SEÇMƏ

Azərbaycan Qarabağı necə itir? – Təhlil

Laçın rayonundakı Su Elektrik Stansiyasının (SES) işə salınması II Qarabağ savaşı ilə bağlı açıq qalan sualları yenidən gündəmə gətirib. SES-in işə salınması barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, Laçın rayonundakı SES rusiyalı sülhməramlıların dəstəyi və köməyi ilə işə salınıb. Hasil edilən elektroenerji Laçın şəhərinə, ətraf kəndlərə və Xankəndinə verilir.

Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata görə, Laçın SES-i rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazidə, su bəndi isə Azərbaycan ordusunun azad etdiyi ərazidə qalmışdı. Su-elektrik stansiyasının maşın zalı Laçın dəhlizinin ərazisindədir və hazırda orada erməni fəhlələr çalışır.

İctimaiyyəti narahat edən əsas məsələ bu SES-dən separatçıların mənafeyinə uyğun istifadə edilməsi, xüsusilə orada erməni fəhlələrin çalışması ilə bağlıdır. Bu, Rusiya sülhməramlılarının separatçılara növbəti dəstəyi, qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) müstəqil subyekt kimi mövcudluğunu gücləndirməyə cəhd kimi dəyərləndirilir.

İkinci Qarabağ savaşı noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistan Baş naziri arasında bağlanan üçtərəfli bəyanat əsasında başa çatıb. Rəsmi Bakının açıqlamalarında qeyd edilir ki, sənədə görə Ermənistan silahlı qüvvələri və separatçı hərbi birləşmələrin Qarabağdan çıxarılması, Rusiya sülhməramlılarının bölgəyə daxil olması, təmas xəttinin aradan qaldırılması, mövcud status-kvonun saxlanılması nəzərdə tutulur. Hətta bəzi hallarda üçtrəfli bəyanat Ermənistanın kapitulyasiyası kimi qələmə verilir. Rusiya sülhməramlılarının bölgəyə daxil olmasından qısa müddət sonra isə üçtərəfli bəyanata zidd addımların şahidi oluruq. Separatçıların rəhbəri Araik Arutyunyanın müstəqil subyektin rəhbəri kimi qəbul olunması, “DQR”in bayrağının hələ də Azərbaycan torpaqlarında dalğalanması, erməni yaraqlılarının ərazidən çıxarılmaması, bəzi hallarda Azərbaycanın mövqelərinə basqınlar təşkil etməsi üçtərəfli razılaşmanın kövrək xarakter daşıdığını ortaya qoydu.

Azərbaycanın ictimai-siyasi mühitində Qarabağla bağlı gedən müzakirələrdə az qala Dağlıq Qarabağın itirldiyi barədə həyəcanlı mülahizələr irəli sürülsə də, rəsmi Bakı hələ ki, baş verənləri təmkinlə seyr edir.

Doğrudur, ölkə başçısı İlham Əliyev Qarabağla bağlı çıxışlarında Dağlıq Qarabağın müstəqil subyekt kimi mövcudluğunun qəbuledilməz olduğunu, separatçı rejimin legitmliyinin tanınması məsələsinin tarixin arxivinə gömüldüyünü bəyan edir. Yəni rəsmi Bakı mövqeyində prinsipial dayanıb və geri addım atmaq niyyətində deyil.

Amma ictimaiyyət, daha doğrusu hakimiyyətin opponentləri, müstəqil ekspertlər real vəziyyətin Azərbaycanın əleyhinə olması barədə iddialar irəli sürür.

Hazırda separatçı rejim faktiki olaraq özünü müstəqil subyekt kimi aparır və bu kifayət qədər nümayişkəranə şəkildə edilir. Məsələn, bir neçə gün əvvəl Araik Arutyunyan Rusiya sülhməramlılarının müşayiəti altında “DQR”in “dirçəliş gün”ünü qeyd edib. Bundan başqa, rus dilinə rəsmi status verib.

Bu addımlar 9 noyabr bəyanatı ilə ziddiyyət təşkil edir. Azərbaycanın baş verənlərə xüsusi səbrlə yanaşması proseslərin arxasında Kremlin dayanması ilə izah edilir. Mülahizələrə görə, Rusiya Cənubi Qafqazda təsir gücünü saxlamaq üçün separatçı rejimdən yararlanır. Nikol Paşinyanın Qərbə daha çox maraq göstərməsi, Kremlin Ermənistanı itirə biləcəyi təhlükəsilə üzləşdirdiyindən Moskva üçün ikinci erməni dövlətinin yaradılması planını işə salması da müstəqil ekspertlərin narahatlıqla səsləndirdiyi ehtimallar sırasındadır.

Baş verən proseslər də bu ehtimalları gücləndirir. Rəsmi Bakının hələ adekvat cavablara tələsməməsi isə indiki həssas dönəmdə, Rusiyaya bağlı V kalonun hər an ölkədə qarışıqlıq yarada biləcəyi, eyni zamanda Qarabağda müharibənin yenidən alovlana biləcəyi təhlükəsi ilə izah edilir. Amma əks fikirlər söyləyənlər də var.

Daha çox müxalif cameədən Dağlıq Qarabağın tədricən itirildiyi barədə iddialar səsləndirilir. Rəsmi Bakı bu iddiaların arşısında da mübhəm bir sükut nümayiş etdirir.

Görünən budur ki, 44 günlük “Vətən Müharibəsi”nin Azərbaycan üçün torpaqları geri qaytarmaq kimi anlaşılması bir qədər qəlizdir. Ətraf rayonların ektremistlərdən təmizlənməsi ümumi fonda uğur kimi görünsə də, əslində, əsas hədəfin məhz işğal olunaraq respublikalaşdırılmış ərazilər olduğu məlum idi. Hazırda Rusiya tərəfindən rəsmi Bakının bu ərazilərdə bütün nəzarətini itirdiyi daha qabarıq nümayiş etdirilir. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qəsb, o cümlədən beynəlxalq hüquqa ziddir. Bakı isə səssizdir…

Əlavə olaraq, Rusiyanın bölgəyə genişheyətli Türkiyə Ordusunu burxmaması da fakt olaraq qalır.

Görünən budur ki, Azərbaycanın Dağlıq Qarabağı qanunsuz silahlı birləşmələrdən tam azad etməsi üçün hələlik şansı çox azdır. Arxada qoyduğumuz hər gündə Rusiya Qarabağı Azərbaycandan nümayişkəranə şəkildə qoparmaq niyyətində olduğunu sərgiləyib. Hətta qondarma rejimin nümayəndələri ilə rəsmi görüşlər keçirərək onları ilk dəfə tərəfmüqabili kimi təqdim etməsi, yaxın illərdə bölgədən yenidən şiddətli barıt qoxusunun gələcəyinə işarədir. Elə bu məqamda ölkə başçısı İlham Əliyevin Rusiyanı nəzərdə tutaraq “müharibə bitib, amma biz görürük ki, onlar yenə də Ermənistanı silahlandırır” narahatlığı da yerinə düşür.

Başqa sözlə, hazırda “Qarabağ Azərbaycandır” şadyanalığının de-fakto təsdiqi reallıqdan çox uzaqdır.

Qarşımızda isə hər zamankı Ermənistandan çox fərqli, daha çox demokratik prinsiplərə söykənərək Rusiyanı regiondan uzaqlaşdırmağa çalışan Paşinyan hökuməti və Qafqazı əlindən buraxmamaq üçün “ikinci Ermənistan” yaratmaq arzusunda olan Rusiya var.

Deməli, müharibə bitməyib və 30 illik sual hələ də açıq olaraq qalmaqdadır – AZƏRBAYCAN QARABAĞI AZAD EDƏ BİLƏCƏKMİ?

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button