Azərbaycanda karantin gələn ilin martına qədər uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabinetinin dekabrın 22-də verdiyi qərarda bildirilib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il martın 1-i saat 06:00-dək uzadılıb.
Əvvəl bu müddət 2023-cü il yanvarın 1-nə kimi nəzərdə tutulmuşdu.
Son aylar Azərbaycanda koronavirusa yoluxmada kəskin azalma olduğu bildirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 22-də yaydığı məlumatına görə, ölkə ərazisndə son sutkada cəmi 82 şəxsin bu virusa yoluxduğu aşkarlanıb.
Virusa yoluxanlardan son bir sutkada 3 nəfərin vəfat etdiyi bildirilir.
Qurumdan həmçinin bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 825 min nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 10 min nəfəri vəfat edib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.