Dünya

Avropa liderləri Praqada nədən danışacaqlar

TürkiyəFransa prezidentlərinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında danışıqlar ola bilər

Bütün Avropa ölkələrindən liderlər oktyabrın 6-da qitədə təhlükəsizlik məsələlərini, ilk növbədə Ukraynadakı müharibəni müzakirə etmək üçün Praqa qəsrinə toplaşacaq. Avropa Siyasi Birliyinin (ASB- EPC) yaradılması ideyasını ilk dəfə mayda Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.

Oktyabrın 7-də isə eyni məkanda qeyri-rəsmi Avropa Birliyi (AB) sammiti keçiriləcək. 27 üzv ölkənin liderləri Rusiyaya qarşı sanksiyaları, enerji böhranını və qarşıdan gələn çətin qışı müzakirə edəcəklər.

Adının çəkilməsini istəməyən bir AB diplomatı 44 Avropa ölkəsinin liderlərinə dəvətlərin göndərildiyini deyir. O həmçinin “bütün liderlərdən müsbət rəy gəldiyini, ancaq bəzilərinin hələ dəqiq cavab vermədiyini” bildirib. Serbiya Prezidenti Aleksandr VuçiçTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ tərəddüd etdiyi məlumdur (Türkiyə mediası Ərdoğanın sammit çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla goruşəcəyini yazır – red.).

Ukrayna Prezidenti Volodımır Zelenskiy isə ölkəsindəki təhlükəsizlik vəziyyətinə görə görüş iştirakçılarını videolink vasitəsilə müraciət edəcək. Ancaq Ukraynanın baş naziri Denıs Şmıhal tədbirə canlı qatılacaq.

Yaxşı, bəs Avropa Siyasi Birliyi nədir?

Əvvəlcə onun hər hansı mövcud təşkilatı, strukturu və ya prosesi əvəzləmədiyini vurğulamaq lazımdır. ASB bu mərhələdə hər hansı yeni qurum yaratmağı da qarşısına məqsəd qoymur. AB diplomatları blokun sadəcə fasilitator olduğunu dönə-dönə izah etməyə çalışırlar. Qərbi Balkanlarda və Şərq qonşuluğunda AB-nə mövcud və potensial namizəd ölkələr ASB-nin AB-nin genişlənmə prosesini əvəz edə biləcəyindən narahat olmamalıdırlar.

Görüşün sonunda hər hansı yekun bəyannamə və ya hər hansı başqa yazılı bəyanat olmayacaq. Anonimlik şərtilə danışan AB mənbələri bildiriblər ki, toplantının ifadələr üstündə dava və ya mətnlər üzərində vetolarla yekunlaşmasını istəmirlər.

Görüşdən sonra yekun mətbuat konfransı da olmaya bilər. O zaman bu nə tədbirdir?

Bu tədbir Avropa liderlərinin ildə bir və ya iki dəfə görüşüb gündəmdə olan ən mühüm məsələləri müzakirə etməsi üçün yeni platforma kimi nəzərdə tutulub. Bu təşəbbüsün gərəkliliyinə şübhə edənlər də çoxdur. Çünki bu məqsədlər üçün onsuz da artıq çoxlu strukturlar var. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası belə qurumlara misal ola bilər.

Ancaq anonimlik şərtilə danışan başqa bir diplomat belə deyir: “Bir çox şey sadəcə, yığıncaq kimi başlayıb. Bu, prosesin başlanğıcıdır və daha sonra bunun ardınca nələrin gələcəyini görəcəyik”.

Belə görünür ki, gözlənilən nəticə, sadəcə, görüşün özüdür. Ancaq Rusiyanın ən azı qismən səfərbərlik elan etdiyi və Ukraynanın dörd regionunu ilhaq etdiyi zamanda bütün Avropa liderlərinin eyni məkanda görüşməsinin ən azı rəmzi mənası olmalıdır.

Gözdən qaçırmayın:  Ukraynanın ‘ən böyük irəliləyişə’ nail olduğu deyilir

Avropa Siyasi Birliyinin görüşü təkcə AB ölkələrini əhatə etməyəcək. Görüşə Qərbi Balkan, Cənubi Qafqaz ölkələri, habelə Böyük Britaniya, Türkiyə və İsrail də qatılacaq. Çex Radiosu İsrailin bu tədbirdə yeganə qeyri-Avropa ölkəsi olacağını bildirib.

Çexiyanın AB məsələləri naziri Mikulaş Bek bildirib ki, Türkiyə Yunanıstan və Kiprlə yaşadığı gərginlik səbəbindən bu tədbirdə iştiraka xüsusi həssaslıqla yanaşa bilər. Bununla yanaşı Türkiyə liderinin tədbirə dəvəti qəbul edəcəyi gözlənilir.

Bir saatlıq plenar sessiya ilə başlayacaq ilk gün liderlər 10-12 nəfərlik qruplara bölünərək sülh, sabitlik, enerji, iqlim və ətraf mühit məsələlərini müzakirə edəcəklər. Miqrasiya və mobillik mövzularında ad hoc (ayrıca) müzakirə də ola bilər. Günün ikinci yarısı isə müxtəlif ikitərəfli görüşlərə həsr ediləcək. Qərbi Balkan liderlərinin potensial müzakirələri, Türkiyə və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında danışıqlar ehtimalını nəzərə alsaq, bu, günün ən maraqlı hissəsi olmalıdır.

Görüşün sona çatmasından öncə başqa bir plenar sessiya planlaşdırılıb. AB diplomatı deyir ki, tədbirin çox da rəsmi və sərt olmaması və “hamının hər kəslə danışa bilməsi” nəzərdə tutulub. Başqa bir AB diplomatı isə deyir ki, gözlənilən nəticə “bütün Avropa liderlərini birlik və ümumi maraqlar naminə bərabər müstəviyə gətirmək”, onların növbəti ASB toplantısı üçün ideya və təkliflər ortaya qoymasına şərait yaratmaqdır. Növbəti tədbirin gələn il AB üzvü olmayan bir ölkədə keçirilməsi planlaşdırılır.

Növbəti gün keçiriləcək qeyri-rəsmi görüşə gəlincə, burada Ukraynadakı müharibəyə AB-nin cavabı ətrafında çox sərt müzakirələrin olacağı gözlənilir. AB-nin son sanksiya paketinin bu görüşdən öncə razılaşdırılacağı da mümkündür. Brüsselin Rusiya poladı, ağacı, siqaret və kriptovalyutalar kimi sahələri hədəfə alacağı gözlənilsə də, ziddiyyət doğuracaq mövzulardan biri AB-nin neftin qiymətinə qoya biləcəyi məhdudiyyət ola bilər. Macarıstan artıq Moskvaya qarşı yeni enerji sanksiyalarına veto qoyacağı barədə siqnallar verib. Bəzi başqa dövlətlər də bu ideyanı çox da bəyənmir. Ancaq bu məsələ ətrafında qızğın müzakirələrin gedəcəyini gözləmək lazımdır.

Bu qəbildən olan ziddiyyətli mövzulardan biri də qaz qiymətlərinə qoyula biləcək potensial qiymət məhdudiyyətləridir. Üzv dövlətlər təkcə Rusiyanın hədəfə alınması, yaxud məhdudiyyətlərin dünya səviyyəsində tətbiqi, yaxud da heç kimə tətbiq edilməməsi ilə bağlı razılığa gələ bilmirlər.

Səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına qapı açıb-açmamaq, habelə Kiyevə növbəti 3 milyard avroluq (2,9 milyard ABŞ dolları) maliyyə yardımının kredit şəklində verilib-verilməməsi məsələləri də müzakirə və fikir ayrılıqlarına səbəb ola bilər.

24 saat” “
Avropa liderləri Praqada nədən danışacaqlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button