Xəbərlər

“Azərbaycan Ordusuna qarşı mütəşəkkil, planlı təxribatlar aparılır”

Loading...

* * *

Sual: Ərəstun bəy, son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olduğu açıqlanıb. Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Sizcə, nə baş verir? Sizcə, bu kimi addımlar adekvatdırmı? 

Ərəstun Oruclu

Cavab: Əvvəla, bir pozuntuya görə hərbçilərə ikiqat cəza tətbiq olunması (tərxis etmə və onlara dair materialların hüquq-mühafizə orqanlarına göndərilməsi) təkcə məntiqsizlikdən və qeyri-adekvat cəzadan deyil, həm də hansısa başqa mətləblərdən xəbər verir. Mənə elə gəlir ki, hərbçilərimizin belə sərt cəzalandırılmasının arxasında orduda nizam-intizam yaradılması məqsədindən və ya hansısa məxfilik rejiminin qorunmasından daha çox qeyd olunan hərbi əməliyyatların uğursuz təşkil olunması görüntülərinin üzə çıxması dayanır. Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsindən sonra baş verənlər və ya daha dəqiq ifadə etsəm, orduya qarşı atılan addımlar ciddi şəkildə təhlil olunmalı, dərindən öyrənilməlidir və burada söhbət təkcə qeyd etdiyiniz sərhəd qarşıdurmasından getmir. Dediyim kimi, belə təəssürat yaranır ki, 44-günlük müharibədən sonra sanki kimlərsə qalib ordunu sıxmaq, onu gözdən salmaq, mümkün qədər çox sayda hərbçimizi cəzalandırmaq yolunu tutub ki, bunun da niyyət və məqsədləri mütləq aydınlaşdırılmalıdır. Konkret sərhəddə baş verən son qarşıdurmadan yayılan videolardan əməliyyatın çox qeyri-peşəkar təşkil olunması açıq-aydın görünürdü ki, yüksək komandanlıqda narahatlıq doğuran da yəqin bu, olub. Söhbət o səviyyədə qeyri-peşəkarlıqdan gedir ki, bunu nəinki hərbi ekspertlər, hətta orduda adi sıravi kimi xidmət etmiş şəxslər də görə bilir. Odur ki, ilk növbədə 7 hərbçimizin şəhid olmasının və on nəfərin yaralanmasının səbəbləri araşdırılmalıdır. Mənim isə bütün bu məsələlər haqda birmənalı mövqeyim var və həmin mövqeni dəfələrlə açıq bəyan eləmişəm. 2009-cu ildə Hərbi Hava Qüvvələri komandanı general-leytenant Rail Rzayevin qətlindən tutmuş son hadisələrədək orduda baş verənlərin mütləq əksəriyyətini dərindən araşdırmış bir şəxs kimi tam əminliklə deyirəm ki, uzun illərdir Azərbaycan Ordusuna qarşı mütəşəkkil, planlı təxribatlar aparılır və onlar xaraktercə hibrid müharibənin əlamətlərini xatırladır. Ən dəhşətlisi də budur ki, bu haqda illərdir danışılsa da, aylardır “Tərtər işi” adlanan cinayətdə yüzlərlə hərbçi başına gətirilmiş faciələr, məruz qaldıqları vəhşiliklər haqda danişsa da Müdafiə Nazirliyi qəbir daşı kimi susmaqdadır. Niyə? Bu sualın cavabı elə həmin hərbçilərin danışdıqları dəhşətli cinayətlərdədir. Deməli, ictimailəşdirilənlərin hamısı həqiqətdir, ona görə də dövlət və hakimiyyət orqanlarının danışmağa sözü yoxdur. İlk növbədə də Müdafiə Nazirliyinin. Amma bu cinayətdə iştirak edənlərin, onu araşdırıb səbəbkarları üzə çıxarmalı olanların hamısı danışmalıdır. Bu gün danişmalı və bütün ittihamlara cavab verməlidilər. Ordu xalqındır, orada xidmət edənlər bu xalqın övladlarıdır və ən azı buna görə də yarasa kimi gizlənmək əvəzinə xalqın qarşısına çıxıb bütün suallara, ittihamlara cavab verilməlidilər.     

Sual: Bu yaxınlarda hərbi prokuror Xanlar Vəliyev jurnalistlərə açıqlamasında bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb. Bu nədən xəbər verir? Sizcə, cinayət işi qaldırılan şəxslər həqiqətən səriştəsizlik edən şəxslərdir, yoxsa bu məsələdə də şübhəli tərəflər var?

Cavab: Xanlar Vəliyevin tərcümeyi-halına, həyat yoluna, hərbi prokuror kimi bütün fəaliyyətinə bələd olan biri kimi ilk növbədə onu deməliyəm ki, belə bir şəxsin bu günədək həmin postda qalması təkcə qanunsuzluğun, özbaşınalığın təntənəsi deyil, həm də Azərbaycan Ordusuna, dövlətinə və xalqına ciddi təhdiddir. Bu şəxsin və onun rəhbərlik etdiyi qurumun bütün fəaliyyəti ordunu çökdürməkdən ibarət olub və elə buna görə də istər “Tərtər işində” və ya Hərbi Dəniz Qüvvələrinin dağıdılmasında, istərsə də digər təxribatlarda əsas fiqurantlardan biri kimi məhz onun adının çəkilməsi heç də təsadüfi deyil. Elə Vəliyevin məlum açıqlamasında dedikləri ona cinayət işinin açılması üçün tam kifayət edir. Xatırladım ki, Xanlar Vəliyev hərbi prokurorluğun məlum “Tərtər işi” cinayətinə səbəb olmuş araşdırmalara qatılmasınadək 1 nəfərin öldüyünü dedi, amma həmin işdə azı 11 nəfər qətlə yetirilmiş hərbçinin adı və qətl tarixləri bəllidir. Bu adama elə həmin açıqlamanın ardınca sual verilməli idi ki, bəs qalan 10 nəfər necə və nə vaxt qətlə yetirilib? Özü də bu sualı onun istintaqını aparmalı olan müstəntiqlər verməli idi, amma gördüyümüz kimi Xanlar Vəliyev yüksək havadarlarının sayəsində nəinki vəzifəsində qalmaqda, hətta öz çirkin əməllərini də davam etdirməkdədir. Qaldı onun səsləndirdiyi cinayət işlərinə, burda söhbət elə yayğın bir ittihamdan gedir ki, onu istənilən səviyyədə komandirə qarşı istifadə etmək olar. Xanlar Vəliyevin dəstəsi məhz belə də edir. Həm ordunu təhdid altında saxlamaq və həm də hədə-qorxu yolu ilə külli miqdarda rüşvət toplamaq məqsədilə.   

Sual: Statuslarınızın birində yazmısız ki, “Bir çoxları düşünürdü ki,44-günlük müharibədən sonra orduda təxribatlar dayanacaq, amma bu gün bunun tam əksini görməkdəyik.” Nəyə əsasən bunu yazmısız? Yenədəmi, kimlərsə “cəsus ovuna” çıxıblar? Və bu ova çıxanlar hamının təxmin etdiyi cəsusları ifşa edəcəklər, yoxsa yenidən “Tərtər işi”nə bənzər hadisələr yaşana bilər? 

Cavab: Bəli, bunu təkcə status şəklində yazmamışam, dəfələrlə müxtəlif müsahibələrimdə də xüsusi vurğulamışam. Bu gün artıq tam aydındır ki, İkinci Qarabağ Müharibəsinin ardınca Tərtər qətliamını yenidən və daha fəal şəkildə gündəmə qaytarmasaydıq, ikinci və daha böyük miqyasda “Tərtər işi” törədiləcəkdi. Buna da başlamışdılar və elə həmin səbəbdən də şəxsən mən 2017-ci ildən araşdırmağa başladığım bu mövzuya qayıtmağa məcbur oldum. Tərtər cinayətinin yenidən gündəmə qayıtması onun təşkilatçılarını taktikanı dəyişməyə məcbur etdi, artıq “casus ovu” alınmayacaqdı, amma strategiya qaldı. Strategiya isə dediyim kimi, ordunu çökdürmək, onun döyüş qabiliyyətini aşağı salmaq, qalib ordunu məğlub dəstəyə çevirməkdir. Dediyim hibrid müharibənin komponentlərindən biridir bu. Ona görə də müharibə hələ bitməmiş artıq orduda həbslər başladı, ardınca Şuşa fatehi polkovnik Tehran Mənsimovun ordudan tərxis olunması, sonra XTQ-dən kənarlaşdırılaraq başqa quruma qaytarılması və ən sonda da prezidentin Mühafizə Xidmətinə keçirilməsi. Nəticə belədir: əfsanəvi XTQ komandiri artıq ordu sıralarında xidmətdə deyil. Başqa bir misal: hələ 2019-cu ilin əvvəlində saxta, əsassız məhkəmə hökmləri ilə guya bağlanmış “Tərtər işinə” görə ilyarımdan sonra, daha dəqiq desəm 2020-ci il noyabrın 9-da döyüşlərdə yaralanmış mayor Ziya Kazımovun hərbi prokurorluğun “yadına düşərək” hospitaldan aparılaraq barəsində həbs qətimkan tədbiri seçilməsi. Tərtərdə törədilən qətllərə görə bircə nəfərə də qətlə yetirmə ittihamı verilməsə də, Ziya Kazımova qarşı məhz həmin maddə ilə iş açıldı. Mən Z. Kazımovun günahsız olduğunu iddia eləmirəm, amma sual edirəm ki, niyə bu, Azərbaycan Ordusunun qələbəsindən dərhal sonra “yada düşdü”? Onlarla belə hallar sadalaya bilərəm ki, bunların ayrı-ayrılıqda mütləq əksəriyyətində qanun və məntiq əlamətləri görünmür, amma onları bir yerə toplayıb təhlil etdikdə ölkə üçün təhlükəli bir fəaliyyətin dəst-xətti aydın görünür.

Sual: Bunu edənlərin məqsədi nədir?

Cavab: Məqsəd xarici dövlətlərin, konkret halda isə bu, Rusiyadır, ya xüsusi xidmət, ya da digər orqanlarının sifarişini yerinə yetirməklə Azərbaycan dövlətini və ordusunu çökdürməkdir. Tərtər cinayətində və orduya qarşı törədilmiş bütün digər cinayətlərdə məqsəd bir olub: ordunu əzmək, xalqı aşağılamaq, onlara özünə inamsızlıq və məğlubiyyət əhvalı aşılamaq, xalqın qürurunu təhqir etmək və bütün bunlarla Azərbaycan dövlətinin əsaslarını sarsıtmaq. Azərbaycan dövləti bu gün böyük geosiyasi mübarizənin mərkəzindədir, burda da mübarizə aparan tərəflər onu öz qaydaları üzrə aparırlar. Təbii ki, öz agentura şəbəkələrinin əlilə. Mən hələ 2017-ci ilin sonunda bunun kəşfiyyat əməliyyatı olduğunu yazmışdım, bu gün isə artıq digər ölkələrdə baş verənlər, xüsusilə də onların dəst-xətti dediklərimi tam təsdiq etdi. Ukraynadakı separatçı DNR terrorçularının Rusiya FTX (FSB) agentlərinin iştirakı ilə Ukrayna hərbçilərinə qarşı törətdikləri cinayətlər, işgəncələr ən xırda detalları ilə “Tərtər işinin” təkrarıdır. Bir müddət əvvəl Rusiyanın özündə 3 cəzaçəkmə müəssisəndə törədilən analoji iyrənc əməllərin görüntülərinin müzakirəsində də onların FTX (FSB) agentlərinin sifarişi ilə törədildiyi təsdiqləndi. Yəni, hər kəsin öz dəst-xətti var, Tərtərdə törədilənlər də Rusiya dəst-xəttidir. Ona görə də bu məsələni ilk növbədə ölkənin təhlükəsizlik orqanları araşdırmalıdır, amma bunun üçün müvafiq siyasi qərar olmalıdır. Görünən budur ki, belə qərar yoxdur.     

Sual:  Bəs bunları edənlərə niyə “dur!” deyən yoxdur? Bacara bilmirlər, yoxsa bu formada idarəetmə hamısının xeyrinədir? Onları durdurmaq üçün nə etmək lazımdır?

Cavab: Artıq qeyd etdim ki, “dur!” demək üçün siyasi qərar, onun üçün də siyasi iradə olmalıdır. Hələlik bunların heç biri görünmür. Bunun səbəbləri isə cinayətkarların havadarlarından çəkinməkdən tutmuş daxili siyasi səbəblərədək çox müxtəlif ola bilər. Yox, əgər kimsə siz deyən kimi, idarəetməni bu metodlara söykənməklə həyata keçirməkdə görürsə, onda bütün mümkün nəticələr haqda da düşünməlidir. Təkcə optimist nəticələr deyil, həm də bunun mümkün ağır fəsadları haqqında. Fəsadlar isə mütləq olacaq. Əgər orduya qarşı törədilmiş qanlı cinayətin üstündən 5 ilə yaxın vaxt keçməsinə rəğmən o, hələ gündəmdədirsə deməli, bu haqda çox ciddi-ciddi düşünməyə dəyər. Qaldı onları durdurmaq məsələsinə, əgər bunu siyasi hakimiyyət etməyəcəksə, deməli, ondan əlini üzən xalqın özü və ya elə terror, zorakılıq, işgəncə qurbanı olmuş minlərlə hərbçi edə bilər. Amma bu halda xalq da həmin qanlı cinayəti ifşa etmək, cinayətkarları cəzalandırmaq istəməyən hakimiyyətin yanında olmayacaq. Son olaraq bunu da deyim: hakimiyyət dedikdə Azərbaycan siyasi reallığında bir nəfər – İlham Əliyev nəzərdə tutulur. Odur ki, qərarı da o, verməlidir. İlham Əliyev isə hələ də susur. Sanki bu qədər cinayətlər onun prezidenti olduğu ölkədə Ali Baş komadanı olduğu orduya qarşı törədilməyib. 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button