2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan XİN: “Sarkisyan ərazi bütövlüyümüzü tanıyırsa, qoşunlarını çıxarsın”

Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyanın “Sputnik” informasiya agentliyinə müsahibəsini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, müsahibədə Ermənistan prezidenti yenə də öz mahiyyətini ortaya qoyub, iddialarla və şikayətlərlə çıxış edib: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında Helsinki Yekun Aktına uyğun olaraq münaqişənin həllinin əsasını təşkil edən prinsiplər öz əksini tapıb. Bu prinsiplərə güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə daxildir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə bu prinsipləri təhrif edir, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verməyə çalışır”.

Saytların yığılması Saytlarin yigilmasi

XİN rəsmisi əlavə edib ki, 1975-ci il Helsinki Yekun Aktında ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd edilir: “Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir”.

O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək onun ərazilərinin işğalını və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək cəhdləri göstərir: “Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və ölkəmizin ərazilərinin ilhaqını pərdələmək cəhdindən başqa bir şey deyil. Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

H.Hacıyev deyib ki, Ermənistan BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olarkən öz üzərinə digər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi öhdəlik götürüb: “Hər bir dövlət kimi, Ermənistanın da borcu və öhdəliyidir ki, digər dövlətlərin, o cümlədən qonşu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsın. Azərbaycanın ərazi bütövlüyünün yalnız bir anlayışı var və bu anlayış da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini nəzərdə tutur. Ölkəmizin ərazi bütövlüyü Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistan konstitusiyasına görə, ölkənin xarici siyasətini dövlət başçısı müəyyən edir və o, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dediyi halda, digər şəxslər fərqli bəyanatlarla çıxış edirlər. Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Ermənistan prezidentinin də şəxsən qatıldığı Sankt-Peterburq görüşündə müzakirə olunan təkliflər də bunu nəzərdə tutur”.

XİN rəsmisi bildirib ki, indi Ermənistan tərəfi Sankt-Peterburq görüşündən irəli gələn məsələlərin həlli istiqamətində addımlar atmaq və qəbuledilməz hesab olunan status-kvonu dəyişmək əvəzinə, bəhanələrə əl atır, qəsdən insidentlərin araşdırılması kimi texniki məsələləri gündəliyə gətirməklə əsas hədəfdən yayınmağa cəhd göstərir:

“Nəzərə almaq lazımdır ki, münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kimi vacib sənədlər var. Bu qətnamələr də ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə olunmasını və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu qətnamələr, eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı hücumları və onun ərazisinin bombardman edilməsini xüsusilə vurğulayıb. Ermənistan bu qətnamələrin tələblərini hələ də yerinə yetirməyib”.

H.Hacıyev qeyd edib ki, Ermənistan dövlətinin başçısının Dağlıq Qarabağın “müstəqil olmasını və ya Ermənistana birləşdirilməsi”ni görməyi arzulaması və hələ bundan bir qədər əvvəl “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deməsi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə köklü şəkildə ziddir: “Bu, bir daha sübut edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı siyasətini yürüdür və Ermənistan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinin tərəfdarı deyil, bu ölkənin danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır”. (“Trend”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button