Xəbərlər

Avropa İttifaqı nümayəndəsi XİN-ə çağırılıb

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Avropa İttifaqinin bu ölkədəki nümayəndəsi səfir Kestudis Yankauskas ilə görüş keçirilib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, aprelin 16-da səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib:

“Görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu ilin 14 aprel tarixində Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib.”

Məlumata görə, Aİ nümayəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidlər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb:

“Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.”

Bu açıqlamaya, hələlik, Avropa İttifaqinin Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Xatırlatma

2020-ci il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun (Azərbaycan onu qanunsuz sayır və tanınmayan bu qurumun təmsilçiləri ilə görüşlərə qarşı çıxır) və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Avropa İttifaqı nümayəndəsi XİN-ə çağırılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button