Loading...
Loading...
Xəbərlər

Avtomobil park etmə qaydalarının pozulmasına görə cərimələr iki dəfə arta bilər

Bakı/25.01.22 Azərbaycanda dayanma, durma, parklanma qaydaların pozulmasına görə cərimələrin artırılması və yeni cərimələrin tədbiq edilməsi təklif olunur.

Bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsində müzakirə olunacaq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində öz əksini tapıb.

Cərimələrin ikiqat artırılması təklif olunur.

Bununla belə, artıq illərdir ki, sürücülər parklanma yerlərinin az olmasından və baha olmasından şikayət edirlər.

Belə olan halda, cərimələrin artırılması nə dərəcədə doğrudur? Digər tərəfdən isə bahalaşan neft fonunda rüsumların, kommunal xidmətlərin ardınca cərimələrin də artırılmasına niyə gedilir?

Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yalnız yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.

Milli Məclisin deputatı Fazil Mustafa Turan-a bildirib ki, cərimələrin artırılması vətəndaşa kifayət qədər ciddi zərbə vurmaq və vətəndaşı narazı salmaq üçün düşünülmüş bir yoldur. “Bu cərimələri niyə artırırsan? Onsuz da, indiki cərimələr də çoxdur. Onsuz da, bu insanların maaşı, pensiyası azdır. İndi maşın sürür deyə, cəhənnəm əzabı çəkməlidir? Tamamilə yanlış bir şeydir”.

O hesab edir ki, vətəndaşı bu qədər yükləmək olmaz. “Əhalinin xeyli hissəsi maşın sürür. İndi bu adamlar nə etsin ki, parklanma yeri yoxdur, yaxud da yollar dardır? Vaxtında yollar da normal çəkilməyib. Buna görə hər dəfə cərimələri 20, 30, 40 manat artırmaq lazımdır? Bu, vətəndaşı dövlətdən narazı salmaq üçün düşünülmüş bir metoddur”.

Deputat qeyd edib ki, əvvəl alternativ parkinq yerləri yaratmaq lazımdır. “Yalnız bundan sonra vətəndaşlardan parklanma yerindən kənar maşın saxlanmasına görə nəsə tələb etmək olar. Hesab edirəm ki, cərimələrin artırılmasına getmək olmaz. Bu, elə çörəyin qiymətlərinin artırılması kimi bir şeydir”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, layihədə bütün cərimələrin artırılması nəzərdə tutulmur. “Dayanma-durma qaydaların pozulmasının 20-30 variantı var. Hazırda bunların hamısına 20 manat cərimə var, yalnız avtobus dayanacaq yerində durmaq 40 manatdır. Son layihədə isə 3 variantda dayanma-durma qaydalarının pozulmasına görə cərimələr artırılır. İkinci, üçüncü və sonrakı cərgələrdə dayanmaq, səkidə, yol ayrıcında dayanmağa görə cərimələr 40 manata artırılır. Bundan başqa, parklanma üsuluna görə və əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerində digər nəqliyyat vasitələrin saxlanmasına görə də cərimələr 10 manatdan 20 manata qaldırılır”.

Ekspert qeyd edib ki, ölkədə həm parklanma yerlərinin təşkili ilə bağlı, həm də dayanma-durma yerlərinin müəyyən edilməsi ilə bağlı ciddi problemlər var. “Bakıda son vaxtlar dayanma qadağan edilən yerlərin sayı artıb, nişanların sayı çoxalıb. Bu, düzgün yanaşma deyil və belə olan halda cərimələrin artırılması çoxlu mübahisələr yaradacaq”.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Onun fikrincə, dayanmanın qadağan edildiyi yerlərin sayı artdığı halda şəhərin yol-nəqliyyat infrastrukturunda heç bir dəyişiklik baş vermir. “Dünyanın inkişaf etmiş bəzi ölkələrində ictimai nəqliyyatı mükəmmələşdirirlər. Yəni hər yerdə avtobus marşrutları, tramvay xəttləri var, metro stansiyaları çoxdur, velosiped zolaqları çəkirlər, səkiləri yaxşılaşdırırlar. Belə olan halda şəhərin mərkəzində dayanma-durmanı qadağan etmək olar. Bakıda isə bunların heç biri baş vermir, tramvay yoxdur, velosiped zolaqları yox səviyyəsindədir, metro stansiyaların sayı artmır. Belə olan yerdə dayanma-durmanı qadağan etmək düzgün deyil”.

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, belə qərarlar bir neçə marağın kombinasiyası nəticəsində ortaya çıxır. “Neftin qiymətinin artmasının hökümətin gəlirlərinə təsiri olsa da, bəzi hallarda onların gəlirlərinə birbaşa təsiri yoxdur. “Neftin qiymətinin birbaşa olaraq il ərzində büdcə gəlirlərinə təsiri çox azdır. Bu, yalnız neft sektorundan toplanan vergilərdən daxilolmalar hesabına formalaşan mənbədir. Digər hissəsi Neft Fonduna yönləndirilir. Buna görə də bu gün neft qiymətlərinin qalxıb-qalxmamasının cərimələrlə bağlı qərarın müzakirəyə çıxarılmasına birbaşa təsiri yoxdur”.

Onun fikrincə, burada xidmət göstərən qurumlar çalışır ki, öz maliyyə təminatını gücləndirsin. “İkincisi isə, ola bilsin ki, həmin cərimələrin artırılması çəkindirici xarakter daşıyır ki, bir daha bu pozuntular baş verməsin. Burada digər maraqlar da ola bilər. Büdcə inflyasiyaya gedir, qurumların saxlanma xərcləri artır, əmək fonduna əlavə artımlar nəzərdə tutulub və bunların hamısını maliyyələşdirmək lazımdır. Maliyyələşdirmə isə daha çox digər mənbələrdən toplanan gəlirlər hesabına həyata keçirilir”. -0-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button