İqtisadiyyat

AZƏRBAYCANDA bu banklar bağlanır – SİYAHI

“”Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub”

Daha 4 bankın ləğv edilməsi prosesi başlanılıb, həmin banklarda 812,5 milyon manat əmanət qalıb. 

Bu barədə Arqument.az-a ADR Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib.

O bildirib ki, “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

O deyib ki, bankların ləğv edilməsi prosesi davam edəcək: “Baxmayaraq ki, 13 gün öncə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəkı çıxışında Azərbaycanda bank sistemi sabit və likviddir deyən Mərkəzi Bank sədrinin növbəti dönəmdə ilk qərarı 4 bankın fəaliyyətinin dayandırılması oldu. Bununla da fəaiyyəti dayandırılan bankların sayı 17-ə çatdı. Hesab edirəm ki, bu da son deyil, yəqin ki, il ərzində bankların bağlanması və ya birləşməsi prosesi davam edəcək”.


“Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub. Bu o deməkdir ki, bu gündən həmin bankların ödəmə qabliyyətini itirdiyinə görə ləğv edilməsinə başladı. Bu o deməkdir ki, həmin bankların idarə heyəti bu gündən sonra səlahiyyətlərini itirir, ondan sonra ləğv etmə komissiyasının tövsiyyəsi əsasında banklar ya bağlana, ya da birləşə bilər, ondan sonra isə bankda olan əmanətlərin geri qaytarılmasına başlanılmalıdır.

Əmanətlərə gəlincə, 1 oktyabr 2019-cu ilə olan son məlumata görə “Atabank”-da 286,3 milyon manat, 1 yanvar 2020-ci ildə isə “AGBank” -da 208,2 milyon manat, “NBC Bank” 142,8 milyon manat və “Amrah Bank”-da 175,2 milyon manat əmanət vardır. Beləliklə də, 4 bankda cəmi 812,5 milyon manat əmanət qalıb. Əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılacaq. Bu zaman ilk növbədə sığortalanmış əmanətlər sahiblərinə qaytarılacaq və ən böyük çətinlik cari hesablarda olan vəsaitlərlə yanaşı sığorta olunmayan əmanətlərin qaytarılmasında gözlənilir”, – iqtisadçı bildirib.


Onun sözlərinə görə, hazırda koronavirus pandemiyası ilə əlaqədar, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu məhduddur, vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və adif@adif.az e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunur.

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button