Now Reading:
Axsaq atın kor nalbəndi olar

Axsaq atın kor nalbəndi olar

İqtisadçı-ekspert

Vahid Məhərrəmov

Kənd təsərrüfatı naziri Heydər Əsədovun “Respublika” qəzetində məqaləsi dərc olunub. O, yazıb ki, ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə böyüyüb.

Daha sonra müəllif hakimiyyətin uydurduğu rəqəmləri əsas gətirərək yazır: “1996-2016-cı illər ərzində taxıl istehsalı 1 mln. 18 min tondan 3 mln. 65 min tona (3 dəfə artım) çatıb.”

Əlbəttə, 20 il ərzində aqrar sahənin necə dağıdıldığını siz yaxşı bilirsiniz. Bu rəqəmin isə nə dərəcədə dürüst olduğunu yoxlamaq elə də çətin deyil. Bunun üçün həmin illərdə ölkəyə nə qədər buğda idxal olduğunu bilmək kifayyətdir. Bu məlumatları Dövlət Statistika Komitəsinin (DSK) və Dövlət Gömrük Komitəsinin məlumat bazalarında, saytlarında asanlıqla tapmaq olar.

DSK –nın məlumatına əsasən, 1996-cı ildə ölkəyə 28,6 milyon dollar dəyərində 143 min ton buğda idxal olunub.  Dövlət Gömrük Komitəsinin məlumat bazasına diqqət yetirsəniz, görərsiniz ki, 20 ildən sonra bu göstərici 10 dəfə (bunların dili ilə desək 1 min faiz) artmışdır. Yəni keçən il 295 milyon dollar dəyərində 1 milyon 599 min ton ölkəyə buğda idxal olunmuşdur.  Xüsusi qeyd etməliyəm ki, 20 il əvvəl ölkənin ərzaq buğdasına olan təlabatının 20-25 faizi idxal hesabına ödənilirdisə, indi 100 faiz idxaldan aslılıq yaranıb.

Daha sonra müəllif yazır ki, kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım) çatıb. Qeyd etməliyəm ki, 1996-cı ildən fərqli olaraq indi yerli kartofa rast gəlinmir. Statistik məlumatlar da bunu deməyə əsas verir.  1996-cı ildə ölkəyə 55,6 min ton, 2015 –ci ildə isə bundan 2,2 dəfə çox, yəni 124,7 min ton kartof idxal olunub. Tərəvəz idxalı da onu deməyə əsas verir ki, müəllifin məlumatları hakimiyyət məmurları tərəfindən uydurulub və reallığı əks etdirmir.

Keçən il ölkəyə 317, 8 min ton meyvə-tərəvəz idxal olunub, halbuki, 1996-cı ildə bu göstərici  indikindən 6 dəfə az olub, yəni 57,2 min ton təşkil etmişdir. Bu illər ərzində bitki yağı idxalı 20 dəfəyə yaxın artıb. Belə ki, 1996-cı ildə ölkəyə 14,7 min ton bitki yağı idxal olunduğu halda, 2015-ci ildə bu göstərici 291 min tona qədər artıb.

Sizi rəqəmlərlə yormaq istəmirəm. Keçən 20 illik dövr ərzində ət, süd, yumurta, şəkər, çay və sair ərzaq malları, kənd təsərrüfatı məhsulları idxalı dəfələrlə artmışdır.
Əksər kənd təsərrüfatı məhsullarının idxalı ciddi artdığı halda, ənənəvi ixrac məhsullarının çəkisi son bir neçə ildə kəskin şəkildə azalıb. Belə ki, 2016-cı ildə əsas ixrac məhsulları olan çay- 73 %, şəkər 50 %, bitki və heyvan mənşəli piylər və yağlar isə 78 faiz azalıb.

Qaldı müəllifin “Qlobal ixracda Azərbaycanın payının 0,014%-dən 0,054%-ə qədər yüksəlməsi” məsələsini qabartmasına, tam əminliklə deyə bilərəm ki, bu işdə Kənd Təsərrüfatı Nazirliyinin, hökumətin heç bir rolu olmayıb. Sadəcə, emal müəssisələri tam gücü ilə işləmək üçün xammal idxalını artırıb və əldə olunan hazır əmtəəlik məhsulun bir hissəsini digər ölkələrə ixrac etmişdir.

Bundan əlavə, Rusiya ilə qonşu ölkələr arasında gömrük əlaqələrində yaranmış gərginlikdən bəzi işbazlar yararlanaraq, Türkiyə, İran, Gürcüstan malını ucuz qiymətə idxal edib, yerli məhsul adı ilə Rusiyaya ixrac etməsi də, bu göstəricinin yüksəlməsinə səbəb olub.

O ki , qaldı müəllifin uydurduğu “özünütəminat” məsələsinə, qeyd etməliyəm ki, Azərbaycan heç vaxt bu qədər idxaldan asılı vəziyyətdə olmayıb. Normaya uyğun olaraq ölkə əhalisinin ət təminatı-38%, süd-55%, kartof-60%, yumurta-55 faiz daxili istehsal hesabına ödənilir. Buğdaya olan təlabat isə tam olaraq idxaldan aslıdır.

 

Yazı müəllifin feysbuk səhifəsindən götürlüb

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.