Avropa Parlamentinin komitəsində Vəkillər Kollegiyası tənqid edildi - 24 saat xəbərlər
Now Reading:
Avropa Parlamentinin komitəsində Vəkillər Kollegiyası tənqid edildi
Full Article 6 minutes read

Avropa Parlamentinin komitəsində Vəkillər Kollegiyası tənqid edildi

Fuad Ağayev: ”Kollegiya müstəqil olaraq fəaliyyət göstərənə qədər yalnız fərdi hüquqşünaslarla əməkdaşlıq etməlidir”

Azərbaycanlı hüquq müdafiəçisi Fuad Ağayev fevralın 19-da Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsində insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlər haqqında dinləmələr çərçivəsində çıxış edib.

Vəkil deyib ki, Azərbaycan Vəkillər Kollegiyasının (VK) vəziyyəti son 20 ildə pisdən daha pisə gedir və təəssüf ki, bu gün ən pis vəziyyətdədir:

“Beynəlxalq standartlarda aydın şəkildə göstərildiyi kimi, vəkillərin peşəkar kollegiyaları peşə standartlarını və mədəniyyətini dəstəkləməkdə əhəmiyyətli rola malikdir. Onlar üzvlərini təqiblərdən, süni məhdudiyyətlərdən və pozuntulardan qoruyur. Ehtiyacı olan şəxslərə hüquqi xidmət göstərir. Ədalət və ictimai maraqlar naminə dövlət qurumları və digər təşkilatlarla əməkdaşlıq edirlər.

Bu vəziyyət Azərbaycan Vəkillər Kollegiyasında belə deyil”.

Fuad Ağayev vurğulayıb ki, Azərbaycan hökuməti Azərbaycan Vəkillər Kollegiyasının vasitəsilə siyasi həssas işlərdə çalışan hüquq müdafiəçilərinə təzyiq etmək üçün bir neçə üsuldan istifadə edir. Kollegiyaya qəbul prosesində siyasi yanaşma var və hüquq müdafiəçiləri Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılıb və ya qovulub.

Nəticədə yalnız bir neçə insan hüquqları müdafiəçisinin azərbaycanlıların hüquqlarını məhkəmələrdə müdafiə etməsinə icazə verilir.

“Risk isə budur ki, bu addımlar azərbaycanlı hüquq müdafiəçilərinin yerli məhkəmələrlə əməkdaşlıqdan, eləcə də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi kimi beynəlxalq əməkdaşlıqdan tam şəkildə məhrum olmasına gətirib çıxaracaqdır.

Bununla yanaşı, Azərbaycan Vəkillər Kollegiyası insan hüquqlarının müdafiəsi ilə bağlı işlərdə çalışan hüquqşünasların məxfi məlumatlarını qoruyub saxlamaqda iqtidarsızdır,” – vəkil bildirib.

O, VK-ya qəbul haqda danışarkən deyib ki, 2018-ci ildə qüvvəyə minən yeni qanunvericiliyə əsasən Kollegiyaya qəbul edilməyən vəkillərin müştərilərini məhkəmələrdə müdafiə etmək hüququ əlindən alınıb. Bu, Azərbaycanda hüquqşünaslara səmərəli və bərabər çıxış imkanını məhdudlaşdırıb. Əslində isə bunu dövlət təmin etməlidir:

“Ötən ilədək Kollegiyada üzv olmayan vəkillər bir çox insana məhkəmədə nümayəndəlik edirdi və Kollegiyaya daxil olmayan hüquqşünaslar hətta Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verə bilirdi.

2018-ci ildə yeni qanunla vəziyyət kəskin şəkildə dəyişdi və hazırda yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvləri və ya yaxın qohumları məhkəmələrdə fərdi şəxsləri təmsil edə bilərlər.

Təəssüf ki, Kollegiyaya qəbul edilmə prosesinin obyektiv meyarlara əsaslanmadığını, xüsusilə insan hüquqları işlərində iştirak edən tanınmış hüquqşünaslarla şamil edilmədiyini müşahidə etdik”.

Fuad Ağayevin sözlərinə görə, sonuncu hadisədə Azərbaycan Ənnağı Hacıbəyli və İntiqam Əliyevin peşələrini icra etmələrinə imkan verməkdən imtina edib və Vəkillər Kollegiyasının bu hüquqşünasların ifadə azadlığına müdaxilə edib.

Vəkil bildirib ki, Kollegiyanın qanununun 8-ci maddəsinə əsasən Kollegiyaya qəbul olmaq üçün namizəd yazılı imtahandan və şifahi müsahibədən ibarət olan ixtisas imtahanından keçməlidir.

7 dekabr 2017-ci ildə Anar Bağırovun sədrliyi ilə Kollegiyanın Rəyasət Heyətinin yeni tərkibi yaradılıb. “2018-ci ilin yanvarında yeni bir ixtisas imtahanı keçirildi. Əvvəlcə yazılı bir test keçirildi. Nəticədə birinci mərhələdən 1873 namizədin yalnız 607-si keçdi. Namizədlər arasında əvvəllər nümayəndəliklə əlaqədar qanuni dəyişikliklərə qarşı çıxan tanınmış müxalif düşüncəli “Hüquqşünaslar qrupu” nun 9 üzvü də olub. Qrupun 9 üzvündən 8-i yazılı testdən uğurla keçib və bu qrup üzvlərinin peşəkarlığının səviyyəsini göstərir.

İkinci mərhələdə şifahi imtahandan 607 namizədin 535-i uğurla keçdi. Lakin “Hüquqşünaslar Qrupu” üzvlərinin heç biri şifahi imtahandan keçməyib,” – Fuad Ağayev diqqətə çatdırıb.

Vəkil daha sonra deyib ki, son illərdə Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra məhkəmə işlərində Azərbaycan hökumətinin mülki fəalların və hüquq müdafiəçilərinin hüquqlarını tapdaladığını vurğulayıb. Xüsusilə, tanınmış müxalif siyasətçiləri, insan haqları müdafiəçilərini və müstəqil jurnalistləri müdafiə etdikdən sonra Kollegiya üzvlərinin fəaliyyəti dayandırılıb və ya Kollegiyadan qovulub:

“Əlayif Həsənov – 2015-ci ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Əlayif hüquq müdafiəçisi Leyla Yunusu müdafiə edib və həbsxanada ona qarşı fiziki və psixoloji təzyiqlər barədə məlumat verib. O, Yunusun təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə etdikdən sonra işdən uzaqlaşdırılıb və təqsirləndirilib. Baxmayaraq ki, onun şifahi sorğudan sonra Kollegiyaya geri qayıtmaq hüququ var idi, lakin onun ərizəsi qəbul edilməyib.

Vəkil Yalçın İmanov 2017-ci ilin noyabr ayında Vəkillər Kollegiyasından siyasi məhbus olan müvəkkilinin işgəncə gördüyünü bildirdikdən sonra xaric olunub. Bu, Penitensiar Xidmətin rəis əvəzinin şikayəti əsasında baş verib.

Mən özüm də inzibati cəzaya məruz qaldım. 2017-ci ilin dekabr ayında müvəkkilim məşhur siyasətçi İlqar Məmmədovla Avropa Məhkəməsindəki işimiz barədə müzakirə aparmaq üçün həbsxanaya getdim. Mən ora Avropa Məhkəməsinin bir məktubu ilə yanaşı yalnız məhkəmə işinə dair sənədlər apardım. Həbsxana əməkdaşları bütün sənədləri nəzərdən keçirdi, baxmayaraq ki, mən onlara bunun üçün hüquqlarının olmadığını bildirdim. Cənab Məmmədovun yeganə vəkili hüququna malik olsam da, sənədləri nəzərdən keçirmələri üçün onlara icazə verdim. Lakin sənədlər əlimdən alındı və məhkəmə işi üzərində çalışa bilmədik.

Penitensiar Xidmətə və Kollegiyaya bu maneələri aradan qaldırmaları üçün etdiyim şikayət cavabsız qaldı. 2018-ci ilin iyun ayında Vəkillər Kollegiyasının Rəyasət Heyəti həbsxana başçısını təhqir etdiyimi və 2017-ci il dekabr ayında həbsxana əməkdaşlarına təzyiq etdiyimi iddia edən məktuba istinad edərək, mənə qarşı inzibati iş başlatdı. Təsadüfi deyil ki, mən Azərbaycanın ən böyük müxalifət partiyasının sədri cənab Əli Kərimlinin vəkili olanda da inzibati işə cəlb olundum.

Mənə dəstək vermək əvəzinə Rəyasət Heyəti məni bu işdə təqsirləndirdi,”- Fuad Ağayev vurğulayıb.

Vəkil Kollegiyanın üzvü Elçin Qəmbərovun keçmiş müvəkkili, insan hüquqları müdafiəçisi Leyla Yunus haqqında 2017-ci ildə kitabında məlumatlar dərc etməyə başlamasına da toxunub:

“Kitab öz aralarında olan söhbətlərdən və L.Yunusun məktublarından ibarətdir. Bir sözlə, hüquqi məxfilik öhdəliyi nədir? 2017-ci ilin dekabr ayında Qəmbərovun kitabı təqdim olundu. Kollegiyanın sədri Anar Bağırov bu tədbirdə iştirak etdi, Yunusu “ifşa etdiyi” üçün Qəmbərova təşəkkür etdi, onun davranışını əsl vəkillik kimi dəyərləndirdi və kitabda hüquq etikası ilə bağlı hər hansı bir pozuntuya yol verilmədiyini qeyd etdi.

Qəmbərov Kollegiyadan xaric olunmadı və ya töhmət almadı. Əksinə, tərifləndi və hazırda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

Hüquqşünasların peşəkar kollegiyaları peşə standartlarını və mədəniyyətini dəstəkləməkdə önəmli rol oynayır. Hökumət vəkillər və onların müştəriləri arasında peşəkar əlaqələr çərçivəsində keçən bütün danışıqlar və məsləhətləşmələrin gizli olduğunu bilməli, buna hörmət etməlidir.

Bu nümunəyə və bir çox digər nümunəyə əsasən Azərbaycanda vəkillərin peşə zəmanətinə və dözümlülüyünə, eyni zamanda müştərilərinin hüquqlarına hörmət və ehtiram göstəriləcəyini necə gözləmək olar?

Nəhayət, bəzi insan hüquqları vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsində qazandıqları işlərə görə kompensasiyanın yalnız bir hissəsini alıblar. Bir çox məhkəmə işinə görə hələ də kompensasiya ala bilməyiblər. Kompensasiya ödənməyən işlər adətən siyasi cəhətdən həssas sayılan işlərdir. 2018-ci ilin sonunda Azərbaycan höküməti bəzi hüquqşünaslara müəyyən məbləğlər ödəməyə başladı, lakin ödənişləri seçərək və qismən verir”.

Fuad Ağayev çıxışında bəzi tövsiyələr də verib:

  • Azərbaycan hakimiyyəti Vəkillər Kollegiyasının müstəqilliyini təmin etməli və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünasların mühüm rolu olduğunu bildirən və Vəkillər Kollegiyasının müstəqilliyini təsdiqləyən qərarlarını icra etməlidir
  • Beynəlxalq ictimaiyyət vəzifəsinə xitam verilmiş və inzibati işə cəlb olunmuş hüquqşünasların işini beynəlxalq standartlara uyğun olaraq qaldırılmalı və hakimiyyət orqanlarından hüquq müdafiəçilərinin, o cümlədən Asabəli Mustafayev, İntiqam Əliyevə və Ənnağı Hacıbəylinin ölkədən çıxışına qoyulan qadağanı ləğv etməsini tələb etməlidir.
  • Avropa İttifaqı və Avropa Şurası Kollegiyanın Rəyasət Heyəti ilə əməkdaşlığı dayandırmalıdır. Kollegiya müstəqil olaraq fəaliyyət göstərənə qədər yalnız fərdi hüquqşünaslarla əməkdaşlıq etməlidir.

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.