2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan yeni dünyada: dəyişməyə məhkumuq

Azərbaycan-Ermənistan münaqişəsinin çözülməsində ABŞ və Avropa İttifaqının fəallığı ilkin nəticələr verib. 44 günlük müharibədən sonra Rusiyanın patronajlığı ilə keçirilən danışıqların heç biri belə pozitiv əhval-ruhiyyə və konkret addımlarla müşayiət olunan irəliləyişlərə səbəb olmamışdı… 

İrəvan Bakıdan sülh danışıqları üçün verilmiş 5 baza prinsiplərini qəbul edib, bu ayın sonuna qədər sərhədləri dəqiqləşdirmək üçün ikitərəfli komissiyalar formalaşdırılacaq, xarici işlər nazirlikləri sülh razılaşmaları üzərində işləməyə qərar verdilər. Daha sonra nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan münaqişə tarixində ilk dəfə telefonda danışıb, sülh planını müzakirə etdilər.

Aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki məlum çıxışı, Azərbaycan Prezidenti İlham Əliyevin hökumətin müşavirəsində dedikləri prosesin məntiqi ardıcıllıqla davamıdır. Baş nazir dedi ki, Qərb Ermənistandan Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünün tanınmasını və Qarabağın statusu ilə bağlı gözləntilərini aşağı salmasını istəyir. Əks halda, İrəvan Qərbin köməyinə ümid etməməlidir. 

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev isə bildirdi ki, Avropa İttifaqı postmüharibə dövrünün reallıqlarını qəbul edib, Ermənistan da Bakının irəli sürdüyü 5 baza prinsipi üzrə sülh danışıqlarına başlamağa razılıq verib. 

Beləliklə, Qərbin mövqeyi getdikcə daha da aydınlaşır: Qarabağ Azərbaycanın tərkibində olmalıdır, təhlükəsizlik qarantiyaları və digər detallar ancaq bu çərçivədə müzakirə oluna bilər. Münaqişə tərəfləri, prinsipcə, Qərbin dəstəklədiyi bu həll yoluna üstünlük verirlər. Sülh danışıqlarının gedişində bütün detallar yəqin ki, xırdalıqlarına qədər müzakirə ediləcək…

Münaqişənin nizamlanmasında əldə olunan bu irəliləyiş Cənubi Qafqaz regionunu hərbi-siyasi nəzarətində saxlayan Rusiyanın işğal etməyə çalışdığı Ukraynada ağır vəziyyətə düşdüyü dövrə təsadüf edir. Sürətli qələbəyə ümid edən Kreml ciddi uğursuzluq və çoxsaylı itkilərlə üzləşib və aparıcı Qərb ölkələrinin, beynəlxalq təşkilatların sərt sanksiyaları altındadır. Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamışdı ki, ABŞ və Fransa Minsk Qrupunda onlarla əməkdaşlığı dayandırıblar. Rusiya faktiki nizamlanma prosesində oyundankənar vəziyyətə düşüb, indi o, Ermənistanda və Qarabağdakı təzyiq rıçaqlarını işə salıb, müharibədən sonra qurduğu status-kvonu saxlamağa çalışır. Əlbəttə, Kremlin regiondan tezliklə çəkiləcəyini gözləmək sadəlövhlük olardı. Amma geosiyasi qüvvələr balansının dəyişməsi ilə sürətlə ortaya çıxan reallıqları öz maraqlarına uyğun şəkilləndirməsi az ehtimal olunur.

Beləliklə, Azərbaycan Qərbin regionda fəallaşmasının və tədricən təşəbbüsü ələ almasının ilk bəhrələrini görməkdədir. Rəsmi Bakının on illiklər ərzində axtardığı ədalət indi onun qarşısına çıxıb. Doğrudur, bu situasiyanın yaranmasında 44 günlük müharibənin nəticələri fövqəladə əhəmiyyətə malikdir. Bu gün Qərb postmüharibə dövrünün reallıqlarını ona görə qəbul edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğundur, onun tələbləri buradan kənara çıxmır. Həm də qalib ölkə kimi şərtləri diktə etmək onun siyasi, mənəvi haqqıdır. Əlbəttə, burada iqtisadi, təhlükəsizlik maraqları da ön plandadır. Rusiya enerjisini bloklayan Avropanın alternativ enerji mənbələrinə ciddi ehtiyacı var. Azərbaycan burada həm neft-qaz resursları, həm də ötürücü kəmərlər şəbəkəsi, tranzit əhəmiyyəti ilə Qərbə ciddi dəstək ola bilər. Onu da qeyd edək ki, Rusiyanın iqtisadi blokadaya alınması fonunda ölkənin Şərq-Qərb nəqliyyat dəhlizində əhəmiyyəti birə beş artırır.

Ukrayna müharibəsinin formalaşdırmağa başladığı beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri birmənalı olaraq Qərbin yanındadır. Bu, həmişə belə olub, amma aqressiv Rusiya faktoru bu əməkdaşlığa, inteqrasiyaya ciddi maneələr yaradıb. Bir çox hallarda siyasi hakimiyyət də geosiyasi qüvvələr arasında məharətlə manevr edərək, həm ölkənin təhlükəsizliyini, həm də öz maraqlarını təmin edib. Hazırda dəyişməkdə olan qüvvələr balansı bu imkanları daraldır və Azərbaycan iqtidarının qarşısında yeni reallıqlar yaradır. Çünki ölkənin siyasi, iqtisadi, hüquq sistemində vacib olan islahatlar həyata keçirilməyib. Azərbaycanda azad və ədalətli seçkilər, müstəqil məhkəmə hakimiyyəti, hesabatlı hökumət, güclü parlament, azad media və rəqabətli iqtisadiyyat arzu olaraq qalıb. Ölkə beynəlxalq hesabatlarda qeyri-azad ölkələr sırasında göstərilir, beynəlxalq media və şəffaflıq təşkilatları da Azərbaycanın adını aşağı yerlərə yazır. ABŞ Dövlət Departamentinin bu günlərdə açıqladığı illik hesabatında Azərbaycandakı problemlər detallı təsvir edilib. Qeyd edək ki, bu mötəbər sənəd ölkənin iqtisadi, siyasi əlaqələrinin qurulmasında mühüm rola malikdir. Məsələn, Azərbaycana sərmayə yatırmaq istəyən şirkətlər əvvəlcə ölkə haqqında belə rəylərlə tanış olub, sonra qərar verirlər…

Ötən illər ərzində Azərbaycanın qonşuları, postsovet ölkələri Avropaya inteqrasiya kursundan böyük nailiyyətlər əldə etsələr də Azərbaycan bu istiqamətdə kiçik addımlar atıb. Dünya Ticarət Təşkilatına üzv olmayıb, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirak səviyyəsi Belarusdan yüksək deyil, İttifaqla Assosiasiya Sazişi imzalamaqdan imtina edib, xeyli məhdud Tərəfdaşlıq Sazişi üzərində illərdir nəticəsiz danışıqlar aparır…

Yeni münasibətlər sistemində belə geridə qalmış, avtoritar idarəçiliklə ayaqda qalmaq, rəqabət aparmaq çox çətindir. Rusiyanın zəiflədilməsi fonunda ortaya çıxmış yeni geopolitik reallıqlar yeni öhdəliklər də yaradır. Azərbaycan daxildən ciddi şəkildə dəyişib, sivil dünyanın dəyərlərini əks etdirən siyasi sistem inşa etməlidir. 

İlk növbədə siyasi qüvvələr arasında gerçək dialoq, düşmənçilik mühitinin aradan qaldırılması, siyasi məhbusların azadlığa buraxılması, media, sərbəst toplaşma azadlığına yaradılan maneələrin ləğv edilməsi, böyük islahatlar paketi ilə bağlı ictimai müzakirələr üçün əlverişli ictimai mühit formalaşdıra bilər. 

Bütün islahatların mənbəyi ilk növbədə Konstitusiyanın dəyişdirilməsidir. Ötən illərdə Əsas qanuna əlavə edilmiş mürtəce müddəalar aradan qaldırılmalı, hakimiyyət bölgüsü, yerli idarəçilik, seçkilər, insan hüquq və azadlıqları və s. sahələrlə bağlı mütərəqqi dəyişikliklər edilməlidir.

Azərbaycan dəyişməyə məhkumdur, ölkəni siyasi inkişafdan saxlayan idarəçilikdən imtina edib yeni inkişaf yoluna çıxmalıdır. Bu prosesə start verilməsi yaxın gələcəkdə başlayacaq Azərbaycan-Ermənistan sülh danışıqlarında ölkənin mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Turqut 

24 saat” “Azərbaycan yeni dünyada: dəyişməyə məhkumuq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button