2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Axtarış

Zərdüşt Əlizadə

Analoqu olmayan ədalətli cəmiyyət quruculuğu analoqu olmayan müsbət qəhrəman tələb edirdi…

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan ədəbiyyatında yazıb-yaradan, külüng vurub cəfa çəkən də, otlayıb gödəninə qulluq edən müxtəlif çeşidli vücudlar da olub və inşallah, olacaq. Millətin, hələ ki, dünyadan silinmək niyyəti yoxdur. Deməli, ədəbiyyatı da qalacaq.

Bu ədəbiyatın daim bir mühüm qayəsi olub: müsbət qəhrəman tapıb sayı əsla çox olmayan oxucuya göstərmək və demək – “bax, adam belə olar”.

Nizami Gəncəvi fəqir bəni-Adəmə mərhəmətlə yanaşan “adil şah” axtarırdı, Xaqanı kisəsi şairlərə açıq “səxavətli şah” diləyirdi, hər ikisinin gözündə bu şahlar müsbət qəhrəman sayılırdı.

Müasir zəmanədə müsbət qəhrəman axtarışını Mirzə Fətəli davam etdi. Həyatı yaxşı bildiyindən müsbət qəhrəmanı Yusif Sərrac qeybə çəkildi, Kəmalüddövlə mübhəm ilğım kimi qaranlıqda itdi, xalqın yadında tək Hacı Qara qaldı.

İslahedilməz realist Mirzə Cəlilin ən parlaq qəhrəmanı Şeyx Nəsrulla oldu, müsbət qəhrəmanlığa iddialı Kefli İskəndər ətrafına diqqətlə baxıb boğulmasın deyə xilas naminə badədən möhkəm yapışdı.

Bəşər tarixində nadir sayılan yeni cəmiyyət quruluşuna hamıdan çox aludə olan Cəfər Cabbarlı yeni müsbət insan olaraq Sevili, Elxan Eloğlunu gördü. Özünün dahi bəsirəti sayəsində anlayanda ki, Sevillər qaçılmaz təkamül nəticəsində bu quruluşda nə vaxtsa seçki qutularını saxta bülletenlərlə dolduracaq, Elxanlar isə partbilet satacaq, ürəyi çatladı.

Məmməd Səid Ordubadi bu əhali üçün qəhrəmanlar silsiləsi yaratdı, başına dolandığım millətimin yadında tək Qətibə qaldı.

Analoqu olmayan ədalətli cəmiyyət quruculuğu analoqu olmayan müsbət qəhrəman tələb edirdi. Bir müddət bu ada Pavka Korçagin uğurla iddia etdi, sonra sovet cəmiyyəti ədəbi qəhrəmanları unudub gerçək bir insanı – İosif Stalini – müsbət qəhrəman saydı.

Lidiya Ginzburq özünün məhbəs xatirələrində yazırdı ki, QULAQ məhbəslərində ağlasığmaz işgəncələrə məruz qalan kommunist qadınlar yenə də şəxsən yoldaş Stalinə vurğun qalırdılar.

 Mir Cəlal yeni cəmiyyətə can atan “Bir gəncin manifestini” yazdı, onun bəsitliyi və dayazlığı oxucuya bu qəhrəmanı dərhal unutmağa qanuni əsas verdi.

Mirzə İbrahimov Cənubdakı hərəkatı Firudin İbrahiminin surəti ilə ülviləşdirmək istədi, hərəkatın sovet layihəsi kimi başladığını və yuxarıdan qapandığını biləndən sonra bu qəhrəmanın da başının ətrafındakı müqəddəslik haləsi soldu.

Şəxsiyyətə pərəstişin ifşası əməliyyatından sonra yeni cəmiyyət və müsbət qəhrəman əsatiri gurultu ilə çöküb dağıldı. Hətta həqiqətən həyatda olmuş, yaşamış və çalışmış ideal Cahandar ağa millətə görk ola bilmədi.

Ədəbiyyata yeni nəsil ədiblər gəlib müsbət qəhrəmanı adi insanlar arasında axtarmağa başladılar. Çingiz Hüseynov, Anar, Əkrəm Əylisli və sairə.

Məlum oldu ki, Anarın və Əkrəmin müsbət qəhrəmanının şəxsən özünün şəxsən özü üçün qurduğu hansısa fərdi sığınacaq və mühit sərhəddindən uzağa getmək niyyəti yoxdur. “Millət necə tarac olur olsun, nə işim var…”

Çingiz Hüseynovun müsbət qəhrəman axtarışı onu “”Maqomed, Mamed, Məmiş”dən apardı “Ailə sirləri”nə, bu əsərdə müsbət qəhrəman olası ixtiraçı neftçi xoşbəxtlikdən münasib bir zamanda dənizdə fırtına zamanı həlak oldu və özündən sonra xərifləyib daima həqiqəti söyləyən və cəmiyyət tərəfindən qəbul edilməyən zövcəsini tərk etdi.

Sonra Çingiz müəllim indi yaşayanlar arasında müsbət qəhrəmanın mümkünsüzlüyünü anlayıb döndü tarixə və həqiqətən bu ada layiq Mirzə Fətəli  Axundzadə barədə “Fətəli fəthi”ni yazdı. Millət bu kitabı görmədi və oxumadı. Onda görkəmli alim və ədib Nəriman Nərimanovu digər bir müsbət qəhrəman qəlibi kimi bu buğda yeyib cənnətdən çıxmış sevimli xalqına təqdim etdi.  Millət bu müsbət qəhrəmana da etinasız yanaşdı.

İnadcıl Gingiz Hüseynov axtarıb-axtarıb elə bir müsbət qəhrəman tapdı ki, daha ona söz ola bilməzdi. Bu müsbət qəhrəman keçmişdə ilişib qalmış millətin beynində kirəcləşmiş qırışları hərəkətə gətirə bilən yeganə misilsiz qəhrəman nümunəsi ola bilərdi. Muhamməd peyğəmbər! Aleyhi-s-səlam!

Müstəsna savad sahibi olan marksist-leninçi professor Çingiz Hüseynov girişdi islam dininə və onu mükəmməl öyrəndi. Öyrəndikcə gördü ki, həqiqətən tarixdə misilsiz müsbət qəhrəman tapıb, onun surəti qanan insan və millət üçün intəhasız örnək ola bilər. Ədib peyğəmbərimiz barədə beş kitab yazdı, onun macəralar, axtarışlar, sevgilər, döyüşlər və təhlükələrlə dolu maraqlı həyatını təsvir etdi. Hətta Quranın surələrini nüzul tarixlərinə uyğun tərzdə yenidən düzüb onun əksəriyyət üçün qaranlıq qalan sadə məntiqinin açarını ortaya qoydu.

Çingiz müəllim peyğəmbər İbrahimin övladları olan ərəbləri və yəhudiləri  din və iman ortaqlığı əsasında sülhə dəvət etdi.

Kimə deyirsən? Mətin xalqımız Mirzə Fətəli dövründə necə idisə, elə həmin cür də qalıb. Fərq ondadır ki, sadəcə o vaxt bəxti gətirən ulaq minirdisə, indi avtomobil minir. Əgər o vaxt əlində təsbeh fırladırdısa, indi mobil telefon əlləşdirir. Başqa fərq yoxdur, qafaların içərisindəki məzmun həmin həmindir.

Müsbət qəhrəman axtarışına lap yeni nəsil ədiblər girişib. Maraqla seyr edirəm. Əksəriyyət Əkrəm Əylisli dünyasının əndazəsindən kənara çıxa bilmir. İstadadlısı Seymur Baycandır. Müsbət qəhrəmanı cılız, bəsit, məhdud məxluqdur. Onun nümunəsi heç kəsi oda-alova, uçuşa, ənginlik axtarışına səsləyə bilməz. Onun əsərlərindəki faciə belə sərt məhdud ölçüdə cərəyan edir.

İnadcılmı, əqidəlimi, hələlik bilmirəm, İlkin Rüstəmzadənin iki əsərini oxudum. “Qaranlığın hekayəsində” məhbəs təcrübəsini səmimi təsvir edib. Çağdaş Azərbaycan cəmiyyətinin və dövlətinin acı ifşası kimi sənəd-sübut dəyəri var.

Ola bilsin, əski zəmanənin yadigarı kimi mənim düşüncəmin qüsuru var, anlaya bilmirəm: bu olmazın əziyyətə qatlaşan və sınmayan müsbət qəhrəmanın məqsədi nədir? Hansı insana, hansı ictimai amala xidmət edir?

Bircə onu gördüm ki, özünə hədsiz hörmət edir və şəxsi mənliyini qoruyur. Bu da özlüyündə hörmətə layiq məqsəddir.

İkinci əsəri “Quberniya” adlanır. Yaxın gələcəkdə Azərbaycanın Rusiya tərəfindən işğalını təsvir edən anti-utopiyadır. Oxudum və yenə anlamadım: müəllifin təsvir etdiyi cəmiyyətin və insanların müstəqillik nəylərinə lazımdır? Bu insanların vətəndaş ləyaqəti və şərəfi barədə azacıq belə təsəvvürləri, hadisələri anlamaq qabiliyyətləri yoxdursa, həyatları sadəcə maddələr mübadiləsindən ibarətdirsə,  müstəqil Azərbaycan onların nəylərinə lazımdır? Ülvu hiss və amallardan xali insan sürüsü istənilən şəraitdə eyni rəzil həyat tərzi sürəcəksə, “Quberniya”” əsərində bu  sürünün müstəqilliyi naminə canlarını fəda edənlər nə düşünürlər?

Bəlkə bir az dərinə baş vurub adi azərbaycanlının kim və nəçi olduğuna baxaq? Bəlkə müsbət qəhrəman elə bizim aramızda gəzib-dolaşır, xəbərimiz yoxdur? Buyurun, “Çağdaş Azərbaycan romanı” silsiləsindən Cavid Ramazanovun “Amanabənd” romanı. Əsərin qəhrəmanı səciyyəvi “Sovetski” uşağıdır. Yazıçı  məharətlə miskin, məzmunsuz, dayaz və qol-qanadsız bir məxluqun surətini yaradıb. Mən deyərdim ki, “İtmiş zaman axtarışında”” və Uliss” əsərlərindən sonra oxu üçün yaramayan bəlkə də üçüncü ən darıxdırıcı əsərdir. Xoşbəxtlikdən, həcmi bu iki məşhur, lakin oxunmayan əsərlərdən qat-qat kiçikdir, və bu, əsərin bəlkə də yeganə məziyyətidir.

Müsbət qəhrəman surəti müasir Azərbaycan cəmiyyəti üçün hədsiz vacib qayədir. Şanlı “milli-azadlıq mübarizəsi” mərhələsi təzəlikcə geridə qalıb. Bu mübarizə əsnasında əhali kimi ki sevmişdi, onu özünə büt və sənəm seçmişdi, hamısı, istisnasız olaraq hamısı lax çıxdı: dayaz, qorxaq, satqın, ikiüzlü, tamahkar və sairə. 

Böylə xəyal və ümid qırıqlığına məruz qalmış xalqa müsbət qəhrəman surəti hava və su qədər zəruridir.

Ədiblər, haydı irəli!    

The post Axtarış appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button