Loading...
Loading...
SEÇMƏ

Axtarışa verilən Araik Arutyunyan Azərbaycanla “birgə layihə”dən danışıb

Yayımlandı: 1 İyul 2022 15:44

“Praktik baxımdan Azərbaycan reinteqrasiya prosesini yaşamalıdır”

Özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyan bölgədə böyük su elektrik stansiyasının (SES) tikiləcəyini açıqlayıb.

“SES tikildikdən sonra elektrik enerjisi problemimiz həll olunacaq”, – deyə Arayik Arutyunyan söyləyib.
Məlumat onun “Telegram” kanalında yayılıb.

Dağlıq Qarabağ separatçılarının rəhbəri onu da bildirib ki, artıq elektrik dirəklərinin quraşdırılması ilə bağlı danışıqlara başlanılıb:

“Yeni elektrik xətti daha böyük gücə malik olacaq”.

Arutyunyan qeyd edib ki, bu işlər “Azərbaycanla birgə” görüləcək. Bu, informasiyanın sual doğuran tərəfidir.

Çünki 2020-ci ilin oktyabrında Azərbaycan Baş Prokurorluğu Arayik Arutyunyana qarşı cinayət işi açıb və o, axtarışdadır.

O, 2020-ci ilin oktyabrında Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən dörd terror hücumunda təqsirləndirilir. Bu hərbi aktlar Ermənistan ərazisindən atılan raketlər vaistəsilə törədilib.

Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər yaralanıb, 100-lə insan evini itirib, infrastruktura ziyan dəyib.

Həmin il oktyabrın 4-də isə Araik Arutyunyan sosial şəbəkələrdəki hesabında bu terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, mövcud məsələdə hüquqi ziddiyyət olsa da, praktik baxımdan Azərbaycan reinteqrasiya prosesini yaşamalıdır.

O, ötən əsrin 90-cı illərinin Çeçenistan hadisələrini xatırladaraq vurğulayb ki, vaxtilə Ramzan Kadırov 17 yaşı olarkən rus əsgərini öldürdüyünü etiraf edib:

“Amma sonradan Rusiya silahlı müqaviməti dayandıranlara amnistiya tətbiq etdi. Hazırda Kadırov ruslardan fəal şəkildə Rusiya dövlətçiliyini dəstəkləyir. Bu misalı ona görə yada saldım ki, reinteqrasiya prosesində müxtəlif hadisələr ola bilər. Bizim də məqsədimiz orada yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edib və ona layiq olmalarıdır. İndi gözləyək, görək, proses hansı şəkildə davam edəcək”.

Sabiq nazir onu da qeyd edib ki, Bakı Qarabağ separatçılarını tərəf kimi tanımır, lakin müvəqqəti olaraq hansısa birbaşa təmaslar mümkündür:

Tofiq Zülfüqarov, Foto: Axar.az

“Bu təmasların nəticəsində orada yaşayan insanlar arasında cinayətkar olmayan, Azərbaycan vətəndaşlığı qəbul etmək istəyən insanlarla işbirliyi qurmaq olar. Yəni tərəf kimi yox, sadəcə, Azərbaycan qanunları əsasında gələcəkdə yerli hakimiyyət orqanlarının formalaşması istisna olunmur”.

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə Meydan TV-yə bildiriblər ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Nə baş verib?

Ermənistanla Azərbaycan arasında 2020-ci ildə yaşanmış sonuncu 44 günlük silahlı münaqişə həmin il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Gözdən qaçırmayın:  Haaqa Məhkəməsi üç Cənubi Osetiya separatçısı barədə həbs qərarı verib

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə, Ermənistanın Azərbaycana ərazi iddiası etməyə başladığı dövrə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə baş verib. Sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrinin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərlərini, kəndlərini, qəbristanlıqlarını yer üzündən silməkdə ittiham edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button