Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazandı

Belarus yığması Bakıda iki qola üzüldü
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
İtaliyalı Canni De Byazinin baş məşqçisi olduğu komanda 4-cü tur çərçivəsində Bakıda Belarus millisi ilə üz-üzə gəlib. Bu rəqiblə Millətlər Liqasının 2-ci turunda baş tutan oyunda qalib müəyyənləşməmişdi (0:0).
“Dalğa Arena”da keçirilən budəfəki oyunda nəhayət, Azərbaycan millisi Millətlər Liqasında ilk qələbəsini qazana bilib. Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən Mahir Emrelinin və “Qarabağ”ın üzvü Ramil Şeydayevin matçın sonlarında vurduğu qollar Azərbaycan yığmasına qələbə qazandırıb. Bu qollar, həm də, Azərbaycan millisinin Millətlər Liqasında cari mövsümdəki ilk qolları olub. Bundan əvvəlki oyunlarda seçmə komanda Qazaxıstana (0:2) və Slovakiyaya (0:1) uduzmuş, Belarusla qolsuz heç-heçə etmişdi.
Belarus üzərindəki 2:0 hesablı qələbədən sonra Azərbaycan millisi UEFA Millətlər Liqasında xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.