Loading...
Loading...
Xəbərlər

Azərbaycan: 2021-ci ildə mühüm iqtisadi hadisələr

I. Tarif Şurasının  4 yanvar 2021-ci il tarixli qərarı ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən olunub,  31 yanvar 2021-ci il tarixli qərarı ilə 1 kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib, 30  iyun 2021-ci il tarixli qərarı ilə istehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik,   16 oktyabr 2021-ci il tarixli qərarı ilə 1200 m3-dək (1200 m3 daxil olmaqla) 1 kub metr üçün 12 qəpik,  əhali qrupu üçün 200 kVts-dan – 300 kVts-dək (300 kVts daxil olmaqla) üçün elektrik enerjisinin  1 kVts-nin qiyməti 9 qəpik, 300 kVts-dan çox olanda 1 kVts-nin qiyməti 13  qəpik müəyyənləşdirilib. 

II. 19 yanvar 2021-ci il tarixli president fərmanı ilə  İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlik institutu,  Qarabağ Dirçəliş Fondu təsis edilib. 

III. 23 yanvar 2021-ci ildə   “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılmış,  Müşahidə Şurası 7  üzvdən ibarət olmaqla ona rəhbərlik İqtisadiyyat naziri  Mikayıl Cabbarova  həvalə olunub. 

IV. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncam  ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilib.  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş istiqamət Milli Prioritet müəyyənləşdirilib:

  • dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  • dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  • rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  • işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  • təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

V. 12 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilmiş  “Azərbaycan Respublikasının İqtisadi Şurası təsis və onun Əsasnaməsi təsdiq olunub.

VI. 07 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağ iqtisadi rayonu yenidən formalaşdırılıb, Şərqi Zəngəzur iqtisadi rayony yaradılıb.

VII. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2021-ci il 8 iyun tarixli 342-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.

VIII. 22 sentyabr 2021-ci il  tarixində  “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsinə dair” president fərmanı imzalanıb. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

XI. 04 oktyabr 2021 tarixində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılıb.

X. 16 oktyabr 2021-ci ildə  Azərbaycan Respublikası Prezidenti  “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2965 nömrəli Sərəncam imzalayıb, Nazirlər Kabinetinə 2022-ci ilin büdcəsində əmək haqqı, müavinətlər və təqaüdlərin artırılmasına dair təkliflərin hazırlanması tapşırılıb. Sərəncamın icracı ilə əlaqədar 1 yanvar 2022-ci ildən bır sıra  sosial müavinətlər, təqaüdlər artırılmış, minimum əmək haqqı və pensiyaların minimum məbləği 20 faiz artırılıb, diaqnostikadan keçən müəllimlərin,  Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəli şəxslərin və mülki əməkdaşların vəzifə maaşları 20 faiz artırılıb.

 

2021-ci ilin iqtisadi yekunları: ötən il inflyasiya təzyiqləri altında keçdi

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

Yola saldığımız 2021-ci ildə ən çox müşahidə olunan qiymət artımları oldu. İlin başlanğıcında, 4 yanvar 2021-ci ildə  Tarif Şurasının  qərarı[1] ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən olundu,  ondan əvvəl bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi. Beləliklə də 1 gündə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11 faiz, dizel yanacağının pərakəndə satış qiyməti 33,3 faiz artırıldı.  Çox keçmədi ki, Tarif Şurasının  31 yanvar 2021-ci il tarixli qərarı[2] ilə 1 kub metr su təchizatının tarifi  2 dəfə bahalaşdırıldı və bu qərarla suyun qiyməti ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik müəyyən edildi. Lakin, bununla da kifayətlənməyən Tarif Şurası[3] 1 iyul  2021-ci ildən əhalinin istehlak etdqiyi təbii qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metrini 20 qəpiyə, 2500 m3-dən çox olan hissəsi üçün isə 1 kub metrini 25 qəpiyə qaldırdı. Bundan sonra,  16 oktyabr 2021-ci il tarixli qərarı[4] ilə 1200 m3-dək (1200 m3 daxil olmaqla) 1 kub metr üçün təbii qazın qiymətini 12 qəpik,  əhali qrupu üçün 200 kVts-dan – 300 kVts-dək (300 kVts daxil olmaqla) üçün elektrik enerjisinin  1 kVts-nin qiyməti 9 qəpik, 300 kVts-dan çox olanda 1 kVts-nin qiyməti 13  qəpik müəyyənləşdirdi[5]

Beləliklə də ötən il Tarif Şurasının çoxsaylı qərarı ilə demək olar ki, bütün növ kommunal xidmətlər (istilik enerjisi istisna olmaqla) bahalaşdırıldı. Bundan əlavə də Tarif Şurası ötən il davamlı olaraq dərmanların qiymətini də artırıb[6].

İl ərzində bazarların qarşılıqlı fəaliyyəti və idxal mallarının mənşə ölkəsində qiymət bahalaşması nəticəsində inflyasiya artırıcı amillər fəal olub. Bu səbəbdən də hətta rəsmi informasiyalara görə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil edib. DSK-nın digər məlumatına görə, 2021-ci ilin ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz olub[7].  Əslində 11,2 faizlik inflyasiya ölkədə iki rəqəmli inflyasiya səviyyəsini  təsdiq edir. Baxmayaraq ki, müstəqil ekspertlər işsizliyə, yoxsulluğa və inflyasiyaya dair rəsmi göstəricilərin mövcud gerçəkliyi təhrif etdiyini bildirirlər və DSK-nın hesablamaları ilə razılaşmırlar.

2021-ci ilin 11 ayında  manatın nominal effektiv məzənnəsi 7.3 faiz, real effektiv məzənnəsi isə 8.8 faiz bahalaşıb. Bu ilin noyabrında manatın qeyri-neft nominal effekiv məzənnəsi 2016-cı ilə nisbətən 29 faiz yüksəlib ki,  bu da dünya və regional bazarlarda  qeyri-neft məhsullarının rəqabət qabiliyyətini  daha da zəiflədib. Bununla yanaşı, manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalaşması Azərbaycanda inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olmasını şərtləndirib ki, bu da son nəticədə iqtisadi artıma, xüsusən  qeyri-neft ixrac siyasətinə mənfi təsir göstərib.  Belə ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının ortaçəkili inflyasiya səviyyəsindən yuxarı  olub.

Ötən il qiymət artımından ən çox əziyyət çəkən aztəminatlı əhali oldu. Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat təşkil edib[8]. 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən əhalinin nominal gəlirləri cəmisi 2,5 faiz artıb[9]. Göründüyü kimi, ilin yanvar-noyabr aylarında  əhalinin nominal gəlirləri və  orta aylıq nominal əməkhaqqının artım templəri həmin dövr ərzində  inflyasiya ilə müqayisədə 2,5 dəfə az olub ki, bu da xüsusilə də yoxsulluğun artımına gətirib çıxarıb. Lakin, bütün bunlara baxmayaraq dövr ərzində əmək haqlarının və sosial ödənişlərin artımı sahəsində tədbirlər həyata keçirilməyib, hətta sosial müdafiə tədbirlərinin əhatə dairəsi özündən əvvəlki illə müqayisədə daralıb. Belə ki, dövr ərzində icra olunan büdcə vəsaitlərinin 18,01 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 17,55 faizi təhsil və səhiyyənin, 14,89 faizi ümumi dövlət xidmətlərinin payına düşdüyü halda yalnız 13,67 faizi sosial müdafiə və sosial təminata yönəldilib. Eyni zamanda rəsmi rəqəmlərə görə, son bir ildə ünvanlı sosial yardım (ÜSY) alanların sayında ciddi azalma müşahidə olunur.  DSK-nın son məlumatına görə, 2020-ci ilin birinci yarısında ölkədə 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı sosial yardım alıb. 2021-ci ilin iyulun 1-nə olan nəticələrə görə isə, ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü bu yardımdan faydalana bilib[10]. Beləliklə də yola saldığınız ilin 1-ci yarısında ondan əvvəlki illə müqayisədə  ünvanlı sosial yardım alan ailələrin sayı təqribən 22 min nəfər azalıb.

Ötən il ünvanlı sosial yardım alanların sayının azlması ilə yanaşı pensiyaçıların və əlillərin sayında da kəskin azalma qeydə alınıb. 2021-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 205,4 min nəfər pensiyaçı qeydə alınıb, onların 709,9 min nəfərinə yaşa görə, 352,9 min nəfərinə əlilliyə görə, 142,6 min nəfərinə ailə başçısını itirməyə görə pensiya verilib. Bütün növ pensiyaların orta məbləği 329 manat təşkil edib.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

 Rəsmi statistik məlumatlara görə, respublikamızda  2018-ci ilin əvvəlinə 1 milyon 318,4 min nəfər, 2019-cu ilin əvvəlinə 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfər, 2021-ci ilin əvvəlinə isə 1 milyon 228,8 min nəfərə pensiyaçı qeydiyyatda olub[11]. Göründüyü kimi, son 3 ildə pensiyaçıların sayı 89,6 min nəfər, son 1 ildə isə 41,8 min nəfər azalıb.

Son illərdə pensiyaların sayının azalması səbəblərindən biri pensiya yaşının artırılmasıdır. Hazırda Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır, 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.  Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi[12].

İl ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklə və pensiya ilə  mübarizə apardıb və 2019-cu ildən bu günə qədər on minlərlə insanların əlilliyini, yüz minlələr insanların pensiyası  ləğv edib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamasına görə, “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”. Nazir deyib ki, cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib[13].

İlin sonuna yaxın əhalinin sosial durumunun pisləşdiyini nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamı qüvvəyə minib[14]. Bu sərəncamın  icrasından irəli gələrək, 1 yanvar 2022-ci ildən minimum əmək haqqı[15] və pensiyaların minimum məbləği, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin[16], o sıradan diaqnostikadan keçən müəllimlərin[17],  eləcə də Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəli şəxslərin və mülki əməkdaşların vəzifə maaşları 20 faiz artırılıb[18]. Bununla yanaşı, bır sıra  sosial müavinətlər, tələbə təqaüdləri[19] də qaldırılıb.

DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb[20]. Lakin, 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala vəsait yönəldilməsi azalıb. Belə ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  bu istiqamətə 11,2 faiz az  vəsait yönəldilib[21].  Dövr əzrində  nominal ÜDM-in ötən illə müqayisədə artımında baza ilində – 2020-ci ildə pandemiyaya görə qeydə alınan 4,3  faizlik tənəzzül[22] və bu il ərzində inflyasiya səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq istehlak xərclərinin çoxalması, dünya bazarında xam  neftin və qazın  qiymətlərinin kəskin bahalaşmasına görə xalis ixracın  artımı əhəmiyyətli rol oynayıb, baxmayaraq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən əvvəlki illə müqayisədə[23] 7,4 faiz çox  10,4 milyard dollarlıq mal idxal edib[24].  2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artıb, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalıb, ixrac isə 6,6 faiz artıb[25].  Müstəqil ekspertlərin hesablamalarına[26] görə, yalnız idxal mallarının bahalaşması səbəbindən əhali bu ilin 11 ayında 3,1 milyard manat əlavə xərcləyib ki, bu da həmin dövrdə  pərakəndə ticarət dövriyyəsinin 3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 4,6 faiz  artımını şətləndirib. Göründüyü kimi,  2021-ci ildə nominal artımın keyfiyyəti aşağı olub, ilin 11 ayında qeyd alınan 5,3 faizlik artımdaha çox qlobal əmtəə  bazarlarında konyuktur dəyişikliyi və inflyasiya təzyiqi ilə baş verib.

2021-ci il bir sıra institutların, o sıradan fondların yaradılması, iqtisadi zonaların, sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların yaradıması, birləşdirilməsi və  idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində atılan bir sıra addımlarla yadda qalıb.  İlin əvvəlində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilmiş  “Azərbaycan Respublikasının İqtisadi Şurası təsis və onun Əsasnaməsi təsdiq olunub[27]. Bununla yanaşı İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” (publik hüquqi şəxs) yaradılıb[28]. Bundan başqa  19 yanvar 2021-ci il tarixli president fərmanı ilə  işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlik institutu[29],  Qarabağ Dirçəliş Fondu təsis edilib[30]

İl ərzində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında[31] fərman imzalanıb, Qarabağ iqtisadi rayonu yenidən formalaşdırılıb, Şərqi Zəngəzur iqtisadi rayony yaradılıb. Eyni zamanda  İqtisadi Zonaların İnkişafı Agentliyini[32], Ağdam Sənaye Parkının[33],”, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının[34] yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanları imzalanıb. Prezindent fərmanları ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”[35] və İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi[36]” təsdiq olunub.

2021-ci ildə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda  bir sıra dəyişikliklər [37] edilsə də yola saldığımız il böyük özəlləşdirmə ilinə çevrilə bilməyib.  Bu dəyişikliklər “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun nəzərdə tutulmuş səlahiyyətlərin  Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bölüşdürülməsini əhatə edib.   

2021-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı[38] ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası[39] yaradılaraq[40] onun  idarəetmə strukturunun təkmilləşdirilməsi[41] istiqamətində addımlar atılıb, eyni zamanda  “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti  Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib[42].  

11 oktyabr 2021-ci ildə prezident “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında[43]  fərman imzalayıb və 2021-ci il 1 dekabr tarixli digər fərmanla mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydasını[44] təsdiq edib.

Nəhayət, 2021-ci il 2 fevral tarixli 2469 nömrəli president sərəncam  ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilib[45].  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş istiqamət Milli Prioritet müəyyənləşdirilib:

  • dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
  • dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  • rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  • işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  • təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Lakin, il ərzində bu sərəncamdan irəli gələn tədbirlərin icrasına dair tələb olunan addımlar atılmayıb. Belə ki, “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi ilin sonunadək qəbul olunmayıb.

Göründüyü kimi, 2021-ci il iqtisadı baxımdan ağır və mürəkkəb il olub, çoxsaylı president fərmanları ilə zəngin olsa da onların icrasında əhəmiyyətli addımlar ili kimi yadda qalmayıb. Eyni zamanda  bu il ərzində də korrusiya və inhisarçılıq iqtisadi inkişafa mane olan əsas problemlər sırasında yer alsa şəffaflıq və hesabatlılığın artırılması, açıq və rəqavətli tenderlərin keçirilməsi istiqamətində gözlənilən addımlar atılmayıb, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə milyarlarla manatlıq  dövlət sifarişləri birbaşa satınalma metodu ilə qapalı həayata keçirilib. İlin əsas xüsusiyyətlərindən biri də əhalinin əsasən ərzaq, dərman və kommunal  xərclərinin artması, manatın alıcılıq qabliyyətinin aşağı düşməsi, yüksək inflyasiya şəraitində gəlirlərin dəyərsizləşməsi, pensiyaların kəsilməsi, əlillik dərəcələrinin ləğv edilməsi və adekvat sosial müdafə tədbirlərinin həyata keçirilməməsi olub. İl ərzində işsizliyin və yoxsulluğun  artması müşahidə olunsa da məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı və ölkədə yoxsulluq səviyyəsinə dair rəsmi məlumatlar  açıqlanmayıb.

İl ərzində çoxsaylı fondlar və digər institutlar yaradılsa da, dövlət şirkətləri idarəçiliyə verilsə də  onların ardınca struktur dəyişiklilərinin, o sırada özəlləşdirmə bu iqtisadiyyatda institutsional dəyişikliklərlə nəticələnməyib, ÜDM nominal olaraq artsa da artımın keyfiyyəti aşağı olub.

Qubad İbadoğlu


[1] http://www.tariffcouncil.gov.az/?/az/news/view/174/

[2] http://www.tariffcouncil.gov.az/?/az/news/view/177/

[3] http://www.tariffcouncil.gov.az/?/az/news/view/179/

[4] http://www.tariffcouncil.gov.az/?/az/news/view/181/

[5] http://www.tariffcouncil.gov.az/?/az/news/view/181/

[6] http://www.tariffcouncil.gov.az/?/az/news/view/180/

[7] https://www.stat.gov.az/news/source/Press-11_21.pdf

[8] https://stat.gov.az/news/index.php?id=5080

[9] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1

[10] https://www.azadliq.org/a/unvanli-sosial-yardim/31423791.html

[11] https://www.bakupost.az/azerbaycanda-pensiyacilarin-sayi-azalib-statistika

[12] https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/resmi-oten-il-pensiyacilarin-sayi-azalib/

[13] https://apa.az/az/xeber/senaye-ve-energetika/nazir-10-ayda-esassiz-pensiyalarin-legvi-neticesinde-500-milyon-manat-vesaite-qenaet-edilib-670062

[14] https://president.az/articles/53499

[15] https://president.az/articles/54661

[16] https://president.az/articles/54657

[17] https://president.az/articles/54663

[18] https://president.az/articles/54788

[19] https://president.az/articles/54681

[20] https://www.stat.gov.az/news/index.php?id=5081

[21] https://www.stat.gov.az/news/index.php?id=5075

[22] https://www.stat.gov.az/news/index.php?id=4788

[23] https://customs.gov.az/modules/pdf/pdffolder/93/FILE_45C557-47936F-4905F2-F58720-F39E35-6509D8.pdf

[24] https://customs.gov.az/modules/pdf/pdffolder/104/FILE_942B7D-0FC01B-06643C-1DADF4-D77DE0-106B20.pdf

[25] https://www.stat.gov.az/news/index.php?id=5077

[26] https://www.meydan.tv/az/article/iqtisadci-bahalasma-ehalini-elave-31-milyard-manat-xerce-salib/

[27] http://www.e-qanun.az/framework/46868

[28] https://azertag.az/xeber/Azerbaycan_Biznesinin_Inkisafi_Fondu_publik_huquqi_sexs_yaradilib-1898036

[29] https://president.az/articles/50281

[30] https://president.az/articles/50258

[31] https://president.az/articles/52389

[32] https://apa.az/az/sosial_xeberler/Iqtisadi-Zonalarin-Inkisafi-Agentliyi-yaradilib-625703

[33] https://president.az/articles/51773

[34] https://president.az/articles/53319

[35] https://president.az/articles/54716

[36] https://president.az/articles/54717

[37] https://president.az/articles/54604

[38] https://president.az/articles/50344

[39] https://socar.az/socar/az/company/supervisory-board/chairman-of-socar-supervisory-board

[40] https://president.az/articles/51420

[41] http://www.e-qanun.az/framework/1899

[42] http://e-qanun.az/framework/48269

[43] https://president.az/articles/53411

[44] https://azertag.az/xeber/Mikro_ve_kichik_sahibkarliq_subyektlerinin_istehsal_etdikleri_mehsullarin_ticaret_sebekelerinde_satisinin_genislendirilmesine_destek_Qaydasi-1940296

[45] http://e-qanun.az/framework/46813

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button