Loading...
Loading...
ÖLKƏ

Azərbaycan XİN Şuşa yaxınlığındakı insidenti təxribat sayır

Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşa yaxınlığında baş vermiş insidenti Ermənistan tərəfinin “növbəti təxribatının nəticəsi” hesab edir. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in noyabrın 8-də Şuşa yaxınlığında baş verən insidentlə bağlı açıqlamasını şərh edib.

Ermənistan Azərbaycan tərəfin açdığı atəşdən yaralanmış üç vətəndaşının vəziyyətinin orta ağır olduğunu deyir. Bu haqda özünü Dağlıq Qarabağın “ombudsmanı” kimi təqdim edən Geqam Stepanyan məlumat yayıb. O, 22 yaşlı bir vətəndaşın isə həlak olduğunu deyib.

Rəsmi tədbir vaxtı təmir işləri

Erməni tərəfin iddiasına görə, dünən – noyabrın 8-də Şuşa şəhəri yaxınlığındakı yolayrıcında su xəttinin təmir edən mülki şəxslərə atəş açılıb.

Leyla Abdullayeva isə qeyd edir ki, “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur”. Onun sözlərinə görə, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. “Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”, – Abdullayeva vurğulayıb.

O, həmin tarixdə Şuşada Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə tədbir keçirilirdiyini, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyünü sözlərinə əlavə edib. “Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”, – şərhdə vurğulanır.

Sülhməramlıların işinə kölgə salmaq

Azərbaycan Ermənistanı 10 noyabr atəşkəs bəyanatının birinci ildönümü ərəfəsində Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaqda, üçtərəfli bəyanatın müddəalarının pozmaqda ittiham edir.

Noyabrın 7-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini gözdən salmaqda suçlayıb. O, Qarabağda atəşkəs rejiminə tam əməl olunmadığını deyirdi.

Ötən il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda əməliyyatlar dayandırıldı, Laçın dəhlizinə və ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirildi. Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edə bildi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button