəssüflənir. Belə ki, 2019-cu ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi

Azərbaycandan “İlqar Məmmədova qarşı irəli sürülmüş cinayət ittihamlarının qalan bütün nəticələrini dərhal aradan qaldırmağı” tələb edib.

 “AŞPA nümayəndə heyəti hesab edir ki, Azərbaycanın Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməməsi öz vətəndaşlarının seçkilərdə effektiv iştirak etməklə bağlı konstitusiya hüququnü şübhə altına alır”, – hesabatda qeyd olunur.

Nümayəndə heyəti bir çox həmsöhbətlərin söylədiyi və seçki komissiyalarının müstəqilliyi ilə bağlı Venesiya Komissiyası tərəfindən dəstəklənən şübhələri nəzərə alıb.

“AŞPA seçki müşahidə missiyaları, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinin vacibliyinə dəfələrlə təkid ediblər. Əsas azadlıqların konstitusiya təminatına baxmayaraq, hökuməti tənqid edənlər sistematik şəkildə təqib olunurlar.

Sərbəst toplaşma azadlığına da əməl edilmir və 19 oktyabrda son mitinq kobud fiziki qüvvə ilə dağıdılıb.

“AŞPA hesab edir ki, seçki kampaniyası zamanı bütün iştirakçılar üçün sərbəst toplaşma və ifadə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir”.

Seçki kampaniyasının maliyyələşdirilməsinə gəlincə, AŞPA nümayəndə heyəti xatırladır ki, Avropa Şurasının antikorrupsiya orqanı GRECO-nun tövsiyələri nəzərə alınmayıb.

İfadə və KİV azadlığı, həmçinin məlumat əldə etmək hüququ təmin edilmir. Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır.

2017-ci ildən Rabitə Nazirliyi ilkin məhkəmə qərarı olmadan KİV-i bloklayır.  Hazırda bir sıra xəbər saytları bloklanıba, onlayn-fəallar isə getdikcə daha çox saxlanmaya və qorxutmaya məruz qalır.

AŞPA nümayəndə heyətinə Alfred Heer (İsveçrə), nümayəndə heyətinin rəhbəri Rayvo Tamm (Estoniya), Georgios Katrouqkalos (Yunanıstan), Stefan Sennax  (Avstriya) daxildir.

Turan

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close