Now Reading:
Azərbaycan müxalifətinin hədəfi dəyişməlidirmi?

Azərbaycan müxalifətinin hədəfi dəyişməlidirmi?

Navalnının sonuncu mitinqlərdə Putini deyil, Medvedevi hədəf göstərməsi artıq yeni metod kimi tez-tez istinad olunur, bizdə də bu metoddan istifadə etmək məsləhət görülür, tənqid hədəfinin hanısa nazir, icra başçısı, “jek” müdiri olmasının daha effektiv olduğuna, tənqid edərkən çox da yuxarı qalxmamağa, ən yaxşı halda Artur Rəsizadə və Hacıbaladan o yana keçməməyə haqq qazandırılır. Digər tərəfdən, Navalnının da siyasi fəaliyyəti təhrif edilmiş olur.

Əslində Navalnı nə etdi? Bilirsiz ki, Rusiyada da kütləvi media bizdəki kimi hökümətin nəzarətindədir. Amma bizdən fərqli olaraq, Rusiyada bir tərəfdən kütləvi media, təbliğat, digər tərəfdən xəstə millətçilik Putin haqqında nəinki müsbət imic formalaşdırıb, hətta onu xilaskar kimi qəbul edirlər, Putin fanatlıq səviyyəsində dəstək alır, əhali arasında nüfuzu 80%-ə qədərdir. Hətta qərb ekspertləri də etiraf edirlər ki, əgər Rusiyada azad, ədalətli seçki keçirilərsə, Putin indiki nüfuzla yenidən prezident seçilə bilər. Millətçilik onları da o vəziyyətə gətirib ki, əhalinin əksəriyyəti belə fikirləşir ki, aclıq olsun, təki Kırım bizim olsun, yeməyə çörək tapmaya bilərik, amma Donbası verə bilmərik. Bu durumda Navalnı ölkədə olan korrupsiyanın, rüşvətxorluğun tüğyan etdiyini əhalinin böyük çoxluğunu təşkil edən Putin tərəfdarlarını hiddətləndirmədən, hətta onların dəstəyini almaqla mitinqlər vasitəsilə gündəmə gətirmək istədi. Təbii ki, bunun yeganə yolu Putini birbaşa yox, dolayısıyla hədəf göstərməklə ola bilərdi. Ona görə də Navalnı birbaşa Putini yox, Putinin partiyasının və ona yaxın olan deputatların əzici çoxluq təşkil etdiyi Dövlət Dumasının razılığı ilə Putinin özü tərəfindən təyin edilən baş nazir Medvedevi hədəf göstərdi, yəni bu dolayısıyla Medvedevin təyin edilməsi üçün hüquqi və siyasi məsuliyyət daşıyan Putinin hədəf göstərilməsi idi. Bu formal olaraq Putini hədəfə gətirmədən onun tərəfdarlarını neytrallaşdırmaq, hətta onların dəstəyini qazanmaq cəhdi idi, bir strateji gediş idi. Bu gediş bizdə tənqidi jek müdiri, bələdiyyə sədri, icra başçısı, maksimum hansısa nazirla məhdudlaşanlar üçün ilham mənbəyinə, istinad nöqtəsinə çevrildi. Halbuki Navalnı bu metodu yalnız bəlli bir məsələ ilə bağlı – Putin tərəfdarlarını mitinqlərə cəlb etmək üçün istifadə etdi. Bunu Navalnının bütün fəaliyyətinə aid etmək yüksək haqsızlıqdır. Çünki Navalnının əsas işlərindən biri korrupsiya araşdırmalarıdır, əsas hədəfi də həmişə Putin olub. Sadəcə fərqli məsələlərdə fərqli üsullardan istifadə edir.

Açığını desək, burada məsələ nə Navalnıdır, nə də onun fəaliyyətini kiçiltməkdir. Azərbaycanda bir acı reallıq var ki, bunu qəbul etməliyik və bu reallıq bizim hələ uzun illər çox acılar çəkəcəyimizi göstərir. İki cəbhə var, müxalifət və iqtidar cəbhəsi. Müxalifət cəbhəsi, təəssüf ki, bir məsələdə hər dəfə iqtidar önündə 1 – 0 geridədir və bu da demokratik dəyişikliyi onillərlə uzadır: müxalifət səngərindən çıxıb iqtidar düşərgəsinə həmlə edən siyasi qüvvəyə qarşı iqtidarlı-müxalifətli bütün siyasi təşkilatlar avtomatik olaraq təbii müttəfiqə çevrilir. Navalnının da o strategiyası təhrif edilərək, silah kimi istifadə olunur. Məsələ bu qədər bəsitdir.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.