ÖLKƏ

Azərbaycan Ermənistandan da geri qalır

AXCP İqtisadiyyat Komissiyasımın sədri Nemət Əliyev

Ermənistanın nəyi üstündür ki, qeyri-neft mallarının ixracını bizdən 4,5 dəfə çox artıra bilib? Bəs Azərbaycanın nəyi əskik olub ki, dünya bazarına Ermənistandan az qeyri-neft malları ixrac etmişik? Nədir bizdə yerində olmayan? Axı Ermənistanı bu məsələdə irəli çıxaran nəyidir: pulumu, işçi qüvvəsimi, havasımı, suyumu, hərarətimi, işgüzarlığımı?… Axı nəyi? Sadalanan çox vacib bu parametrlərin hər biri üzrə bir neçə dəfə üstün olduğumuza yəqin ki, şübhə edən tapılmaz. Elə isə nə? Bu sualın ağlabatan cavabını verən tapılarmı?

Sonuncu müşavirədə dövlət başçısı İlham Əliyev qeyri-neft mallarının ixrac səviyyəsinin 14 faiz artmasını təqdir edərək bildirdi ki, bu nəticə son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqətlə, güzəştli kreditlərin verilməsi ilə, subsidiyalarla bağlı aparılan islahatlarla və digər tədbirlərlə şərtlənib… Bəs hökumətin bu yöndəki fəaliyyətini təqdir eləmək olarmı? Bu suala cavab almaq üçün konkret faktlara müraciət edək.

Faktlara və müqayisələrə keçməzdən əvvəl bir məsələni xatırladım ki, qeyri-neft mallarının ixracının artırılması məsələsi daha çox 2015-ci ildən başlayaraq gündəmə daşınıb və bu sahədəki fəaliyyətin gücləndirilməsi az qala bir nömrəli vəzifə kimi bütün hökumət üzvlərinin və dövlət orqanlarının qarşısında qoyulub. Bundan ötrü, belə demək mümkünsə, hökumət ayağa qaldırılıb, islahat mövzusu gündəmi zəbt eləyib və ardınca da ruslar demişkən, raport raportun dalınca gəlib…

Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin rəsmən açıqladığı məlumatlara görə 2019-cu ildə 1,954 milyard dollar, 2014-cü ildə isə 1,709 milyard dollar həcmində qeyri-neft məhsulları ixrac etmişik.

(Mənbə 1: customs.gov.az/modules/pdf/pdffolder/84/FILE_4A9D8C-5B4D1A-34831F-265C31-60B8D6-94CBDD.pdf);
(Mənbə 2: www.stat.gov.az/news/macroeconomy.php?page=59&arxiv=1).

Faktiki bazar qiymətləri ilə hesablanmış bu iki dövrə aid göstəriciləri müqayisə etsək, məlum olur ki, qeyri-neft mallarının ixrac həcmi ötən 5 ildə vur-tut 245 milyon dollar çoxalıb. Orta hesabla hər ilə 49 milyon, hər aya 4 milyon dollar düşür.

Beləliklə, ayağa qaldırılmış və ölkənin bütün resurslarını səfərbər edən hökumətin 5 ildə ortaya qoyduğu nəticənin orta aylıq göstəricisi bu 4 milyon dollardan ibarətdir. Bu 4 milyon dolların Azərbaycanın çox geniş potensial imkanları ilə müqayisədə nə qədər az olmasına dair nəticə çıxarmağı dəyərli oxucuların öz öhdəsinə buraxıram (nəzərə alın ki, keçmiş nəqliyyat nazirinin oğlu 1 ayı qonaqlığına 1 milyon dollar xərcləmişdi). Çünki qeyri-neft mallarının ixracının artırılması sahəsində hökumətin 5 illik fəaliyyətinə qiymət vermək baxımından bu dəyərləndirmə çox vacibdir.

Daha aydın təsəvvür yaranması üçün müqayisəni başqa müstəvidə davam etdirək. İstər ərazi böyüklüyünə, istər əhali sayına, istər maliyyə imkanlarının gücünə, istərsə də iqlim əlverişliyinə görə Azərbaycanla müqayisəedilməz dərəcədə çox-çox zəif olan Ermənistan ötən 5 ildə ixracın (ixrac elədiyinin hamısı qeyri-neft mallarıdır) illik həcmini 1,1 milyard dollar artırıb (2019-cu ildə ≈2,6 milyard dollar (bu göstərici 11 aylıq dövrün əsasında hesablanıb), 2014-cü ildə 1,5 milyard dollar).

(Mənbə 3: eu8.proxysite.com/process.php?d=irRZIft%2Fz3%2FVYkGBf6YDypweUyW20sIbRAk%2Fki7AklstD%2BgJGqYb8R0BX5fE0%2B4dyw%3D%3D&b=1);
(Mənbə 4: eu8.proxysite.com/process.php?d=irRZIft%2Fz3%2FVYkGBf6YDypweUyW20sIbRAk%2Fki7AklstD%2BgJGaYb%2FB0BX5fE0%2B4dyw%3D%3D&b=1).

Diqqət edin, qeyri-neft mallarının ixracını son 5 ildə biz 245 milyon dollar, Ermənistan isə 1,1 milyard dollar artırıb. Daha dəqiq ifadə etsək, Ermənistan hökumətinin bu yöndəki fəaliyyəti işğalçı ölkəni bizim ölkə ilə müqayisədə 4,5 dəfə irəli çıxarıb. Qeyri-neft mallarının ümumi ixrac həcminə görə də Ermənistandan geridəyik: 2019-cu ildə biz 1,9 milyardlıq qeyri-neft malları ixrac etmişiksə, Ermənistan 2,6 milyardlıq ixrac eləyib. Burada fərq 700 milyon dollar və ya 37 faizdir.

Bu müqayisələrdən sonra soruşuram ki, bütün təbii parametrlər üzrə üstün olduğumuz mövqelərdən istifadə səviyyəsi niyə bu dərəcədə geri düşüb? Neft olmasaydı, nə hallara düşə biləcəyimizi təsəvvür edə bilirsinizmi? Halbuki, maliyyə imkanlarının yüksək olduğu dövrlərdə iqtisadi siyasətin istiqamət və prioritetlərini düzgün qurmaqla bu zəif cəhətlərimizi çox rahatlıqla və çoxdan aradan qaldırmaq olardı. Amma və lakin bunu etməyiblər. Odur ki, qeyri-neft mallarının hazırkı ixrac səviyyəsinə qane olmaq, onu təqdir eləmək və ölkəmizi bu acınacaqlı vəziyyətə gətirib çıxaran siyasətə haqq qazandırmaq mümkün deyil.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close