2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Avropanı heyrətləndirən gürcü, Türkiyəyə “sürgün edilən” azərbaycanlı

Tahir Süleymanov: “İtirilən illər neçə-neçə futbolçu nəslini məhv edib”

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya İtaliyanın “Napoli” klubunda sərgilədiyi oyunla futbol dünyasını heyrətləndirməyə davam edir. Neapol şəhərinin təmsilçisi hazırda İtaliya çempionatında 65 xalla vahid liderdir, ən yaxın izləyicisi olan “İnter”i 15 xal qabaqlayır. “Napoli”nin mövsümün sonunda İtaliya çempionu olmasına ancaq qeyri-adi nəsə bir hadisə əngəl ola bilər. Komandanın bu cür uğurlu çıxışında isə gürcü balasının – Xviçanın böyük xidməti var. Həmin Xviçanın ki, vaxtı ilə atası – Badri Kvaratsxeliya Azərbaycan milli komandasının formasını geyinib, “Şəmkir”, “Kəpəz” kimi klublarda çıxış edib.

Artıq Xviçaya Avropanın nəhəng klublarının maraq göstərməsi barədə xarici mətbuatda məlumatlar dolaşır. Yəqin ki, 22 yaşlı gürcüstanlı yarımmüdafiəçinin inanılmaz, adamı heyrətləndirən oyununu, uğurlarını gördükcə azərbaycanlı futbol azarkeşlərinin ağlına “yaxşı, bizdən niyə bu səviyyədə futbolçu çıxmır” sualı gəlir. Bu sualdan sonra isə dönüb azərbaycanlı futbolçulara baxırsan, ən yaxşı nümunə kimi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda özünü göstərə bilmədiyi üçün Türkiyə “Konyaspor”una icarəyə göndərilən Mahir Emrelini görürsən. Vəssalam!

Saytların yığılması Saytlarin yigilmasi

Mövzu ilə bağlı Meydan TV-yə danışan keçmiş FİFA referisi, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov deyib ki, Azərbaycanda futbol istedadları hər zaman olub, bu gün də var:

Bu tipli mövzulara kompleks yanaşma mütləqdir. Səbəblər bir-iki deyil, çoxşaxəlidir. Mövcud yarıtmaz ümumi futbol idarəçiliyi, uşaq-gənclər futbolundakı bərbad durum, 200 min futbolçunun qeydiyyatdan keçirilib kağız üzərində “yetişdirilməsi”, futbol təhsili, əksər klublarda bu sahəyə diqqətin lazımı səviyyədə olmaması, mental dəyərlər, hər bir futbolçunun fərdi keyfiyyətləri, xarakteri, prinsipiallığı və s. amillər önəmlidir“.

İlk öncə xüsusi vurğulanmalıdır, Azərbaycanda istedadlar hər zaman olub, bu gün də yox deyil. Ötən əsrin 50-ci illərindən müstəqillik dövrümüzə kimi saysız-hesabsız futbolçularımız legioner həyatı yaşayıb, güclü klublarda, liqalarda, müxtəlif komandalarda çıxış ediblər. Ələkbər Məmmədov, Valeri Hacıyev, Vitali Şevçenko, Rafiq Əlizadə, Yuri Romenski, İsgəndər Cavadov, İqor Ponomaryov, Vəli Qasımov, Nazim Süleymanov… 20-25 il öncədən başlayaraq futbolçularımız Türkiyəyə, Rusiyaya, Ukraynaya, İsrailə, İrana transfer olunurdular, günümüzdə isə əksi baş verir… Yunis Hüseynov, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Dmitri Kramarenko, Şahin Diniyev, Arif Əsədov, Jidkov, Vladislav Qədirov, Kamal Quliyev, Ramiz Məmmədov, Tərlan Əhmədov, Samir Əliyev, Mahmud Qurbanov, Cahangir Həsənzadə, Kənan Kərimov, Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov, Araz Abdullayev… Siyahını davam etdirmək də olar, adlarını çəkmədiyim futbolçular üzürlü saysınlar”, – futbol mütəxəssisi deyib.

Tahir Süleymanov. Foto: “sputnik”

Süleymanov bildirib ki, İtaliyada uğurlu çıxış edən Kvaratsxeliyadan fərqli olaraq, Mahir Emrelinin Xorvatiya çempionatında özünü göstərə bilməməsinin əsas günahkarı özü və çevrəsidir:

İndi nəinki legioner həyatı yaşayan, daxili çempionatda çıxış edən 10 komandaya səviyyəli yerli futbolçu tapılmır. İllər itirilib, vəziyyətin bu hala gəlib çatmasının səbəblərini hər kəsə bəllidir. Futboldakı xaos, sistemsizlik, naşı idarəetmə. Hər dəfə “futbolçu yoxdur”, “uşaq futbolu” deməklə futbolçu yetişmir. Futbol təsərrüfatı işlək mexanizm, konveyer kimi çalışmalıdır. Azərbaycan azarkeşi çox tələbkardır və keyfiyyətli futbol, yetkin futbolçu görmək istəyir. Bunu futbola cavabdehlər, bu sahədə aktiv fəaliyyətdə olanlar təmin etməlidirlər“.

Tahir Süleymanov hesab edir ki, hətta müəyyən bacarıq olsa belə, məğlub psixologiya, ölkə futbolunda cərəyan edən yanaşma ilə Avropa yolu gedilə bilməz:

Gürcü futbolçunun atası Badri Kvaratsxeliya uzun müddət Azərbaycan çempionatında çıxış edib, övladı da yuxarı-aşağı oxşar mühitdə böyüyüb, Gürcüstan, Rusiya klublarında inkişaf edib. Futbolda dərin təhlillər aparılmalı, ictimaiyyətlə əlaqə yüksək səviyyədə qurulmalı, dolğun və düzgün istiqamətdə maarifləndirici işlər görülməlidir. Azərbaycanda peşəkar futbolla həvəskar düşüncə arasında sədd çoxdan aradan götürülüb. Bu, futbol faciəsidir!

Yaxın illərə kimi Almaniya Bundesliqasında çıxış edən yerli futbolçuların 50 faizi akademiyalardan, bir o qədəri də futbola daha gec, 12-13 yaşında gələnlər təşkil edirdilər. Məsələ köklü araşdırılırdı. Cavab birdir: böyük futbolu istedadlar, əzmkarlar, əziyyətə qatılanlar, dözənlər, qarşılarına məqsəd qoyanlar oynayır. Sistem çalışanda, doğru yol tutulanda futbol rejiminə, yaxşı mühitə düşmək də asanlaşır“, – Süleymanov vurğulayıb.

Onun fikrincə, hər kənddə, rayonda akademiyaların inşası, fəaliyyəti mümkünsüzdür:

Sadio Mane 15 yaşına kimi kənddə top qovub, kasıb ailədə böyüyüb, ilk dəfə baxışdan keçəndə ayağında düz-əməlli butsusu, əynində normal forması olmayıb. Fədakarlıq, qarşıya qoyulan məqsəd pillə-pillə zirvələrə yol açıb. Məhəmməd Salah ilk sınaqda bəyənilməyib, yeniyetmə yaşlarında sınmayıb, min əziyyətə qatılıb, hər gün məşqə getmək üçün 3-4 saat vaxt sərf edib. Bu futbolçular birdən birə “Liverpul”, “Bayern” səviyyəsinə çatmayıblar, tramplin klublardan keçərək yüksəliblər. Belə misalları çox gətirmək olar.

Son illər ən üzdə olan legioner futbolçumuz, “Bakı”nın yetirməsi, “Sabahın ulduzları” yarışından çıxan, “Qarabağ”da parlayan Mahir Emreli üzərində dayanaq. Emreli Polşada fantastik başlanğıca imza atdı, “Legiya”nı avrokuboklarda qruplara daşıdı. Sonra nə baş verdi? Çempionatda qol susqunluğunu analiz etmək əvəzinə, “uşaqlıqdan burada yetişsəydim” fikirləri dolaşmağa başladı. Azərbaycan uşaq futbolunun durumu bəllidir, bununla yanaşı, Mahir Mane kimi 15 yaşa qədər şəraitsizlikdən kənddə böyüməmişdi, hər bir şəraiti olan “Bakı” akademiyasında yetişmişdi, Avropa klublarında təcrübədən keçmişdi“.

Gənc yaşlarında futbolçu fərqli fikirə düşə bilər, bu problem deyil. Ətrafı, ona yaxın olanlar bunları izah etməli, güc futboluna üstünlük verilən Polşada texniki imkanlara malik futbolçumuzun parlaması üçün daha əlverişli şəraitin olması izah edilməli idi. Mahir “Legiya”da 5-6 aydan, bir ildən sonra parlamadı, Azərbaycandan hazır vəziyyətdə gedərək dərhal özünü göstərdi. Xorvatiyada bu tipli futbolçular kifayət qədərdir və çətin olacağı öncədən də bilinirdi. Kvaratsxeliyanın Niderland, Portuqaliya, hətta Belçika çempionatında özünü göstərməsi daha çətin olardı. Güclü İtaliya çempionatı gürcü futbolçunun oynaması, daha da inkişaf etməsi üçün tam uyğun məkandır. Eynilə Namik Ələsgərov da qeyd edilə bilər. “Neftçi”də ən uğurlu mövsümdən sonra Türkiyənin aşağı liqasına üz tutmaq və geri – “Sabah”a dönmək heç də uğurlu addım deyildi. İnanaq ki, Mahir Emreli Türkiyə Super liqasında özünü ən yaxşı tərəfdən göstərə biləcək”, – Tahir Süleymanov deyib.

Mahir Emreli. Foto: komanda.az””

Tahir Süleymanovun dediyinə görə, Azərbaycanda futbol idarəçiliyi düzələndən, futbola baxışlar dəyişəndən sonra azərbaycanlı futbolçuların da Avropa klublarına yolları açılacaq.

Onun fikrincə, futbolda dəqiq diaqnozların qoyulmaması ilə yanaşı, mental dəyərlər də öz mənfi təsirini göstərir. İstedadlı futbolçulara bir çox hallarda “çörək ağacı” kimi baxılır və onların xaricə üz tutmaları ətrafa sərf etmir, uzaq düşmələri istənilmir:

Futbolçuların belə “qorunması” onların irəliləməsinin qarşısını alır, böyük hədəflərdən yayındırır, hərtərəfli inkişafa əngəl törədir. Baxmayaraq ki, düzgün istiqamət götürülsə, istər karyera, istərsə, maddi anlamda daha çox fayda verilə bilər. Təəssüf ki, belə düşüncə ilə azərbaycanlı futbolçulara xaricdə inam günü-gündən azalır. Futbolçularımıza şans yaradılır, qarşılığı verilməyəndə münasibət dəyişir, gələcək nəsillərə də mənfi təsirini göstərir. Dönüşün yaradılması üçün istedadlarımızdan azı bir-iki futbolçu legioner həyatı yaşayaraq öz klublarında parlamalıdırlar ki, Azərbaycandan olan futbolçulara inam qayıtsın, çoxalsın. Münbit şərait də yaranıb, ölkə çempionatından artıq 5 milyon avroya futbolçu satılır. Yerlilər isə əksər hallarda havayı buraxılır, təki inkişaf etsinlər, futbol oynasınlar, digərlərinin də yolunu açsınlar. Hələ ki, bəlli, müxtəlif səbəblərdən istənilən nəticə verilmir“.

Süleymanov deyir ki, karyeralarını bitirmiş futbolçularımız da vaxtilə çox səhv etdiklərini dəfələrlə vurğulayıblar:

Bu günlərdə AFFA-nın Hesabat Konfransı keçirildi, İcraiyyə Komitəsi qərarlar qəbul etdi. Son 15 ildə uşaq-gənclər futboluna dair ən uğurlu iki layihə mövcud idi. 2006-cı ildən keçirilən “Sabahın ulduzları” və 2008/2009-cu mövsümdən əvəzedicilərin yarışları. Biri qayğısızlıqdan və məqsədli olaraq tarixin yaddaşına köçürülüb, digəri isə beş il öncə ləğv edilərək birinci diviziona “sürgün edilmişdi”. İllər sonra geridönüş edilir, əvəzedicilərin yarışının yenidən ayrıca keçirilməsi qərarı verilir. Ən acınacaqlısı, ləğv-bərpa qərarını verənlər eyni insanlardır. Futbolda bir il beş ilə bərabərdir. İtirilən illər neçə-neçə futbolçu nəslini məhv edib. Dağıdıcı fəaliyyətə görə heç kim məsuliyyət daşımır. Müzakirələr isə “niyə xaricdə futbolçularımız oynamır” sualıdır. Oynamaları üçün ilk öncə futbola münasibət dəyişməli, beyinlər yenilənməlidir. Yağışdan çıxıb yağmura düşməmək şərtilə…“, – mütəxəssis vurğulayıb.

Tahir Süleymanov deyib ki, hələ 2030-cu ilə kimi FİFA, UEFA-nın yardımları ilə bölgələrdə stadionlar, bazalar, akademiyaların inşası “plan”ı nəzərdən keçirilir. 30-40 milyon dollara başa gəlmiş “Bakı”nın stadion-bazası isə viranə qoyulur, tarixin yaddaşına köçür. Əla infrastrukturu olan “Qəbələ” akademiyası can verir:

Müasir tələblərə uyğun, bu illər ərzində ərsəyə gətirilmiş Lənkəran, Yevlax, İmişli, Zaqatala stadionları böyük futbolsuz qalıb. 20 ilə yaxındır eyni adamlar futbola rəhbərlik edirlər. Cavabdehlərin vəzifə illərində dünyaya gəlmiş uşaqların artıq 19-20 yaşları var. Vaxtilə Türkiyədə İlqar Qurbanov, Almaniyada Renat Dadaşov, Rusiyada Vaqif Cavadov, Emin Mahmudov, Ramil Şeydayev və digərləri yetişə bilir, hələ olmazın rəqabətdən keçib, o ölkələrin gənclər yığmasına kimi gedib çıxanlar da olur, Azərbaycanda isə azərbaycanlı futbolçu yetişmir. Nə vaxt ümumi futbol idarəçiliyi düzələcək, həqiqi futbol strategiyası müəyyənləşdiriləcək, futbolu bilənlər, vətəni, xalqı sevənlər cavabdehlik daşıyacaq, o vaxt futbol da dirçələcək, Avropa klublarında istedadlarımız da çıxış edəcək. Hələ 2024-cü il qarşıdadır, futbolda seçki ilidir. AFFA-ya iddialı olanların kabinet döyüşləri, Parisdən daha böyük iddialarla geri dönmək istəyənlərin futbol davaları qabaqdadır…”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button