24saat.org Avropa Məhkəməsi Seymur Həzi ilə bağlı qərarını açıqladı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Avropa Məhkəməsi Seymur Həzi ilə bağlı qərarını açıqladı

Məhkəmə jurnalistin azadlıq və toxunulmazlıq hüququnun pozulmasını tanıyıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 6-da “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin şikayəti üzrə qərarını elan edib.

Avropa Məhkəməsinin qərarında bildirilib ki, həbsdə olan jurnalist Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 5 il azadlıqdan məhrum edilib. Seymur Həzi şikayətində Azərbaycan məhkəmələrində onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Jurnalistin şikayətində o da vurğulanıb ki, onun hüquqları Avropa Konvensiyası ilə icazə verilən yox, başqa məqsədlərlə məhdudlaşdırılıb. AİHM-dən Avropa Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin tanınması istənilib.

Avropa Məhkəməsi hesab edib ki, Azərbaycan məhkəmələri Seymur Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub. Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb.

Avropa Məhkəməsi Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti Seymur Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Məhkəmə ona 5 il həbs cəzası verib. Jurnalist bu ittihamı rədd edib. O,  “Azadlıq” qəzetində  və “Azərbaycan saatı” proqramında jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.