Xəbərlər

Azərbaycan, Ermənistan və Rusiya prokurorları görüşüb

Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin, Azərbaycan və Ermənistanın baş prokurorlarının dekabrın 8-də Moskvada üçtərəfli görüşü keçirilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, görüşdə Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəsinin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Açıqlamada habelə bildirilir ki, görüş çərçivəsində Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının imzaladığı bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.

Azərbaycanın bir sıra dövlət qurumları da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq istədiklərini bildiriblər. Hazırda bununla bağlı Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi ilə danışıqlar gedir. Məsələyə, hələlik, başqa maraqlı tərəflərin münasibəti isə bəlli deyil.

Rusiya Baş prokuroru İqor Krasnov isə deyib ki, tədbir hər üç ölkə başçısının qəbul etdiyi bəyanatlar əsasında keçirilir: “Sözsüz ki, lokal münaqişələr yalnız geosiyasi vəziyyətə destruktiv təsir etmir, həm də cinayətkarlıq, terrorçuluq, ekstremizm ideyalarının və düşmənçiliyinin yayılmasına münbit şərait yaradır”.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 2021-ci ildə tərəflər arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat da imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Xaçmaz ərazisində suiti cəsədləri aşkarlanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button