Now Reading:
“Axıradək gedəcəm, başladığım işi axıra çatdırmağa öyrənmişəm”

“Axıradək gedəcəm, başladığım işi axıra çatdırmağa öyrənmişəm”

Anar Bağırov Adil İsmayılov

Vəkillər Kollegiyasının sədri Anar Bağırov və vəkil Adil İsmayılovun Amerikanın Səsinə müsahibələri

Azərbaycan Vəkillər Kollegiyası vəkil Adil İsmayılovla bağlı intizam icraatına başlayıb. Bu vəkil İsmayılovun Vəkillər Kollegiyasına suallar ünvanlamasından və sosial şəbəkələrdə tənqidi müzakirələrindən sonraya təsadüf edir. Belə ki, vəkil Adil İsmayılov aşağıdakı suallara cavab istəyib, Vəkillər Kollegiyasının Rəsyasət Heyətinin sədri Anar Bağırov isə ona cavab verib.

Martın 7-də “Adil İsmayılov və partnyorları” vəkil bürosunun vəkili Adil İsmayılov Facebook səhifəsində yazıb ki, rəsmi qaydada öz adından Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırova müraciət edərək aşağıdakı suallara cavab verməsini xahiş edib.

“1. Son 5 ildə VK-ya cəmi nə qədər və hansı mənbələrdən vəsait daxil olmuşdur?

2. Hazırda VK-nın hesabında nə qədər vəsait var?

3. VK-nın sabiq sədri rəhmətlik Azər Tağıyev istefa verdikdən sonra VK-nın hesabında nə qədər vəsait qalmışdır?

4. VK Rəyasət Heyətinin icarəyə götürdüyü C.Hacıbəyli küçəsi,100 ünvanında yerləşən ofis binasının sahibi kimdir?

5. Həmin bina üçün VK aylıq nə qədər icarə haqqı ödəyir? İndiyə kimi cəmi nə qədər icarə haqqı ödənilib?

6. Prezidentin məlum fərmanından sonra dövlət tərəfindən vəkilliyin inkişafı üçün nə qədər vəsait ayrılıb və həmin vəsait hara xərclənib?

7. VK-nın nəzdində olan (?) vəkil qurumlarından hansına, nə qədər vəsait ayrılmışdır?

Ümidvaram ki, sorğuya diqqətlə və qərəzsiz yanaşacaqsınız və qısa müddət ərzində dolğun cavab verəcəksiniz. Cavablarınızın əlavə suallar yaratmayacağı və bütün şaiyələrə son qoyacağı ümidi ilə,” İsmayılov yazıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə Facebook səhifəsində yazır ki, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqda davam edirlər.

“Əvvəl yaydıqları guya Vəkillər Kollegiyasının hazırki binasının Rəyasət Heyətinin rəhbərliyinə məxsusluğu haqda, keçmiş rəhbərlikdən 1 mln pulun qalması və mənimsənilməsi, israf olunması, 12 saylı Vəkil Bürosunun Rəyasət Heyətinin hesabına təmiri haqda yalanlara əlavə olaraq 12 saylı Vəkil Bürosunun binasının əvvəllər Vəkillər Kollegiyasına məxsus olması sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə də yeni yalan xəbərlər paylaşırlar. Bizim heç kəsdən heç bir sirrimiz yoxdur, ola da bilməz. Vəkillərimiz bilir ki, istənilən suala VK Rəyasət Heyətində dərhal yerindəcə cavab verilir, mövzunu sosial şəbəkədə şouya çevirmək isə böhtançıların arzusu və məqsədidir.

Bu adamların məqsədləri bizə tam aydındır:

1. Apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. Rəyasət Heyətini ləkələmək, əsassız olaraq cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. Özlərini “mübariz” şəxs kimi sırımaq;

4. Vəkillikdə konflikt yaratmaq və s.

Əlbir olduqları adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən ssenari hazırlanıb, bizim uğurlu fəaliyyətimizi durdurmaq əsas hədəflərindəndir.

Ancaq bunlar bir şeyi bilməlidirlər: Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək,” Anar Bağırov Facebook səhifəsində yazıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və vəkil Adil İsmayılov Amerikanın Səsinə müsahibəsində mübahisənin səbəblərindən danışıb.

“Vəkil Adil İsmayılovla bağlı intizam icraatına başlanılması ilə bağlı xəbərlər doğrudur. Bununla bağlı rəsmi bəyanat vermişik. Vəkillər Kollegiyası haqqında təhqir, uydurma və yalan məlumatlar yayılması, cinayətdə ittiham etməsi, vəkilləri təhqir etməsi faktları var. Bununla bağlı vəkillər tərəfindən edilən şikayətlər var. Biz də bununla bağlı intizam icraatına başlamışıq. Eyni zamanda başqa vəkillə bağlı da icraat var.”

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib.

O eyni zamanda deyib ki, icraatın başlanılması kollegiya ilə bağlı məsələ deyil.

“Vəkili təhqir edib. Vəkil də şikayət edib. Biz də onunla bağlı icraata başlamışıq,” Bağırov qeyd edib.

Rəyasət Heyətinin sədri vəkil Adil İsmayılovun sosial şəbəkələrdə ona ünvanladığı suallarla bağlı bildirib ki, bu barədə geniş danışmaq istəmir.

“Suallarla bağlı Rəyasət Heyətinin bəyanatı var. Orada ətraflı yazılıb,” o deyib.

Anar Bağırov müsahibəsində bildirib ki, sosial şəbəkələrdə yazılanlar yalan və uydurmadır.

“Vəkil nə isə öyrənmək istəyirdisə gəlib əvvəlcə öyrənərdi, suallara cavab tapardı, ondan sonra məsələni ictimailəşdirərdi. Burada durub nağara çalmazlar. Bilirsiniz, əvvəlcə başlayır Facebook-da suallar verməyə, özü uydurduğu şayiələr yaymağa, sonra, bir aydan sonra kollegiyaya müraciət edir. Fevralın 12-dən başlayır yazmağa, bir aydan sonra müraciət edir. Bu nə qədər düzdür?”, o sual edir.

Onun fikrincə, Facebook-da yazılanlar `qarayaxma kampaniyasıdır.`

Bağırov deyib ki, kollegiya vəkilliyin nüfuzunu artırmaq istədiyi bir vaxtda vəkilin təmsil olunduğu qurum, qanuni seçilmiş Rəyasət Heyəti haqqında uydurma məlumatlar yayması, olan-olmazı paylaşması, bu, olan iş deyil.

“Hansı peşələrdə, o peşə sahibləri öz qurumunu… Siz hansı radioda işləyirsiniz? Amerikanın Səsində. Siz Amerikanın Səsi radiosunun müxbiri kimi, götürüb Facebook vasitəsi ilə Amerikanın Səsinin baş redaktoruna, müdiriyyətinə, rəhbərliyinə bu cür suallar ünvanlayırsınız ki, bəs mən eşitmişəm ki, siz nə bilim, Amerikanın Səsinin büdcəsinin başına daş qoyubsunuz. Götürüb özünüz-özünüzə bina icarəyə veribsiniz. Nə bilim, götürüb filan işlər görübsünüz. Amerikanın Səsinin pulunu götürüb filan yerlərə sərf edibsiniz. Gətirin hesabat verin. Axı, gülməli gəlir. Bəlkə də ürəyinizdə gülürsünüz ki, bəs vəkil niyə belə şey etməlidir. Yaxşı, yaxşı ən iyrənc şeylər vəkillikdə olmalıdır? Başa düşmürəm. Bizdə, sadəcə olaraq vəkillikdə etik davranış qaydalarına əhəmiyyət verilmir, halbuki başqa ölkələrdə buna çox ciddi əhəmiyyət verilir,” o qeyd edib.

Bağırov Vəkillər Kolegiyasının Adil İsmayılovun yazdıqları ilə barışmayacağını bildirib.

“Bu böhtandır. Böhtanı Adil İsmayılov irəli sürüb və bu səbəbdən də yazdıqlarını sübut etməlidir,” Rəyasət Heyətinin sədri qeyd edib.

Vəkil Adil İsmayılov Amerikanın Səsinə müsahibəsində deyib ki, onunla bağlı Vəkillər Kollegiyasında intizam icraatına başlamasına səbəb kimi vəkillərdən kiminsə şikayət etməsinin olduğunu təxmin edir.

O, Vəkillər Kollegiyasına ünvanladığı suallara hələ cavab ala bilmədiyini deyib.

“Suallarımı birinci olaraq sosial şəbəkələr vasitəsi ilə ünvanladım. Suallara cavab verilmədi və belə deyirdilər ki, rəsmi müraciət olunmalıdır. Mən də onların tövsiyyəsini nəzərə alıb rəsmi müraciət də etdim. Hələ ki, rəsmi müraciətimə də cavab almamışam. İndi kollegiyada onu dəqiqləşdirəcəm ki, mənə cavab verəcəklər ya yox.”

Adil İsmayılov Vəkillər Kollegiyasının həm üzvü, həm də təsisçilərindən olduğunu deyib.

“Haqqım çatır ki, məndən alınan üzvülük haqqı, sığorta pulu, başqa pullar da alırlar, bu pulların hara xərclənməsini öyrənmək üçün sual verim. Eyni zamanda prezidentin 23 fevral 2018-ci il tarixli sərəncamı var. Sərəncamda vəkilliklə bağlı bəzi məsələlər var, o cümlədən vəkillyin maddi-texniki bazasının yüksəldilməsi məsələsi var. Buna görə də vəkilliyə vəsait ayrılıb. Deyilənlərə görə, bir milyon manat da ora ayrılıb. Vəkillərin oturduqları binaların təmirinə, vəkillər üçün müəyyən avadanlıqların alınmasına, texniki avadanlıqlardır və sairə. Bu pullar hara xərclənir, onu bilmək istəyirdim. Yəni, bu pullar haradan daxil olub, haraya xərclənib. Bu barədə hesabat istəyirdim.”

Vəkil suallarına cavab verilməsə məhkəməyə müraciət edəcəyini istisna etmir.

“Axıradək gedəcəm. Mən başladığım işi axıra çatdırmağa öyrənmişəm,” o qeyd edib.

İsmayılov suallar ünvanlamasının şəxsi prinsiplərindən irəli gəlməsi ilə bağlı yayılan məlumatları düzgün saymır. Hətta Anar Bağırovun ona fəxri fərman imzaladığını da yada salıb.

Sadəcə mən istəyirəm ki, vəkil cəmiyyətdə layiq olduğu yeri tutmalıdır. Məsələ bu qədər bəsitdir.

“Burada şəxsi prinsip yoxdur. Sadəcə mən istəyirəm ki, vəkil cəmiyyətdə layiq olduğu yeri tutmalıdır. Məsələ bu qədər bəsitdir.”

O, vəkillik institutunda aparılan islahatların insan hüquqlarının qorunmasına təsirləri ilə bağlı sualın cavabında deyib ki, Vəkillər Kollegiyasında inkişaf odur ki, köhnə binadan təzə təmirli binaya köçüblər.

“İnkişaf odur ki, vəkillərin Sovet dövründəki vəsiqəsinin nümunəsi dəyişdirilib. Vəsiqələr indi iki vərəqdə deyil, bir vərəqdədir. Yəni düzəlişlərin hamısı kosmetikdir. Məsələn, vəkillər məhkəmə iclaslarına mantiya ilə getməlidir. Ötən il yeni ildə öz pulumuza vəkillərə qonaqlıq verdilər, bu il də Novruz bayramında şənlik etmək üçün pul yığırlar. Vəkillər əvvəllər 52 manat üzvülük haqqlı verirdi, sonra bunu 72 manat etdilər. Mən danışandan sonra bir az aşağı ediblər, indi 60 manatdır. Bir marka pulu çıxarıblar. Hər vəkil hər bir məhkəmə işinə görə 10 manat marka pulu verməlidir. Təsəvvür edin, 1500 vəkil var. Hər vəkil hər ay 3 işə çıxsa, bəzi vəkillər daha çox işə çıxır. Hər vəkil ayda 30 manat verərsə, bu, ayda 45 min manat edir. Bunların islahatları budur. Mənim görmək istədiyim və sizin səsləndirdiyiniz istiqamətdə islahatlar yoxdur və bu istiqamətdə işlər də getmir,” Adil İsmayılov Amerikanın Səsinə müsahibəsində bildirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.