2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiSEÇMƏ

Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri: “Çingiz Mustafayevi Xocalıya mən göndərdim”

24saat.org Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri, eləcədə sonuncu katib Əbdülrəhman Vəzirovun köməkçisi Rasim Ağayevlə müsahibəni təqdim edir.

-Rasim müəllim, 1992-ci ilin fevralında siz hansı vəzifəni tuturdunuz?

– Fevralda Xocalı soyqrımı baş verdi. Səhv etmirəmsə ondan bir ay əvvəl məni prezident Ayaz Mütəllibov dəvət etdi yanında. Onda Mütəllibovun komandasının əhəmiyyəti hissəsini vertolyotda vurmuşdular. Haradasa yanvarın əvvəllərində mənə dedilər ki, media ilə bağlı sahə boş qalıb, prezidenti media ilə əlaqələndirən sahədə ciddi mütəxəssis lazımdır. O zaman mətbuat xidməti yaradıldı. Bu quruma da rəhbər məni təyin etdilər. Həmçinin tapşırdılar ki, həmin dövrdə hakimiyyətdə olan qüvvə və partiyanın yeni ideologiyasının yaradılması üçün araşdırmalar aparım, təkliflər hazırlayım. Qısası həmin dövrdə mən Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdum.

Saytların yığılması Saytlarin yigilmasi

– Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliam haqda necə xəbər tutdunuz və bu barədə prezidentə məruzə etdiniz?

– Həmin dövrdə mənim bu hadisələrlə bağlı prezidentə məruzə etmək səlahiyyətim çatmırdı. Mən ancaq media sahəsini əlaqələndirirdim. Qarabağda baş verən hadisələrlə Prezident Aparatında başqa şöbə məşğul olurdu. Səhv etmirəmsə həmin dövrdə Daxili İşlər Nazirliyi prezidentə məlumat verirdi. Hacıyev adlı şəxs prezidentlə əlaqədə olurdu, icra başçıları, şəhər və rayonlarla əlaqələri qururdu.

– Siz özünüz Xocalıda baş verənlər haqda necə xəbər tuturdunuz?

– Səhv etmirəmsə fevralın 25 və ya 26-da Adil Hacıyev mənə dedi ki, vəziyyət ağırlaşıb, ermənilər hücum ediblər Xocalıya, çoxlu sayda adam qırılıb. Ancaq bu qeyri rəsmi və dəqiqləşdirilməyən informasiya idi. Ondan əvvəl məlumat gəlirdi ki, vəziyyət ağırlaşır, müəyyən tədbirlər görmək lazımdır.

– Bu tədbirlər görülürdümü?

– Deyim ki, o dövrdə SSRİ üsul-idarəsi dağılmışdı, yeni oturuşmuş struktur isə faktiki yaranmamışdı. Regionlarla mərkəzi arasında daimi və sıx əlaqə yox idi. Üstəlik o zaman hakimiyyətə rəqib siyasi qüvvə olan Azərbaycan Xalq Cəbhəsi prezident idarəçiliyinin əl-qolunu bağlamışdı. Hakimiyyətdə boşluq var idi, respublika əvvəlki kimi idarə edilmirdi. Çünki Prezident Aparatının ölkəni idarə edən alətləri qırılmışdı. Faktiki olaraq rayonlarda və şəhərlərdə idarəçilikdə ikitirəlik yaranmışdı. Məsələn, rayona icra başçısı təyin edilirdi, amma başçı faktiki olaraq yerlərdə siyasi qüvvələrin təzyiqləri ilə qarşılaşırdı, insanlarla əlaqə qurmasına problem olurdu. Müxalifət yerlərdə faktiki xalqın adından çıxış edirdilər. Bəziləri də silahlı qüvvə idi və onlar yerlərdə hakim idi. Bu da, ölkəni pis istiqamətə aparırdı.

– Hadisə haqda dəqiq informasiya əldə etdikdən sonra jurnalistlərlə işləyən prezident nümayəndəsi kimi nələrsə etməyə cəhd göstərdinizmi?

– Yadıma gəlir, o zaman Çingiz Mustafayevlə Mais Məmmədov bu işlə maraqlandırlar. Digər jurnalistlər Xocalı hadisəsi dəqiq bəlli olduqdan sonra hərəkətə keçdi. Səhv etmirəmsə mən fevralın 27-də mətbuat konfransı keçirdim, ölkənin bütün qəzetləri və mətbuatını topladım. Mətbuat konfransında məndə olan informasiyanı jurnalistlərlə bölüşdüm.

– Çingiz Mustafayevin Xocalıya gedərək çəkilişlər aparması necə baş verdi?

– Hadisədən dərhal sonra Mais Məmmədov mənə zəng elədi, bu haqda danışdı. Məndə onları Prezident Aparatına dəvət etdim. Eyni zamanda dərhal nəqliyyat naziri ilə əlaqə saxladım. O zaman nəqliyyat naziri Həzi Aslanovun oğlu idi. Səhv etmirəmsə Tofiq Aslanov. Ona dedim ki, Çingiz və Maisə təcili avtomobil ayrılmalıdır və onlar təcili Ağdama çatdırılmalıdır. Eyni zamanda Ağdama zəng elədim, icra başçısını tapdım və göstəriş verdim ki, ora çatan jurnalistlərə ən yüksək səviyyədə şərait yaradın, nəyin bahasına olursa olsun onları hadisə baş verən yerə çatdırın və baş verənlərin çəkilıişinin aparılması təmin edilsin. Çingiz Mustafayevdə gedib orada çəkiliş apara bildi. Yadıma gəlir, mən əvvəlcə onları vertolyotla Ağdama və oradan da Xocalı istiqamətinə göndərmək istətyirdim. Çünki bu daha tez başa gələ bilərdi. Amma həmin gün şənbə və ya bazar günü idi. Hava limanına zəng etdim, ancaq orada heç kimi tapa bilmirdi. Onda respublika başlı-başına qalmışdı, heç kimin heç kimdən xəbəri yox idi. Ancaq çox şükürlər olsun ki, Çingiz və Maisi ora göndərə bildim.

– Onlar sizə necə çıxa bildi, o zaman prezidentin mətbuat katibinə çıxmaq və işlə bağlı nəsə tələb etmək mümkün idimi?

– Mənə birinci Mais zəng elədi. O mənimlə işləmişdi və bir-birimizi tanıyırdıq. Çingiz çəkilişləri başa çatdırdıqdan sonra Bakıya qayıtdı. Fevralın 28-də mən Çingiz Mustafayevi götürüb dərhal Moskvaya uçdum. Moskvada Azərbaycan nümayəndəliyində geniş mətbuat konfransı təşkil etdim. Mətbuat konfransına Moskvada işləyən müxbirlər, xarici jurnalistlər dəvət olundu. Mətbuat konfransında geniş informasiya verdik. O zaman bu yeganə xaricə çıxış idi. Onu da qeyd edim ki, həmin vaxt mətbuat konfransında erməni jurnalistlərdə iştirak edirdi. Onlardan biri sual edəndə Xocalının icra başçısı Elman Məmmədov erməniyə irad tutdu, ona əsəbləşdi. Məndə dedim ki, Elman sakit danışaq, əsas odur informasiyanı verək.

Beləcə aranı akitləşdirdim və geniş informasiya verdik. Bəyan etdik ki, yüzlərlə insan qəddarlıqla öldürülüb, şəhər yandırılıb, insanlar məhv edilib. Yeri gəlmişkən, mətbuat konfransında Çingiz çəkdiyi sujetləri tam olaraq nümayiş etdirdi. Onda müxbirlər sarsıldı, hətta erməni jurnalistlər özlərini sakit aparmağa başladı, daha suallar vermədi. Məndə bəyan etdim ki, bu uydurma deyil. Bu mən deyənlər, bu video çəkiliş, bu da video çəkilişin müəllifi. Onda biz danışdıq, Çingiz SNN-lə əlaqə saxladı, ora materiallar göndərdi. Beləcə dünya Xocalı barədə ilkin informasiya əldə edə bildi.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button