Loading...
Loading...
SosialXəbərlər

Azərbaycanda bu ilin sonundan pullu avtomobil yolu olacaq – RƏSMİ

Natiq Cəfərli: Dövlət büdcəsindən tikilən yolun pullu olması məntiqsizlikdir, biz o yolun pulunu artıq ödəmişik”

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında “Bakı – Ələt – Astara – İranla dövlət sərhədi” avtomobil yolu ilə bağlı açıqlama verib. O yolun bir hissəsinin bu ilin sonundan ödənişli olacağını deyib.

“Report” agentliyi ona istinadən bildirib ki, bununla bağlı hazırda lazımi tədbirlər görülür:

“Yeni yolun ödənişli olması əvvəlcədən müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni istiqamətdə alternativ yol var və buna görə yeni yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təkliflər vermişik. Təklifi ölkə prezidenti və Nazirlər Kabineti qəbul edib. Yəqin ki, bu ilin sonuna qədər həmin yolun 172 km-lik hissəsi ödənişli yol kimi xalqa xidmət edəcək”, S.Məmmədov deyib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, dövlətin vəsaiti hesabına infrastruktur layihələrinin pullu olması məntiqsizlikdir.

Onun sözlərinə görə, əgər dövlətin istəyi varsa ki, büdcənin yükünü azaltsın və bu sektordan kənara çəkilsin.

“O zaman qanunvericilikdə dəyişikliklər olmalıdır, yəni özəl sektorun infrastruktur layihələrində iştirakı təmin edilməlidir. Nəticədə özəl sektor yolun çəkilməsində və həm sürət xəttinin müəyyənləşməsində, həm təmirində iştirakına görə pul yığa bilər. Ona görə adıçəkilən yolun pullu olması tamamilə məntiqsizlikdir. Obrazlı desək, biz həmin yolun pulunu artıq ödəmişik”.

Onun fikrincə, yeganə olaraq dövlət həmin yolu xarici vətəndaşlar üçün pullu edə bilər.

“Çünki xarici vətəndaşlar dövlətə vergi ödəməyiblər, yəni yolun çəkilişində iştirak etməyib. Ağır yük maşınlarından istifadə edən şirkətlərə həmin yol üçün əlavə vergi qoymaq olar. Bu vəsait də yolun təmirinə ayrılmalıdır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli başqa ölkələrdə pullu yolların olması haqda suala belə reaksiya verdi:

“Bütün dünyada pullu yolların çəkilməsində dövlət və özəl sektor qarşılıqlı münasibətlər şəklində olur. Türkiyədə İstanbul üçüncü boğaz körpüsü tikilərkən dövlət və özəl sektor birgə çalışdı. Kommunikasiyaların çəkilməsini dövlət həyata keçirdi, amma körpünü özəl şirkət saldı və keçidin pullu olduğu elan edildi”.

O qeyd edib ki, Qərb ölkələrində pullu yollarla paralel dövlətə məxsus da yollar var, insanlar sürətli keçidli yollardan istifadə etmək istəyirlərsə, pul ödəyirlər.

“Dövlət bu yolların çəkilməsinə və ya təmirinə əlavə vəsait ayırmır. Azərbaycanda əsas oyunçu dövlət olduğundan büdcədən vəsait ayrılır və büdcənin formalaşmasında da bütün vətəndaşlar iştirak edir. Düzdür, büdcənin yarısı Dövlət Neft Fondu hesabına formalaşır. Amma Ana Yasaya görə neft xalqa məxsusdur”.

Gözdən qaçırmayın:  Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Back to top button