
Azərbaycan hərbi qulluqçusu həlak olub. Bununla bağlı bu gün, yanvarın 11-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində bir əsgərləri həlak olub.
Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri qarşı tərəfə cavab veriblər: “Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Amma bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Tərəflər arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Mənbə: AzadlıqRadiosu
“24 saat”
You must log in to post a comment.