Now Reading:
Azərbaycan prezidenti bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Monqolustan prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan prezident İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları – parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Monqolustan prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycan prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğulayıb. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini də qəbul edib. Görüş zamanı dövlət başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd edib. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğulayıb və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirib.

Səfir Hamzat İbrahim isə ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını deyib. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirib. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edilib.

*** 14.31

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dövlət başçısı bu gün həmçinin Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan və Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnamələrini qəbul edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.