2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Avropa qeyri-qanuni miqrantları geri göndərir

1991-ci ildən başlayaraq, post-sovet ölkələri vətəndaşlarının Qərbi Avropaya axını sürətlənib.  Belə olan halda, Avropa İttifaqına üzv ölkələr daha çox qanunsuz miqrantların məskunlaşdığı ölkələr olduğuna görə həmin ölkələr gəlmələrin geri qaytarılması yollarını axtararaq bəzi ölkələrlə ikitərəfli müqavilələr bağlayıblar.
Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir.
Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması prosedurlarını müəyyənləşdirən razılaşmadır.
Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasında readmissiya ilə bağlı aparılan uzunmüddətli danışıqlar 28 fevral 2014-cü ildə sazişin imzalanması ilə nəticələnib. Sazişə əsasən, Avropa İttifaqına üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni  yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar tək hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir. Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı insan hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Avropaya gedən miqrantların sayı çoxalıb. Burada daha çox hərbi münaqişələrdən qaçmaq istəyənlər Avropa ölkələrinə üz tuturlar: “Bəzi hallarda qaçqınlıqdan istifadə edən və ya qaçqın statusu ala bilməyən insanlar var ki, onlar bu dalğanın içində ora üz tuturlar. Müəyyən bir müddətdən sonra qayıtmalı olurlar. Readmissiya qeyri-qanuni əsaslarla yaşayan insanlara şamil olunur. İnsanların ölkəyə qaytarılması həmin saziş çərçivəsində baş verir. Azərbaycanla Avropa İttifaqı arasında readmissiya sazişi imzalanıb. Bu saziş çərçivəsində artıq Azərbaycana qaytarılan qeyri-qanuni miqrantlar var. Belə şəxslərin hazırda ölkəyə qaytarılması prosesi gedir. Bununla bağlı müəyyən statistik rəqəmlər də var. Ancaq bəlli olan odur ki, Azərbaycanın da Avropa İttifaqının da bir nömrəli marağı həmin qaytarılan insanların cəmiyyətə reinteqrasiya olunması məsələsidir. Ki, burda həyatlarını davam etsinlər”.
A.Allahverənov deyir ki, readmissiya çərçivəsində Azərbaycana qaytarılan insanlar bura gəldikdə müəyyən problemlərlə üzləşirlər: “Məsələn, Almaniyada yaşamış şəxslərin övladları alman dilində təhsil alıblar. Onların Azərbaycanda təhsillərini davam etdirmələrində müəyyən problemlər var. Yaxud da Avropa Birliyinin müəyyən ölkəsində yaşamış hansısa tibbi problemləri olan şəxsin bütün müalicə, müayinə xərclərini yaşadığı ölkə qarşıladığından o Azərbaycana qayıda bilmir və ya burda problemlə qarşılaşır. Başqa bir misal, Avropa ölkələrindən birində yaşayan insan hansısa qeyri-qanuni şəkildə çalışaraq öz ailəsini dolandırmaq imkanına sahib idisə, Azərbaycana qaytarıldıqdan sonra o artıq işlə bağlı xoşagəlməz hal yaşayır. Digər tərəfdən, ölkədən mülkünü satıb gedən insanlar var. Onlar geri qaytarılan zaman harda məskunlaşması məsələsi gündəmə gəlir. Sadaladığım problemlər arasında sənəd məsələləri də ola bilər.  İstənilən halda qayıdan insanlar müəyyən problemlərlə üzləşirlər. Həmin problemlərin müəyyən bir qismi ayrı-ayrı icra orqanları tərəfindən həll olunur. Misal üçün, Dövlət Miqrasiya Xidmətinin üzərinə düşən məsələlər var ki, onlar özləri həll edirlər. Yaxud Dövlət sosial Müdafiə Fondu konkret şəxslərin təqaüd məsələlərini həll edir”.
Ekspertin fikrincə, ən qabarıq problemlər elə həmin şəxslərin yerləşməsi ilə bağlıdır. “Bu müəyyən problem yaradan məsələdir. Dövlət Miqrasiya Xidmətinin sığınacaqları var ki, orda müəyyən bir müddət ərzində qala bilirlər. İstənilən halda Azərbaycan hökuməti həmin şəxslərin problemlərinin həll olunması istiqamətində tədbirlər həyata keçirir. Ancaq bununla yanaşı arzuolunandır ki, Avropa İttifaqı bu məsələdə fəal olsun. Əgər Avropa İttifaqı üçün maraqlı olan onların qeyri-qanuni miqrantlardan azad olunmasıdırsa, Azərbaycan üçün də maraqlı olan qayıdanların buradakı problemlərinin məhz Avropa İttifaqı imkanları daxilində həll olunmasıdır. Bütün bunlar da müəyyən proqramlar çərçivəsində həyata keçirilməlidir. Həmin proqramlar isə hələlik qabarıq şəkildə özünü göstərmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button