SEÇMƏ

Avropa İttifaqı Ermənistanda mülki missiya yaradır

Yayımlandı: 23 Yanvar 2023 18:40

“Məqsəd sərhədyanı rayonlarda sabitliyə xidmət etməkdir”

Yanvarın 23-də Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda qurumun mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

Bu barədə “Turan” məlumat yayıb.

Bildirilir ki, missiyada məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etməkdir:

“Həmçinin, yerlərdə inamı möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə Avropa İttifaqının dəstəklədiyi səylərə xidmət edən əlverişli mühitin təminidir”.

“Ermənistanda Avropa İttifaqının missiyasının yaradılması Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələ açır. Avropa İttifaqı deeskalasiya üzrə səyləri dəstəkləməyə davam edəcək və son məqsədə – Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər iki tərəflə sıx əməkdaşlıqa sadiqdir”, – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Ermənistanın sorğusuna cavab olaraq, Avropa İttifaqının mülki missiyası patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı məlumat verəcək ki, bu da yerlərdə Avropa İttifaqının vəziyyətlə bağlı anlayışını möhkəmləndirəcək. Missiya həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək.
Ermənistanda Avropa İttifaqının mülki missiyasının ilkin mandatı 2 il qüvvədə olacaq, onun operativ qərargahı isə Ermənistanda yerləşəcək.

Mülki planlaşdırma və davranış şöbəsinin idarəedici direktoru Stefano Tomat mülki əməliyyatlar üzrə komandan olacaq. Yaxın vaxtlarda yerlərdə əməliyyatlara rəhbərlik etmək üçün missiyanın rəhbəri təyin olunacaq”, – Avropa İttifaqı Şurasının məlumatında deyilir.

Bundan öncə Rəsmi Bakı regiona belə missiyanın göndərilməsinə etiraz edib.

2022-ci ilin oktyabrın 6-da Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında demişdi ki, “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:

“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.

İ.Əliyev daha sonra qeyd edib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olub: “Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Gözdən qaçırmayın:  Gündəlik iş saatı: Reallıq qanunda yazılanların əksini deyir

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button