2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSiyasət

Ayaz Mütəllibov: “Mehriban xanım da bu işin öhdəsindən gəlib” – MÜSAHİBƏ

24saat.org Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla müsahibəni təqdim edir.

– Ayaz müəllim, prezident İlham Əliyev birinci vitse-prezidentin təyinatı ilə bağlı sərəncam imzalayıb. Bu təyinata münasibətiniz necədir?
– Təyinata münasibət çox yüksəkdir. Mehriban xanımı dünya tanıyır, hər yerdə hörməti var. Belə olan halda Mehriban xanım prezident İlham Əliyevə ciddi dəstək verəcək. Yükün müəyyən hissəsini Mehriban xanım öz üzərinə götürəcək. Hesab edirəm ki, bu çox müsbət addımdır.
– Azərbaycanda belə mühüm posta ilk dəfədir ki, xanım təyin edilib. Bizim ölkədə indiyə qədər xanımlar ancaq nazir postu tuta biliblər. Sizcə, bir xanımın vitse-prezident kimi mühüm post tutmasının hansı özəlliyi ola bilər?
– Hələ ötən əsrin əvvəllərində Yaxın Şərqdə Azərbaycan xanımı çarşabını boynundan çıxardı. Bu müsəlman aləmində ilk nümunə oldu. O zamandan bu yana bizim xanımlarımız kişilərlə bərabər işləyir, öz nüfuzunu, şöhrətini artırır, bilik və bacarığını respublikanın inkişafına yönəldir. Bu baxımdan məlum təyinat ilk nümunə olsun. Bütün dünya bilsin ki, Azərbaycan doğurdan da demokratik və sivil dövlətdir. Bizim həm qədim müsəlman ənənəsinə, həm də Avropa ölkələri ənənəsinə qiymət veririk. Başqa söhbətlər, bizim əleyhimizə çıxış edənlərdə pis durumda qalsınlar. Mən həqiqətən bunu ürək sevinci ilə deyirəm. Böyük bir addımdır.
– Müxalifət partiyalarının bəzisi bu təyinatı ciddi tənqid edir. Buna münasibətiniz necədir?
– Mən bu tənqidləri əsassız hesab edirəm. Bir sözlə, tənqidə əsas yoxdur. Fikrimcə, bu tənqidə layiq deyil. Tənqidə layiq olan o qədər problemlər var ki. Son illər Mehriban Əliyevanın Heydər Əliyev Fondunun adından nələr etdiyini yadımızda saxlayaq. Nəinki Bakıda, hətta rayonlarımızda mühüm və nəhəng işlər görülüb. Mehriban xanım da bu işin öhdəsindən gəlib. Biz buna diqqət etməliyik. Bacarıqlı, dünyagörüşü geniş olan bir xanımdır. Və həm də dövlət xadimidir. Bir dövlət xadimi kimi qərb, şərq hər kəs Mehriban xanımı tanıyır.
– Məntiqlə bundan sonra da yeni təyinatlar olmalıdır. Sizin gözləntiləriniz nədir?
– Olmalıdır. İslahatlar aparılmalıdır və bu da normaldır. Üstəlik bu cür islahatlar yaxşı qəbul olunan şeydir. Qeyd edək ki, biz daimi, on-iyirmi il vəzifədə oturan şəxsləri dəstəkləyə bilmərik. Dünya demokratik yolla dəyişiklik edir, istedadlı insanlar irəli çəkilir. Bu bəyənilən haldır.
– Regionda da vəziyyət ürəkaçan deyil. Xüsusilə İrana qarşı ciddi beynəlxalq təzyiq hiss edilməkdədir. Bu baxımdan durumu necə dəyərləndirmək olar?
– İran bizim qonşumuzdur. Biz qonşularla elə bir münasibət qurmalıyıq ki, bizdən narazı olan olmasın. Biz İranla sərhəd dövlətik. Bunun özü bizi vadar edir ki, bu faktora diqqət edək. İranla, Türkiyə və Rusiya ilə biz əməkdaşlıq etməliyik.

– İrana qarşı səsləndirilən ittihamlar sonda bu ölkəyə qarşı hərbi sferada addımların atılması ilə nəticələnə bilərmi?
– Mən bunu güman etmirəm. Gərginlik ola bilər. Müxtəlif əsassız çıxışlar və böhtanlar da ola bilər. Lakin müharibə istisna olunmalıdır. Xüsusilə, Suriyada baş verən hadisələrdən sonra.

Saytların yığılması Saytlarin yigilmasi

– Perspektivdə Amerika-Rusiya münasibətlərindən nə gözləyirsiniz?
– Əgər prezident Tramp dediklərinə nail ola biləcəksə, bu halda Amerika öz inkişafını tapacaq. Nəzərə almaq lazımdır ki, Amerikanın özündə problemləri çoxdur. Ələlxüsus iqtisadi problemlər. Bu baxımdan indi böyük müharibələr yolu ilə nəyisə həll etmək mümkün deyil. Zaman ciddi mənada dəyişib.

– Biz gördük ki, prezident Trampın milli təhlükəsizlik müşaviri olan general Fillin Rusiya səfiri ilə telefon danışıqları səbəbindən istefaya getməli oldu…
– Şübhəsiz ki, Amerika daxilində prezident Trampa təzyiq var. Hesab edirəm ki, bu təzyiqlər olacaq və buna şübhə də yoxdur. Hesab edirəm ki, yaxın 4 il ərzində Amerika prezidenti öz yerini tapmalıdır. Öz kürsüsünü elə möhkəmlətməlidir ki, daha önəmli islahatlara əl ata bilsin.

– Qarşıdan Xocalı faciəsinin 25-ci il dönümü gəlir. Bu faciəyə görə, bir çox hallarda sizin də adınız çəkilir. Bu məsələyə münasibətiniz nədən ibarətdir?
– Mən Xocalı faciəsini ürək ağrısı ilə xatırlayıram. İndinin özündə də o hadisənin adı çəkiləndə ürək ağrısı keçirirəm. Ona görə də, biz elə etməliyik ki, bir daha belə tələyə düşməyək. Bu məsələ öyrənilməlidir. Burada qaranlıq məqamlar da var. Nəyisə. Mən faciə zamanı ölən insanlarımıza allah rəhmət eləsin deyirəm. Heyfslənirəm ki, o zaman biz bu faciənin qarşısını ala bilmədik.

– Siz fevralın 26-da Xocalı faciəsi ilə bağlı ziyarətə gedirsiniz?
-Bəli, gedirəm.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button