Now Reading:
Azərbaycan və Türkiyə müxalifətinin İNCƏ fərqi

Türkiyədə prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Muharrəm İncə təbliğat-təviqat dövrünün 43 günü ərzində 100  mitinq keçirib.

Az24saat.org xəbər verir ki, 10 minlərlə, hətta bəzən 100 minlərlə insanın toplaşdığı mitinqlər müxalifət namizədinin heç də hakim AKP-nin namizədi – prezident Rəcəb Tayyib Ərdoğandan zəif olmadığını göstərir.

Nəzərə alaq ki, Türkiyədə prezident və parlament seçkiləri bir neçə ay irəli çəkilərək, iyunun 24-ə növbədənkənar təyin edilib. Amma görünən odur ki, seçkinin qəfildən növbədənkənar təyin edilməsi nə CHP-yə, nə də digər müxliafət partiyalarının seçki hazırlığına təsir göstərməyib. Deməli, Türkiyə müxalifətinin bütün gözlənilən və ya gözlənilməz qərarlardan doğan vəziyyətlə bağlı “B planı” var.

Ancaq aprel ayında eyni vəziyyətlə üzləşən Azərbaycan müxalifəti növbədənkənar seçki qərarında faktiki pat vəziyyətinə düşdü və seçkidə iştirak etməkdən imtina – boykot yolunu keçdi. Bunu isə məhz növbədənkənar seçki təyin edilməsi ilə bağlı  “hazırlıqsız yaxalanma” ilə əlaqələndirdilər. Düzdür, Azərbaycanda seçki prosesi Türkiyədə olduğu kimi qaynar keçmir, burada 100 minlərlə insanın yığışdığı mitinq etmək də mümkün deyil, ancaq bütün hallarda seçki prosesindən kənarda qalmamaq mümkün idi.

2018-ci ilin fevral ayında Azərbaycanda növbədənkənar seçki qərarı veriləndə 24saat.org saytı Milli Şuranın sədri Cəmil Həsənlidən müsahibə almış və o, müxalifətin növbədənkənar seçkiyə hazır olmasığını açıqlamışdı: 

Cəmil Həsənlidən sitat: Belə bir şəraitdə növbədənkənar prezident seçkilərinin təyin edildiyi aprel ayı kütləvi etiraz aksiyalarının keçirilməsi üçün əlverişsizdir, bu məsələnin bir tərəfi. Digər tərəfi, bütün ictimai hərəkatlar, partiyalar oktyabra hazırlaşırdı, işlərini buna uyğun qurmuşdu. Birdən-birə gözlənilməz şəkildə vaxt 6 ay qabağa çəkilir. Bu isə, seçkidə iştiraka meyilli olan partiya, ictimai-siyasi təşkilatlar üçün çox ciddi və əlavə problemlər yaradır.

24saat.org:Belə başa düşdüm ki, rəhbəri olduğunuz Milli Şura aprel ayında baş tutacaq seçkilərə hazır deyil, eləmi?

– Söhbət hazır olub-olmamaqdan getmir, biz hələ seçkilərdə iştirak edib-etməmə qərarı da verməmişik. Çünki bütün siyasi qüvvələr bu böyük siyasi kampaniyaya hazırlaşanda özü üçün plan tutmuşdu. Birdən-birə seçkilər 6 ay bu qabağa çəkilir və deməli 6 ay vaxt bu seçkiyə qatılmaq fikri olan qurumların əlindən alınır.

-O zaman belə bir sual yaranır – Zahid Oruc 7 dekabr 2017-ci il tarixində Milli Məclisə etdiyi çıxışında təklif etmişdi ki, prezident seçkiləri 7 ay əvvəl, mart ayında keçirilsin.

– Kim demişdi?

Deputat Zahid Oruc… Həmin bu təklifdən sonra müxalifətin aparıcı qanadı kimi hansısa “B planı” hazırlamadınızmı? Yəni belə bir ehtimal olarsa, biz də bunu edərik kimi…

– Zahid Oruc axı elə bir fiqur deyil ki, ona istinadən hansısa plan olsun.

-Amma oldu…

– Bütün hallarda Zahid Oruc mart ayını demişdi, bu aprelə oldu. Belə şeyləri Zahid Oruc müəyyən etmir, nə də qərar vermir. Görünür hakimiyyətinin özünün hansısa planları, niyyətləri var. Çünki Zahid Orucun çıxışından ayyarım sonra rəsmən hakimiyyət tərəfindən seçkilər oktyabrın 17-ə təyin edilmişdi.

***

Müsahibədən də göründüyü kimi, Azərbaycanda seçkinin bir neçə ay əvvələ çəkilməsi müxalifətin prosesə hazır olmadığını və Türkiyə partiyalarında olduğu kimi bütün kritik vəziyyətlər üçün “B planı”na malik olmadıqlarını ortaya qoydu.

 

Günel Məmmədova

24saat.org

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.