Loading...
Loading...
SEÇMƏ

Avropa Məhkəməsi Azərbaycanla bağlı 4 qərarını elan edib

Yayımlandı: 1 Sentyabr 2022 16:19

3 işdə pozuntu tanınıb, 1 iş qəbuledilməz sayılıb

Sentyabrın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib.

Məhkəmə 3 işdə pozuntu iddialarını tanıyıb, 1 işdə ərizəni qəbuledilməz sayıb.

“Yadigar Sadıqlı Azərbaycana qarşı” məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilib.

AİHM iddia olunan pozuntunu tanıyıb.

Qərara görə, yerli məhkəmələr Yadigar Sadıqlıya münasibətdə Konvensiyanın 5.3-cü maddəsinin pozuntusuna yol veriblər.

Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

İş Müsavat Partiyasının başqanının müşaviri olan zaman Yadigar Sadıqlının Lənkəranda təxribata məruz qalması ilə bağlıdır. Olay 2013-cü ilin iyununda baş verib.

Kimliyi bəlli olmayan şəxs dostları ilə çay içən ərizəçiyə yaxınlaşıb, onu təhqir etməyə başlayıb.

Baş verənlərin təxribat olduğunu anlayan ərizəçi mübahisə etməyib, çay evini tərk edib.

Bir gün sonra hökumətə bağlı medialarda, eləcə də “Azərtac” Dövlət İnformasiya Agentliyində “Müsavat Partiyası başqanının müşaviri müharibə veteranı R.S.-ni döyüb” başlıqlı xəbərlər dərc edilib.

Xəbərin dərcindən sonra ərizəçi təxribatla üzləşdiyini, barəsində cinayət işi açılacağını güman etdiyini bildirib.

Səhərisi gün polis əməkdaşları ərizəçinin evinə gəlib, onu polis idarəsinə aparıb.

Şübhəli şəxs qismində tutulan ərizəçiyə 2 gün sonra xuliqanlığa görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Yadigar Sadıqlı həmin vaxt yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, həbs tədbiri dəyidirilmədən qalıb. Onun həbsin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətləri də rədd edilib.

Ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılması müddəti sonradan bir neçə dəfə artırılıb, həmin qərarardan verilən şikayətləri isə yuxarı instansiya məhkəmələri tərəfindən rədd edilib.

“Xatirə Quliyeva Azərbaycana qarşı” işdə şikayət ərizəçinin xırda xuliqanlıqda və polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması, inzibati məsuliyyətə cəlb olunması ilə bağlı olub.

Ərizəçi iddia edib ki, barəsindəki icraatlar zamanı onun azadlıq və toxunlumazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.

Avropa Məhkəməsi ərizəçinin iddialarını əsaslı sayıb, ona münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanıyıb.

Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddialarını araşdırmağa lüzum görməyib.

Qərara əsasən, ərizəçiyə 3500 avro təminat ödəniləcək.

“Rafiq Səfərov Azərbaycana qarşı” işdə AİHM ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verdiyinə qərar verib.

Qərara görə, hökumət ərizəçiyə 5000 avro təzminat ödəməlidir.

Ərizəçi Rafiq Səfərov 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirib.

Məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıydı.

Gözdən qaçırmayın:  “Lukoyl”un Direktorlar Şurasının rəhbəri həlak olub

Ərizəçi məhkəmədə mülki iddia qaldırsa da yerli məhkəmələr onu rədd edib.

1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanan ərizəçi AİHM-ə dövlətin onun əqli mülkiyyət maraqlarını qorumamasından və daxili məhkəmələrin onun iddiası üzrə qərarlarının əsaslandırlmamasından şikayət edirdi.

“Rəşid Rəhimov Azərbaycana qarşı” iş isə ərizəçiyə məxsus mülkiyyətin sökülməsi mübahisəsi ilə bağlı olub.

Mülk Bakı şəhəri, Tolstoy küçəsi 83/23 ünvanında yerləşən, 1896-cı ildə tikilmiş çoxmərtəbəli evdir.

Yasamal Rayon İcra Hakimiyyəti həmin mülkü “Təzə Pir” məscidinin ətrafının abadlaşdırılması layihəsi çərçivəsində söküb.

Mübahisə ərizəçiyə ödənilən kompensasiyanın məbləği ilə bağlı olub.

Ərizəçi məhkəmə vasitəsilə 297 000 manat məbləğində kompensasiya tələb edib, (həm yaşayış, həm də torpaq sahəsinə görə), məhkəmə isə 111.375 manat kompensasiya təyin edib.

Ərizəçi iddia edib ki, ona münasibətdə mülkiyyət, şəxsi həyata hörmət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib.

AİHM bu şikayəti qəbuledilməz elan edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button