Now Reading:
“Azərbaycanda din azadlığı sahəsində vəziyyət pisləşib”- Dövlət Departamenti

“Azərbaycanda din azadlığı sahəsində vəziyyət pisləşib”- Dövlət Departamenti

Ötən il Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşib və hökumət müstəqil dini fəaliyyətə qarşı repressiyaları gücləndirib. Bu barədə ABŞ Dövlət Departamentinin Dini Məsələlər Komissiyasının (USCİRF) aprelin 26-da dərc edilmiş hesabatında deyilir.

Hakimiyyət beynəlxalq terrorizm risklərindən dinc dini etirazların yatırılması üçün bəhanə kimi istifadə edir.

Belə ki, 2017-ci ilin yanvarında “Nardaran işi” üzrə 18 nəfər mühakimə olunub, 10 ildən 20 ilədək həbs cəzası alıb.

Yerli QHT-lərin məlumatına görə, dini əqidələrinə görə 86 nəfər həbs olunub.

Azərbaycan dini azadlıqlar sahəsində mövcud problemlərlə bağlı 2013-cü ildən Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İraq, Qazaxıstan və s. ilə yanaşı, “ikinci kateqoriya” (Tier 2) ölkələr arasında yerini qoruyub saxlayır.

Bir çox postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da avtoritarizmin güclənməsi, dünyəvi siyasi müxalifətin sıxışdırılması dini müxalifətin ortaya çıxmasına şərait yaradıb. Hökumət onları terrorizm və digər qanunsuz əməllər ittihamları ilə nüfuzdan salmağa çalışır.

Misal kimi “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə və daha 17 dindarın həbsi ilə nəticələnən “Nardaran işi” göstərilir. Proses zamanı onlar polisdə onlara qarşı amansız işgəncələr haqqında danışıblar.

Qanunvericilik dini icmaların mütləq qeydiyyatını tələb edir. Qeydiyyatı olmayanlar qanunsuz elan olunur, reydlərə, cərimələrə məruz qoyulur. Bu zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir çox icmaların qeydiyyatından imtina edir və 2009-cu ildən qeydiyyat gözləyənlər var.

Amma dini azadlıqlar ən kəskin şəkildə Naxçıvanda məhdudlaşdırılır.

Qafqaz Müsəlmanları İdarəsinə tabe olmayan məscidlər qeydiyyatdan keçə bilmir. Bu, protestant icmalarına və “İeqova Şahidləri”nə də aiddir.

Eyni zamanda, müsbət məqamlar da var. Belə ki, uzun müddətdir ölkədə yaşayan yəhudilər Azərbaycan cəmiyyətinə inteqrasiya ediblər və antisemitizmlə qarşılaşmırlar.

Həmçinin, azsaylı katolik icması var, hökumət bu icmaya kilsə tikilməsi üçün vəsait ayırıb.

Hesabat müəllifləri ABŞ hökumətinə aşağıdakı tövsiyələri verir:

– Azərbaycan hökumətini dini qanunvericiliyi AŞ-ın Venesiya Komissiyası və ATƏT-in tövsiyələrinə uyğunlaşdırmağa çağırmaq;

– “Vicdan məhbuslarını” azad etmək üçün Azərbaycan hakimiyyəti ilə işləmək;

– ABŞ səfirliyi vətəndaş fəalları və dini fəallarla əlaqə saxlamalıdır;

– Azərbaycan hökuməti BMT-nin dini azadlıqlar, məhkəmələrin müstəqilliyi və işgəncə məsələləri üzrə xüsusi məruzəçilərinin səfərlərinə icazə verməlidir;

– Hökumət dini qruplara azad və qeydiyyatsız fəaliyyət göstərməyə imkan verməlidir;

– Din və etiqad azadlığı qrantlar kateqoriyasına aid olmalı və Milli Demokratiyaya Dəstək Fondu bu sahədə proqramları maliyyələşdirməlidir;

ABŞ hökuməti “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin maliyyələşdirilməsini dayandırmamalıdır.

Azərbaycan hakimiyyəti hələlik sözügedən hesabatla bağlı şərh verməyib. Amma rəsmi Bakı, bir qayda olaraq, ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı tənqidləri təkzib edir. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.