ÖLKƏ

AXCP fəalına Səbail polisində ağır işgəncə verilib

“Qolumu arxadan qandallayıb döydülər, yerə yıxıb təpiklədilər, qarnımın üstünə oturub partlatdılar, başımı yardılar…”

Yanvarın 13-dən həbsdə olan AXCP fəalı Əlizamin Salayev polis idarəsində işgəncəyə məruz qaldıb. Bu barədə onun özü oğlu vasitəsilə ictimailəşdirdiyi məktubunda yazıb. Oğlu Oqtay Salayev atasının məktubunu Meydan TV-yə verib və onu da deyib ki, atası ilə görüşünə icazə verilməyib.

Ə.Salayev isə məktubunda yazıb ki, yanvarın 13-də Səbail Rayon Məhkəməsində onun haqqında 30 sutkalıq həbs qərarı çıxarılandan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə qaytarıblar:

“İkinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, “döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, “başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimin hər yeri xəsarətdir. Sonra məni Səbail Rayon Polis İdarəsinin rəisinin otağına apardılar. O, məni nalayiq söyüşlərlə təhqir etdi, vurdu, sonra da dedi ki, “aparın “podvala”, sındırın”. Məni “podvala” düşürdülər. Rəisin üç müavini və əməliyyat qrupu paltarlarımı soyundurdular. Lüt formada, videokamera ilə çəkilişlə tualeti və yeri yumağa məcbur etmək istədilər. İmtina elədim. Dizlərim üstdə yerə oturmağa məcbur elədilər. Etiraz elədim, qoluma arxadan qandal vurub, döyməyə başladılar. Qarnımın üstündə oturub, partlatdılar. Başımı da partladıblar. Gecə saat 12 radələrində məni inzibati həbs yerinə gətirdilər”.

Oğlunun sözlərinə görə, Ə.Salayevin qarnında yırtıq partlayıb, durumu o qədər ağır olub ki, polislər onu xəstəxanaya aparmağa məcbur olublar: “Orada “qrıja” partlamasına görə həkimlər əməliyyat eləmək istəyib. Polislər qoymayıb, deyiblər ki, “ilkin tibbi yardım göstərin, kifayətdir”.

Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyərkən polislər gəlib aparıb. 8-ci polis bölməsində onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat cərimələyiblər, Ə.Salayev isə həbs olunub: “Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”.

AXCP Ə.Salayevin sifarişlə həbs olunduğunu bildirir. Çünki Ə.Salayev həbsindən bir neçə gün əvvəl “Youtube” kanalında Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu videoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüzdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona “qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?” deyə cavab verirdi.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close