2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ayətullah Şəriətmədari İslam inqilabından sonra

Xomeyni hakimiyyəti heç kəslə bölüşmək fikrində deyildi

İnqilabın qələbəsindən sonrakı elə ilk günlərdə Şəriətmədari ilə Xomeyni arasında müəyyən fikir ayrılıqları üzə çıxdı. 1979-cu ilin fevralında Xomeyni tərəfdarları İslam Respublikası Partiyasını (Ḥezb-e Jomhuri-e Eslami) yaratdılar. Martda isə Şəriətmədari tərəfdarları Müsəlman Xalq Respublikası Partiyasını (Ḥezb-e Jomhuri-e Kalq-e Mosalman-e və ya sadəcə “Xəlq-e müsəlman”) təsis etdilər.

Amma ilk dövrlərdə fikir ayrılıqları o qədər də kəskin deyildi. İranın yeni quruluşunun İslam Respublikası adlandırılması üçün martın 30-31-də keçirilən referendumda Şəriətmədari də tərəfdarlarını “hə” deməyə çağırdı. Amma yeni hakimiyyətin öz əleyhdarları ilə sərt davranışları, işgəncələr, qısa sürən məhkəmələrdən sonra çıxarılan çoxsaylı edam hökmləri Şəriətmədarinin daha çox narazılığına səbəb olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu dövrdə Xomeyni İran İslam Respublikasının siyasi liderinə çevrilirdi. Belə vəziyyət Şəriətmədarinin ürəyincə deyildi. Onun görüşlərinə görə, ruhanilər mahiyyətcə mənəviyyatsız olan siyasətlə bilavasitə məşğul olmamalı, kollektiv bir qurumda birləşərək siyasətçilərə tövsiyələr verməli, qanunların və hökumətin fəaliyyətinin şəriətə uyğunluğuna nəzarət etməli idilər. Ayətullah söz, mətbuat, toplaşma azadlığına tərəfdar çıxırdı.

Siyasi görüşlərdən əlavə, proseslərə yəqin ki, şəxsi münasibətlər də təsir edirdi. Şəriətmədari üçün Xomeyni ən yaxşı halda özünə bərabər fiqur idi. Hətta tamamilə mümkündür ki, o, 63 yaşında, həm də sadəcə edamdan qurtarmaq üçün mərceyi-təqlid kimi tanıdıqları Xomeynini dini avtoritet kimi yüksək qiymətləndirmirdi. Xomeyni isə, təbii ki, hakimiyyəti heç kəslə bölüşmək fikrində deyildi.

Digər tərəfdən, Şəriətmədarinin mənəvi lideri olduğu (rəsmən üzv deyildi) “Xəlq-e müsəlman” partiyası üzvlərinin çoxu etnik azərbaycanlılar idilər. Onlar azərbaycanlıların milli hüquqlarını dilə gətirir, İran hakimiyyətinin desentralizasiyasını, yerlərə daha çox hakimiyyət verilməsini, 1950-ci ildə Qərbi və Şərqi olmaqla iki vilayətə bölünən İran Azərbaycanının yenidən vahid vilayətdə birləşməsini tələb edirdilər.

Müctəhidin bu fikirləri nə qədər haqlı saydığını söyləmək çətindir. Amma tərəfdarlarını itirməmək üçün bölüşməyə və dilə gətirməyə məcbur idi. Buna görə də çıxışlarında, xarici mətbuata müsahibələrində İranın federallaşması, xalqların muxtariyyəti ideyasını səsləndirir. Bu da Xomeyninin xoşuna gələ bilməzdi.

Noyabrın 4-də radikal əhvallı tələbələr Tehrandakı ABŞ səfirliyinə hücum edərək buranı tutdular və əməkdaşları girov götürdülər. Hadisə İran siyasi qüvvələri arasında parçalanma yaratdı. Baş nazir Mehdi Bazərgan və bütün hökumət istefaya getdi. Şəriətmədari də baş verənləri pislədi.


İki müctəhid arasında münasibətləri tamamilə korlayan məsələ yeni konstitusiya, daha konkret desək, sənəddə nəzərdə tutulan “vilayəti fəqih” anlayışı oldu. Əslində bu müddəaya görə, bütün suverenlik bir nəfərə – fəqihə məxsus idi. Şəriətmədari isə hesab edirdi ki, suverenlik İran xalqına məxsus olmalıdır. Müctəhid bu postun İslama uyğun olmadığını da iddia edirdi.

1979-cu ilin payızında, konstitusiyanın qəbulu üçün referendumun keçirilməsinə az qaldıqca Şəriətmədari ilə rejim arasında münasibətlər korlanır. Müctəhid və tərəfdarları artıq əksinqilabçı (zidd-e enqelab) kimi təqdim olunur, rəsmi mətbuatda əleyhinə sərt yazılar gedir. Bu zaman saxtakarlıqdan istifadə olunurdu.

Həmin dövrdə SSRİ-nin Tehrandakı səfiri olan Vladimir Vinoqradov “Bizim Yaxın Şərq” adlı kitabında yazır:

“Şəriətmədarinin guya sovet səfirinə yazdığı məktubun “surəti” yayılır. Yəni mənə. “Məktub”dan belə görünür ki, sovet qoşunları İran Azərbaycanına girməlidirlər. 50 minlik qoşun! Şəriətmədari sərhədin nə vaxt və harada keçiləcəyini dəqiqləşdirilmək istəyir”.

İranın dini mərkəzi sayılan və müctəhidlərin çoxunun, o cümlədən həm Şəriətmədarinin, həm Xomeyninin yaşadığı Qum şəhərində dini təhsil alan tələbələr də iki yerə bölünmüşdülər. Burada iki müctəhidin tərəfdarları arasında getdikcə şiddətlənən toqquşmalar baş verir. Rejim Şəriətmədari tərəfdarı olan din xadimlərini hədə-qorxu, şirnikləndirmə yolu ilə özünə tərəf çəkməyə çalışır və əksər hallarda buna nail olurdu.

Dekabrın 2 və 3-ə təyin olunan referenduma az qaldıqca gərginlik daha da artır. Şəriətmədari tərəfdarlarını referendumu boykot etməyə çağırır. Milli Cəbhə, Mücahidin-e Xəlq, İran xalqının fədainləri, Peykər, eləcə də İran Kürdüstanını təmsil edən siyasi partiyalar da boykota tərəf çıxırlar.

Dekabrın 1-də Aşura günü çıxış edən Xomeyni isə səs verməyənlərin amerikalılara kömək edəcəklərini və inqilab şəhidlərinin ruhunu incidəklərini söylədi. Maraqlıdır ki, İslam Respublikası Partiyasından başqa referendumda “hə” deməyə səsləyən digər partiya kommunist Tudə partiyası idi. Halbuki bütün digər solçu partiyalar boykot tərəfdarı idilər.

Keçmiş baş nazir, Fransanın Beşinci respublikasının konstitusiyası tipində sənəd qəbul olunmasının tərəfdarı Mehdi Bazərganın rəhbərlik etdiyi, bir çox məsələlərdə tənqidçi mövqe tutan İran Azadlıq Hərəkatı da “hə”deməyə çağırır, çünki bunun alternativinin xaos və anarxiya olacağını söyləyir.

Rəsmi nəticələrə görə referendumda 15,75 milyon seçici iştirak etdi (mart referendumunda 20,28 milyon idi) və onların 99,5 faizi konstitusiyaya “hə” dedi. Şəriətmədari referendumun keçirilmə qaydalarını pisləyərək nəticələri qəbul etmədi (referendum günü radio Şəriətmədarinin guya konstitusiyaya “hə” deməyə səsləyən fətvasını yaymışdı).

İslam inqilab məhkəməsinin hakimi, yüzlərlə insanı tərəddüdsüz ölümə göndərən Sadeq Xalxali (o da azərbaycanlı idi) Şəriətmədari və “Xəlq-e müsəlman” əleyhinə məqalə yazdı, partiyanı tağutlara, əksinqilabçılara, SAVAK agentlərinə qucaq açmaqda ittiham etdi.

Məhəmməd Kazım Şəriətmədari (ortada)

Dekabrın 5-də İran Azərbaycanının müxtəlif yerlərindən onminlərlə adam Təbrizə gələrək böyük bir mitinq keçirdilər. İştirakçılar konstitusiyada ali rəhbərin səlahiyyətlərindən bəhs edən 110-cu maddəni nəzərdə tutaraq “Əsl-i 110 ziddi bəşərdi, İslah olmasa əgər, batildi, hədərdi” şüarını səsləndirirlər. Həmin gün axşam müctəhidin Qumdakı evinə basqın oldu, mühafizəçilərindən biri öldürüldü. Güman olunur ki, bu hücum ertəsi günə təyin olunan növbəti aksiyanın ləğvi barədə tələb rədd edildikdən sonra baş verdi.

Dekabrın 6-da nümayiş təkcə etiraz aksiyası olmadı. Nümayişçilər dövlət binalarını ələ keçirməyə başladılar. Teleradio qülləsininidə ələ keçirən təbrizlilər öz tələblərini səsləndirməyə başladılar. Bu tələblər sübut edirdi ki, konstitusiya məsələsi yalnız katalizatordur, etirazların kökündə azərbaycanlıların milli haqları uğrunda mübarizə durur. Təsadüfi deyil ki, çox tezliklə “Öz cümhurumuz olsun bərqərar, rəhbərimiz, mərceyimiz Şəriətmədar” şüarı səslənməyə başladı.

Artıq üsyana çevrilən hərəkat başqa şəhərlərə də yayıdı. “Xəlq-e müsəlman” Ərdəbil, Urmiya üzərində nəzarəti ələ keçirdi. Hətta Təbrizdə məskunlaşan hərbi hissələr əhalinin tərəfinə keçdilər. Bununla belə, şəhər tam nəzarətdə deyildi. Maşallah Rəzmi deyir ki, Təbrizin müxtəlif ərazilərinə nəzarət edən 36 komitədən 28-i Şəriətmədari tərəfdarı idi. Yalnız 1 komitə sırf Xomeyni tərəfdarlarından ibarət idi.

Dekabrın 6-də Xomeyni Qumda Şəriətmədarinin evinə getdi. Rəsmi mətbuat bunu barışıq səfəri kimi təqdim etdi. Əslində isə Xomeyni teleradio qülləsini və digər hökumət binalarının boşaldılmasını istədi, əks halda Təbrizin bombardmana məruz qalacağını bildirdi.

Referendumun boykotu məsələsində Şəriətmədari ilə həmfikir olan solçu “Mücahidin-e xəlq” təşkilatı Təbriz üsyanında Tehranın tərəfini tuturdu. Maşallah Rəzmi bunu onunla izah edir ki, mücahidlər Şəriətmədari zərərsizləşəndən sonra milyonlarla tərəfdarının onların tərəfinə keçəcəklərini düşünürdülər, amma “hesabları qələt çıxdı”. Təbriz universitetinin binası mücahidlərin nəzarətində idi və rejim bundan istifadə edərək oraya helikopterlərlə “İnqilab keşikçiləri” qüvvələrini çıxarmağa başladı.

Mart ayında İran Kürdüstanında baş verən üsyanın yatırılması zamanı minlərlə insanın həlak olmasını xatırlayan və eyni şeylərin Təbrizdə də yaşanmasını istəməyən Şəriətmədari dekabrın 9-da hökumət binalarını boşaltmağa çağırdı. Tərəfdarları bunu onunla Xomeyni arasındakı konsensusun nəticəsi kimi qarşıladılar və əməl etdilər. Ümumiyyətlə, üsyanın ciddi problemlərindən biri Şəriətmədarinin Qumda yaşaması və tərəfdarlarının yanına gələ bilməməsi idi.

Çox tezliklə isə məlum oldu ki, heç bir barışıqdan söhbət gedə bilməz. Hökumət qüvvələri “Xəlq-e müsəlman”ın ofislərinə və tərəfdarlarına hücum etdi, həbslər apardı. Belə olduqda azərbaycanlılar yenidən hərəkətə keçdilər. Dekabrın 13-də şəhərdə 700 minlik nümayiş baş verdi. Teleradio qülləsi yenidən tutuldu.

Hakimiyyət Təbriz üsyanını yatırmaq üçün digər azərbaycanlılardan, məsələn, ayətullah Əbdülkərim Musəvi Ərdəbilidən yaralanmağa çalışır, amma faydası olmur. Mehdi Bazərganın Təbrizə gəlməsinin də nəticə vermir. “Xəlq-e müsəlman” və hökumət qüvvələri arasında atışma yanvarın əvvəllərinə qədər davam edir. Sonda hakimiyyət qüvvələri qalib gəldilər. “Xəlq-e müsəlman” qadağan olundu, partiyanın 10 rəhbəri edam edildi.


Təbriz üsyanının yatırılmasından sonra Şəriətmədari siyasi çıxışlarını, şərhlərini dayandırdı. Ondan müsahibə götürmək istəyən jurnalistlər əliboş qayıdırdılar. Buna baxmayaraq, klerikal hakimiyyət nüfuzlu din xadimini təhlükə kimi görməkdə davam edir və zərərsizləşdirməyə çalışırdı.

1982-ci ilin aprelində İran hüquq-mühafizə orqanları ali rəhbərin öldürülməsi planlaşdırılan qəsdin üstünü açdığını elan etdi. Qəsdin başında uzun illər Xomeyniyə yaxın olan keçmiş xarici işlər naziri Sadeq Qotbzadənin durduğu iddia olunurdu. Bu hadisədən həm də Şəriətmədariyə qarşı istifadə etmək qərara alındı. İşgəncələrdən sonra televiziyaya çıxarılan Qotbzadə sui-qəsddən xəbəri olanlar arasında Şəriətmədarinin də adını çəkdi. Həbs olunanlar arasında ayətullahın kürəkəni Əhməd Abbasi də vardı.

Şəriətmədari saxlanıldı və təhqiramiz rəftara məruz qaldı. Hərbi inqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhri öz xatirələrində 77 yaşlı müctəhidi şillələdiyini etiraf edir. Ayətullah həm bu təhqiramiz rəftar, həm də həbs olunan kürəkənini edamdan xilas etmək üçün televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etdi və iyirmi il əvvəl ölümdən qurtardığı Xomeynidən üzr istədi.

Əvəzində Şəriətmədari həbs olunmadı, amma hakimiyyət o vaxta qədər görünməmiş bir addım ataraq onun böyük ayətullah, müctəhid, mərceyi təqlid kimi titullarını əlindən aldı. O, ev dustaqlığına məhkum edildi. Quma gələrək onu müdafiə etməyə hazır olduqlarını bildirən azərbaycanlılara evlərinə qayıtmalarını söylədi.

Seyid Məhəmmədkazım Şəriətmədari 1986-cı il aprelin 3-də Tehran xəstəxanasında vəfat etdi. Tərəfdarlarının fikrincə, hakimiyyət ürək çatışmazlığından əziyyət çəkən ayətullaha tibbi yardım göstərilməsini xeyli gecikdirmiş, yalnız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi.

Hakimiyyət ruhanilərə Şəriətmədarinin cənazə namazında və dəfnində iştirak etməyə qadağa qoydu. Ayətullahın bir zamanlar yaxşı münasibətlərdə olduğu Livan şiələrinin lideri, Liviyada Qəddafi ilə görüşəndən sonra yoxa çıxan (ehtimal ki, öldürülən) Musa Sədrin qardaşı Rza Sədr qadağaya baxmayaraq dəfndə iştirak etmək istərkən həbs edildi və dəfndən sonra buraxıldı. Böyük din aliminə qarşı belə münsabət o zaman Xomeyninin varisi sayılan, sonra isə dissidentə çevrilən ayətullah Hüseynəli Möntəzirinin də etirazına səbəb oldu.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button