Now Reading:
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

 

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

24saat.org xəbər verir ki, bu barədə məlumat hələ aprelin 11-də keçirilən prezident seçkilərindən əvvəl yayılmağa başlayıb. Hətta bəzi media orqanları növbədənkənar parlament seçkilərinin vaxtını da elan ediblər: 2019-cu il.

Bəzi siyasi təşkilatlar növbədənkənar parlament seçkilərinin keçirilməsini zərurət hesab etsə də, hakimiyyətə yaxın siyasilər hazırki tərkibin 2020-ci ilə qədər fəaliyyətini davam etdirməsini məqsəduyğun sayır. Yeri gəlmişkən, növbədənkənar parlament seçkilərinin keçirilməsini zərurət hesab edənlər əsasən “konstruktiv müxalifət” kateqoriyasına daxil olan siyasi təsisatlardır. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: “Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”, -deyə ADP sədri vurğulamışdı.
Siyasi ekspertlər hesab edir ki, növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi əslində hakimiyyətdə yeni düzənin formalaşmasına hazırlıq prosesinin getdiyi barədə yayılan məlumatlarla əlaqəlidir. Məsələ burasındadır ki, hazırki parlament iqtidardakı ayrı-ayrı qrupların maraqlarını qoruyan deputatlardan ibarətdir. Bu isə hakimiyyət daxilindəki qruplar arasında ziddiyyətlərin kəskinləşməsi fonunda parlamentin nəzarətdən çıxmasına səbəb ola bilər. Kiçik toqquşmalar zamanı bunun simptomları özünü göstərib. Qəfildən uzun illər hökumətin siyasətini dəstəkləyən hansısa deputat hansısa iri ranqlı məmuru hədəfə alıb, onu sərt tənqid edib. “Obivatel” həmin deputatda nəhayət vicdan hisslərinin baş qaldırdığını düşünsə də, siyasi analitiklər bunu hökumət daxilindəki ziddiyətlərin təzahürü hesab edib.
Yeni düzən isə bir mərkəzdən idarə olunma prinsiplərinə söykənir. Hər halda yayılan məlumatlarda belə deyilir. Oliqarxiyanın sıradan çıxarılması, onların yerinə iddiasız, sözəbaxan kadrların təyin edilməsi də bu iddiaların əsassız olmadığı qənaətini formalaşdırır. Bu düzəndə parlament də bir mərkəzə tabe olmalı, deputatlar hansısa qrupların maraqlarını qorumalı deyil. Bunun baş verib-verməyəcəyini zaman göstərəcək.
Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.