2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP üzvü: “Təhsil Nazirliyi övladımı məktəbə götürmür”

“Azərbaycan Respublikası Təhsil Nazirliyi övladımı məktəbə götürmür”.

Övladını yeni tədris ilində birinci sinfə göndərmək istəyən valideyn Bəxtiyar İmanov “Toplum TV”-yə belə deyir.

Bəxtiyar İmanov 

Saytların yığılması Saytlarin yigilmasi

Onun ilk övladı Bakının Suraxanı rayonu Ramana qəsəbəsində yerləşən Qubadlı rayon Qaralar kənd orta məktəbində təhsil aldığından kişik uşağını da eyni məktəbə qoymağı düşünür. Ancaq yeni tədris ilinin başlanmasına bir neçə həftə qalmasına baxmayaraq valideyn hələ də övladını məktəbdə qeydiyyatdan keçirə bilməyib.

Qaralar kənd orta məktəbi məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulduğundan nazirlik ailəyə yaxınlıqdakı 316 saylı məktəbi seçməyi təklif edib.

Bu qərarla razılaşmayan B.İmanov sual edir ki, əgər məktəb məcburi köçkünlər üçün nəzərdə tutulubsa, bəs necə olur digər övladı adı çəkilən məktəbdə təhsil alır?

“Böyük övladım bu məktəbdə 5-ci sinifə keçir, kiçik övladım isə ora götürülmür. Üstəlik Qaralar kənd orta məktəbində 1-ci sinifə 14 nəfər şagird götürülüb, yəni yer məhdud deyil”.

Nazirliyin izahı – yerli şagird köçkün məktəbinə hansı halda qəbul edilə bilər

O, son iki ayda Təhsil Nazirliyinə dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilmədiyini söyləyir: “Dəfələrlə “qaynar xətt”ə (146 nömrəsi), nazirliyin “Feysbuk”səhifəsinin mesaj qutusuna, nazirin “Tvitter” hesabına, “Votsap” nömrəsinə baş vursam da, cavab verilməyib. Təkcə göndərdiyim məktuba cavab almışam, o cavab da qanuna ziddir”.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev ailənin ərizə məktubuna imtina cavabı verib.

“Təhsil Nazirliyinin 2015-ci ildə 46-14-1127/16 saylı təimatının tələblərinə əsasən məcburi köçkün məktəblərinə yerli şagirdlərin qəbuluna həmin müəssisədən 2 km-dək məsafədə yerli məktəb fəlaiyyət göstərmədiyi halda icazə verilir. Qubadlı rayonu Qaralar kənd orta məktəbindən 500 m məsafədə Bakı şəhəri 316 saylı tam orta məktəbin fəaliyyət göstərdiyini nəzərə alaraq, müraciətinizin təmin edilməsi imkan xaricindədir”.

Hazırda problemini ictimailəşdirən Bəxtiyar İmanovsa deyir ki, yaşadığı ünvana ən yaxın məktəbdə, həm də öz qardaşı ilə birlikdə oxumaq övladının haqqıdır. 

O, hökümətdən bu haqqın təmin edilməsini istəyir.

Cəsarət Valehov: “Bir neçə il qabaq fərqli qaydalar olub, indi onlar dəyişib”
 

Təhsil Nazirliyinin İctimaiyyətlər Əlaqələr sektorunun müdiri Cəsarət Valehovsa “Toplum TV”-yə cavabında valideynin bu qərarla razılaşmalı olduğunu bildirib: “Rəşad Tağıyev belə deyibsə demək ki, qərar belədir. Valideynsə ona verilən rəsmi cavaba etiraz edir. Bir neçə il qabaq fərqli qaydalar olub, indi onlar dəyişib. Etiraz etmək valideynin haqqıdır. Bilmirəm, birinci uşaq ora necə, hansı halda qəbul olunub. Amma indi belədir ki, ərazidə digər məktəb varsa, şagird orda təhsil almalıdır”.

“Ona görə də indi bu statusda olan məktəblərə məcburi köçkün olmayanların getməməsinə xüsusi diqqət edilir”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilovsa deyir ki, ailənin ilk uşağının məcburi köçkün məktəbinə qəbul edilməsi səhv addımdır. Amma bununla belə hesab edir ki, istisna hal kimi ikinci uşağı da eyni məktəbə götürə bilərlər: “Bir vaxtlar məktəblər ərazi üzrə idi. Kim hansı küçədə, kənddə yaşayırdısa orda da məktəbə gedirdi. Sonra insanlara müstəqillik verildi, kim hansı məktəbi seçirdi orada da oxuyurdu. Son zamanlar qəbul edilən qaydalara görə, birinci siniflərə gedəcək şagirdlərin qəbulu ərazi üzrə gedir. O qaydalarda belə bir şərt də var ki, məktəbdə boş yer qalıbsa, onda kənardan şagird götürülə bilər”.

Təhsil eksperti yaranmış ziddiyyətli situasiyanı belə izah edir: “Bir vaxtlar həm Bakıdan olanlar, həm də rayondan olanlar uşaqlarının adını qaçqın məktəbinə yazdırırdı. Nəticədə şagirdlər dərslərə deyil, repititor yanına gedirdi. Ona görə də indi bu statusda olan məktəblərə məcburi köçkün olmayanların getməməsinə xüsusi diqqət edilir. Yəni məcburi köçkün uşaqları istədiyi məktəbdə oxuya bilər, amma yerli uşaqların məcburi köçkün məktəbində oxumasına icazə verilmir. İndi Qarabağ məsələsi də gündəmdə olduğu üçün məktəblərin köçürülməsi, yenilərinin tikilməsi nəzərdə tutulub. Ona görə də hazırda bu kimi məslələr ciddi nəzarətdədir”.

“İstinad etmək üçün hüquqi normativ sənəd yoxdur”

Başqa bir təhsil eksperti Elşən Qafarovsa yaranmış durmun əcaib olduğunu düşünür: “Məcburi köçkün statusu olan məktəblərdə “yerli” şagirdlər oxuya bilməz. Yanaşmaya baxın, məktəbləri yerli və məcburi köçkünlərə bölmüşük”.

Elşən Qafarov da hesab edir ki, valideynin bir övladı eyni məktəbdə oxuduğundan ikincini də ora yollamaq onun hüququdur. Ekspert istinad üçün hüquqi normativ sənədin olmamasına diqqət çəkir.

“Bu qondarma, hüquqi əsası olmayan təlimat nazirliyin 2015-ci ildə verdiyi qərardan irəli gəlib. Qaydaları özləri belə qoyublar. Real olaraq istinad etmək üçün heç bir hüquqi normativ sənəd yoxdur”, – deyə ekspert bildirir.

Təhsil haqqında qanuna görə, təhsilalanların hüquq və vəzifələrinə təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək də daxildir. Hazırda İmanovlar ailəsi də təhsil müəssisəsini seçmək hüququnun təmin edilməsini istəyir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button