Avropa Məhkəməsi müxalif fəalların şikayəti ilə bağlı qərarlarını açıqladı
Şikayətlərin əksəriyyəti toplaşma hüququnun pozulması ilə bağlıdır
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı 10 yekun qərardadını elan edib. Ərizəçilərin əksəriyyəti müxalif fəallar, şikayətlərin çoxu isə toplaşma azadlığı hüququnun pozulması ilə bağlıdır.
Qərardadlar tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.
“Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı” məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlıdır.
İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri Əli Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Həmin ay Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib. 2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləyib.
Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib, nazirlik qeydiyyat sənədlərini geri qaytarıb. Qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.
Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıraraq, tələb edib ki, məhkəmələr, nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyib. Ərizəçi, AİHM qarşısında ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusunu mübahisələndirib.
AİHM ərizəni baxılacaq işlərin siyahısından çıxarıb.
Müvafiq qərardadda vurğulanır ki, məhkəmə ərizəçinin Konvensiyanın 11, 13 və 18-ci maddələrinə əsaslanan şikayətlərini hökumətlə kommunikasiya edib, ərizəçidən təqdimatını göndərməsini istəyib. Ərizəçi təqdimat üçün verilmiş müddətin artırılmasını xahiş edib, məhkəmə müddəti artırıb. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfdən təqdimat daxil olmadığı üçün bunu ərizəçinin ərizəni davam etdirmək niyyətində olmaması kimi qəbul edir və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.
“Şəmistan Həziyev Azərbaycana qarşı” məhkəmə işi toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantının iştirakçısı olan ərizəçi qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldığını iddia edib.
AİHM-in qərardadı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödəyəcək.
“Əli İnsanov Azərbaycana qarşı” məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmiş, həbsxanada cəza çəkirdi (bu işlə bağlı cinayət prosesi Məhkəmənin “İnsanov Azərbaycana qarşı” (no. 16133/08, 14 mart 2013-cü il) qərarının predmeti olub).
Ərizəçinin cəza müddəti 2016-cı il oktyabrın 20-də başa çatacaqdı. 2016-dı il avqustun 24-də ərizəçi qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında, həmçinin cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 2016-cı il avqustun 24-də verdiyi qərarla ərizəçini 2016-cı il oktyabrın 20-dək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürüb.
2016- cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, yəni 2017-ci il yanvarın 11-dək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apelyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ittihamlar uydurma olub, barəsindəki həbs qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.
İki ərizənin araşdırıldığı bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 6600, hüquqi xərclər üçün 1500 avro ödəniləcək.
“Abgül Süleymanov Azərbaycana qarşı” işində ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2014-cü il noyabrın 20-də Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.
Məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edib.
Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmalarına əsaslanır. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 7000, onun vəkilinə 2000 avro təzminat ödəyəcək.
“Mehmet ÇELİK və Faiq Semih Başoğlu Azərbaycana qarşı” məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır. Ərizəçilər iddia edib ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.
AİHM bu ərizələri qəbul edilməz elan edib.
“Ərizəçilərin ölkədən deportasiya edilmələri və ya təhvil verilmələri ilə qarşı-qarşıya qaldığı işlərdə, onlar, tətbiq edilməsi mümkün olmayan bir tədbirin “qurban”ı olmalarını iddia edə bilməzlər. Bu iş ərizəçilərin cavabdeh dövlət tərəfindən təhvil verilməsi risqi xüsusatı üzərində inşa edilib. Ancaq ərizəçilərin Gürcüstanda və Kanadada yaşamaqda olması səbəbindən, bu, artıq qanuni səbəb ola bilməz”, məhkəmə qərardadında qeyd edib.
“Nizami Abbasov və başqa 4 ərizəçi Azərbaycana qarşı məhkəmə işində toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu mübahisə edilib. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia ediblər.
Tərəflər dostca anlaşıblar, həmin anlaşmaya əsaslanan qərardada görə, ərizəçilərdən N.Abbasov, Elməddin Əhmədov və Asim Ağayevin hər birinə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro (təmsilçi Tural Hacıbəyli), ərizəçilərdən Şaiq Ələkbərov, Əliqulu Qəhrəmanlının hər birinə mənəvi zərər əvəzi 2400, hüquqi xərc əvəzi 450 avro (təmsilçi Əsabəli Mustafayev) ödəniləcək.
“Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı” məhkəmə işi də toplaşmaq və ədalətli məhkəmə azadlığı hüququnun pozuntusu ilə bağlı olub. İctimai toplantıların təşkilatçıları və iştirakçıları olan ərizəçilər qanunsuz, qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldıqlarını iddia ediblər.
Tərəflərin dostca anlaşmasına söykənən qərardada görə, ərizəçilərdən Kamran Əmirov, İntiqam Fətullayev, Sahib Rüstəmli, Tofiq Zeynallı, Balamirzə Fətiyev, Adil Babayevin hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərclər əvəzi 350 avro ödəniləcək. Ərizəçilərdən Həsən Həsənliyə ümumilikdə 4150 avro ödənilməlidir.
“İlham Hüseynov Azərbaycana qarşı” məhkəmə işi də Konvensiyanın 11-ci maddəsinin pozulması, eləcə də 13-cü maddənin pozuntusu iddiaları ilə bağlı olub.
Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar, ərizəçiyə ümumilikdə, 1750 avro mənəvi zərər, hüquqi xərc əvəzi ödəniləcək.
“Zamin Salayev və başqa 3 ərizəçi Azərbaycana qarşı” işində toplaşmaq azadlığı hüququnun pozuntusu iddia olunub. Tərəflər dostca anlaşıblar. Qərardada görə, ərizəçilər Z.Salayev, Səhladar İsgəndərli, Mehdi Nağıyev, Ceyhun İslamovun hər birinə mənəvi zərər əvəzi 2500, hüquqi xərc əvəzi 350 avro ödəniləcək.
“Nazim Məmmədov Azərbaycana qarşı” işdə ərizəçi Nazim Məmmədov Göygöl rayonunda yaşayır. Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırlması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də, şikayətləri uğursuz olub. Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edib.
Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.