SEÇMƏ

Azərbaycan daha 6 erməni hərbçisinin nəşini qaytarıb

Yayımlandı: 24 Sentyabr 2022 12:15

Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə icra olunub

Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə 6 hərbçinin nəşini Ermənistana təhvil verib.

Məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Azərbaycan sentyabrın 17 və 20-i tarixlərində də 127 hərbçinin nəşini Ermənistana verib.

Ondan əvvəl də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası atəşkəsin 12-13 sentyabrda pozulması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verib və nəticədə hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyi 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyini açıqlayıb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button