2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda söz azadlığı ilk növbədə siyasi iradədən asılıdır

Son vaxtlar mediada sosial şəbəkə istifadəçilərinin və jurnalistlərin Baş prokurorluğa çağırılmasını, xəbərdarlıq almasını, onlara qarşı prokurorluq tərəfindən məhkəmədə iddia qaldırılmasını, məhkəmə qərarı ilə cərimələnmə və ya inzibati həbs cəzasına məruz qalmasına dair informasiyalara tez-tez rast gəlirik. Eyni situasiya ilə yanvarın 24-də bir qrup sosial şəbəkə istifadəçisi qarşılaşmışdı. Həmin gün Baş prokurorluq tərəfindən yayılan məlumatda deyilirdi ki, bir neçə sosial media istifadəçiləri “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq edilib. Bu şəxslər sosial şəbəkələrdəki paylaşımlarına görə xəbərdarlıq alıblar. Eyni zamanda, jurnalist Səxavət Məmməd və “Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu yazılarına görə hər biri 500 manat cərimə olunublar. Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun “Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına baxıb. İddiada cəmiyyətin təsisçisi olduğu “Yeni avaz” saytının “Facebook” səhifəsində yazılan şərhlər əsas göstərilib və sayt 1500 manat cərimə olunub. Baş prokurorluq “senzor” rolunda çıxış edir?Hüquqşünas Tural Ağayev ASTNA-nın suallarını cavablandırıb.

***

Sual: Son vaxtlar mediada sosial şəbəkə istifadəçilərinin və jurnalistlərin Baş prokurorluğa çağırılmasını, xəbərdarlıq almasını, onlara qarşı məhkəmədə iddia qaldırılmasını, məhkəmə qərarı ilə cərimələnməsini və ya inzibati həbs cəzasına məruz qalmasına dair informasiyalara tez-tez rast gəlirik. Tural bəy, bu qərarların hüquqi və qanuni əsası varmı?

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqşünas Tural Ağayev Cavab: İctimai siyasi fəalların və jurnalistlərin ifadə etdikləri fikirlərə görə, xüsusilə sosial media üzərindən hansısa bir mövzu ilə bağlı açıqlamalarına görə prokurorluq orqanlarına çağırılması və xəbərdarlıq edilməsi halları uzun illərdir ki, müşahidə olunur. Amma son dövlər prokurorluq bir az daha sərt addımlar atmağa başlayıb. Belə ki, bu şəxslərin prokurorluq orqanlarına, xüsusilə Baş Prokurorluğa çağırılması və barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanması hallarında artan tendensiyanı görürük. Bu atılan addımların qanuniliyinə gəlincə, əgər biz dar mənada prokurorluğun bu addımlarının qanuni olub-olmadığını müəyyən etsək, bəli, bu addımlar qanunvericilikdə nəzərdə tutulub. Prokurorluğun qanunvericiliklə həm xəbərdarlıq etmək, həm də inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti var. Amma bu addımların qanuni olması üçün onların yerli qanunvericilikdə nəzərdə tutulması yetərli deyil, bu addımlar həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusilə Avropa Konvensiyasının “qanunilik” prinisipinin kriteriyalarına uyğun olmalıdır. Bu anlamda prokurorluq tərəfindən tətbiq edilən xəbərdarlıq ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması hallarını bir-birindən fərqləndirək. Qanunvericiliyə görə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir. Bu müddəa çox problemlidir və sosial şəbəkələrdə azad fikri boğmaq üçün bu müddəadan geniş istifadə olunur. Müddəanın özündən də göründüyü kimi, xəbərdarlıq qanun pozuntusundan çəkindirmək məqsədi daşıyır, yəni qanun pozunutusu yoxdur, amma birdən ola bilər, prokurorluq bunu önləyir. Bu müddəanın hansısa spesifik cinayətlərin önlənməsində nəsə köməyi ola bilər. Amma bunu konkret ifadə azadlığı kontekstində istifadə etmək, məsələn, sosial şəbəkələrdə fikrini ifadə edən şəxslərə tətbiq etmək çox təhlükəlidir. Təsəvvür edin, bir şəxs sosial mediada bir status paylaşıb, Prokurorluq çağırıb xəbərdarlıq edir ki, bunu yazmasın. Eyni zamanda prokurorluq dolayısıyla etiraf edir ki,  heç bir pozuntu yoxdur, əks halda inzibati xəta üzrə icraat və ya cinayət işi başlamalı idi, amma bunlar yoxdur. Əgər pozuntu yoxdursa, niyə şəxsə xəbərdarlıq edilməlidir? Xüsusilə ifadə azadlığı kimi həssas bir məsələ ilə bağlı belə bir addımın atılması çəkindirici effekt yaradır, fərdləri heç bir qanun pozuntusu elementləri olmayan fikirləri ifadə etməkdən çəkindirir, beləcə demokratiyanın ana sütunu olan ifadə azadlığının sərhədləri bir az daha daraldılır. İnzibati xəta ilə bağlı icraatların başlanması isə polis tərəfindən başladılan uzun illərdir siyasi təzyiq vasitəsi kimi ictimai fəallara qarşı polis tərəfindən açılan inzibati  xəta ilə bağlı icraatların eynisidir, sadəcə bu dəfə icraat birbaşa prorurorluq tərəfindən başlanılır.

Sual: İllərdir biz hansısa tənqidi fikrə görə bir çox şəxslərin təqibə məruz qalmasını eşidirdik. Amma həmin şəxslər başqa ittihamlarla təqsirləndirilirdilər. Yəni konkret tənqidi fikrə görə cəzalandırılsalar da, rəsmi ittiham başqa olurdu. Indi isə konkret yazılan posta, şərhə, hətta jurnalistlərin yazıya görə təqsirləndirildikləri açıq-aydın prokurorluq tərəfindən elan olunur.  Məqsəd nədir? 

Cavab: Əslində təqiblər hər iki formada olub. Sadəcə, doğrudur, fəallar əvvəllər daha çox fəaliyyətlə əlaqədar olmayan fərqli ittihamlarla təqsirləndirilirdilər. Amma çox rahatlıqla deyə bilərik ki, indiyə qədər həbsdən tutmuş müxtəlif formalı təzyiq formalarına qədər atılan bu addımlar böyük ölçüdə bu və ya digər formada şəxslərin ifadə azadlığı ilə əlaqədar olub. Məsələn, jurnalist tutulursa, hansısa yazısına görə olur, hətta siyasi fəal mitinqdə iştirakına görə tutulursa, bu onun sərbəst toplaşmaq azadlığı ilə yanaşı həm də ifadə azadlığına görə həyata keçirilir. Çünki mitinq, aksiya yerləri ifadə azadlığının gur səslə ifadə olunduğu məkanlardır, orada toplaşmaqda məqsəd bu azadlıqdan toplu şəkildə istifadə etməkdir. İfadə azadlığından istifadəyə görə, şəxslərin başqa ittihamlarla saxlanılmasının məqsədi sırf bu azadlıqdan istifadə edilməsinin qanuni məqsəd kimi elan edilməsinin doğuracağı daha ağır nəticələrdir. Belə halda hakimiyyət orqanları iki pisdən nisbətən daha az pisi seçirlər. Çünki Azərbaycan deffamasiyanın dekriminallaşdırılması, ifadə azadlığının sərhədlərinin daha da genişləndirilməsi ilə bağlı üzərinə öhdəliklər götürüb. Belə durumda şəxsin sırf ifadə etdiyi fikrə görə cəzalandırılmasının qanuni məqsəd kimi göstərilməsi hökümətin üzərinə götürdüyü öhdəlikləri açıq-aşkar pozduğu qənaəti yaradır. Amma fərqli ittihamlarla cinayət təqibinin aparılması manevr imkanlarını genişləndirir. Hökümət də beynəxalq qurumlar qarşısında deyir ki, biz filankəsi ifadə azadlığından istifadəyə görə deyil, xuliqanlıq etdiyinə görə, ixtişaş yaratdığına görə və s. həbs etmişik. Ona görə də hətta son dövrlər ictimai şəxslər, aktivistlər ifadə etdiyi fikirlərə görə prokurorluq orqanlarına çağırılsalar da, yenə də müqayisə aparanda fərqli ittihamlarla cinayət işinin və ya inzibati xəta üzrə icraatın başlanması halları yenə də digərlərindən çox üstündür. İfadə azadlığından istifadə edən şəxslər prokurorluq tərəfindən ya daha çox xəbərdarlıq edilir, ya da ifadə azadlığı ilə əlaqəli olmayan fərqli ittihamlarla qarşılaşırlar.

Sual: Hansısa saytın facebook səhifəsində kiminsə yazdığı şərhə görə niyə sayt məhkəməyə verilməlidir ki? Bu həm də media orqanına basqı, nəzarət deyilmi? Demək olarmı Baş prokurorluq senzor rolunda çıxış edir?

Cavab: Öncə onu qeyd edək ki, saytların facebook hesabını həmin saytlardan ayrı götürməyə bilmərik. Bu anlamda nəinki saytların facebook hesablarında gedən paylaşımlara görə, hətta həmin paylaşımların altındakı şərhlərə görə sayt məsuliyyət daşıya bilir. Bununla bağlı artıq Avropa Məhkəməsinin qərarı var. Bu anlamda nəzəri olaraq saytların məhkəməyə verilməsi mümkündür. Ancaq bunu qiymətləndirərkən müdaxilənin qanuni olub olmamasına, qanunidirsə, legitim məqsəd daşıyıb daşımadığına, əgər legitimdirsə bu müdaxilənin zəruri olub-olmamasına diqqət yetirməliyik. Əgər bu üç tələbdən biri qarşılanmırsa, saytlara qarşı atılan addımlar ifadə azadlığının pozulmasına səbəb olur. Yuxarıdakı üç tələbin, xüsusilə müdaxilənin zəruri olub-olmadığını da qiymətləndirərkən işin spesifik hallarına diqqət yetirilməlidir: şərhin məzmunu (zorakılığa çağırış, nifrət nitqi və s.), bu şərhin arxasında duran potensial təhlükə, onun digər izləyicilərə çatımlılığı dərəcəsi, saytın həmin şərhin daha çox auditoriyaya çatmasının qarşının alınması ilə bağlı hər hansı addım atıb-atmaması və s. Sayt məhkəməyə verilibsə və hələ məhkəmə qərar verməyibsə, bu hələ özlüyündə həmin saytın ifadə azadlığının pozulduğu anlamına gəlmir. Amma çox kiçik bir tənqidi şərhə görə prokurorluq saytı məhkəməyə verirsə, artıq məhkəməyə verilmənin özü belə saytın fəaliyyətində çəkindirici effekt yarada bilir və belə olduqda məhkəməyə verilmə halları belə məhkəmənin nə qərar verməsindən asılı olmayaraq ifadə azadlığını poza bilər.

Sual: Bu kimi rəsmi məlumatlarda “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsi, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi və ya 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsinin adı çəkilir. Bu qanunlar və maddələr  ifadə azadlığını tənzimləmək gücünə malikdirlərmi?

Cavab: Gəlin heç bu qanunlara ayrı-ayırılıqda toxunmayaq, bu uzun çəkər. Qeyd edilən qanunlarda çox sayda boşluqlar var. Xüsusilə, elə müddəalar var ki, hüquqi  müəyyənlik prinsipinə cavab vermir, əhatə dairəsi çox genişdir ki,  bu bir tərəfdən ifadə azadlığından yararlanan şəxsləri çətinlik qarşısında qoyur, onların öz addımlarını qanunvericiliyə uyğunlaşdırmaq imkanını azaldır, digər tərəfdən dövlət orqanlarına geniş səlahiyyətlər verir ki, burda da sui-istifadə halları artır. Amma baş verənlərin tamamilə qanunvericiliyin qüsurlu olmasından, beynəlxalq standartlara cavab verməməsindən qaynaqlandığını iddia etmək də doğru olmaz.  Hətta ən ideal qanunveriliyi gətirib tətbiq etsək belə, baş verən müdaxilələrinin ortadan qalxacağına düşünmək yanlış olar. Çünki problem daha çox sistematikdir ki, bunun da səbəbi çox dərinə – hakimiyyət qolları arasında balansın olmaması, icra hakimiyyətinin məhkəmə hakimiyyəti üzərində təsirinin hədsiz çox olmasına qədər gedib çıxır. Ona görə də bu qanunların ifadə azadlığını tənzimləmə gücü bizim kimi ölkələrdə ilk növbədə siyasi iradədən asılı olur. Əgər bu iradə olarsa, hətta qeyd etdiyimiz qüsurlu qanunvericik aktları belə səmərəli işləyə bilir.

Sual: Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və eləcə də Konstitusiya ifadə azadlığını dəstəkləyir. Bu o deməkdir ki, bu kimi hallarda məhkəmələrə üz tutanlar, xüsusən də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edənlərin sayı çoxalacaq. Bu isə Azərbaycanın imicinə və büdcəsinə zərbə vuracaq. Belə olduğu halda niyə rəsmi dövlət orqanı belə addımlara gedir? 

Cavab: Doğrudur, son addımlar göstərir ki, qarşıdakı illərdə biz Avropa Məhkəməsinin ifadə azadlığının pozulması ilə bağlı Azərbaycana qarşı nisbətən daha çox qərar elan edəcəyini görə biləcəyik. Amma bir az da realist olaq. Avropa Məhkəməsində çıxarılan qərarların sayı tətbiq edilən məhdudiyyətlərə adekvat olmur. Azərbaycan 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Bu günə qədər çıxarılan qərarların sayı nə qədərdir? Barmaqla sayılacaq qədər. Amma həmin dövrdə ifadə azadlığı pozulan şəxslərin sayı nə qədərdir? Saysız. Avropa Məhkəməsi subsidiar xarakterli olduğu üçün oraya gedib çıxana qədər yerli hüquq müdafiə vasitələrini keçmək tələb olunur. Təkcə bu vasitələri keçmək də yetərli deyil, sonda işin Avropa Məhkəməsinə göndəriləcəyini nəzərə alıb, pozuntu iddiaları yerli orqanlar qarşısında Avropa Məhkəməsinin tələblərinə uyğun mübahisələndirilməlidir. Əks halda ərizənin uğur qazanma perspektivi az olur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinə göndərilən şikayətlərin 90%-dan artığı qəbuledilməz elan edilir və qərarların elan edilmə müddəti bir-neçə ildən 10 ilə qədər çəkir. Bütün bunları bizim bildiyimiz kimi hökümət də bilir. İmic və büdcəyə zərbə vurmağa gəlincə, imicə təbii zərbə vurur, amma büdcəyə ciddi yük olmur, çünki kompensasiyalar büdcə ilə müqayisədə çox kiçik məbləğlərdir, nəzərə alaq ki qərarların da sayı çox olmur.

Sual: Bildiyiniz kimi,  yaxın vaxtlarda böhtan maddələri ilə də bir neçə siyasi şəxsin məhkəmə qərarı ilə  həbsini müşahidə edirik. VİP sədri Əli Əliyev, “Tərtər işi”nin fəallarından biri Ilham Aslanoğlu.  Böhtan məsələsi də ifadə azadlığına daxildir. Bütün bunlar nə deməkdir? Yeni tendensiya yaranır? 

Cavab: Bu iki işin bir birindən fərqli özəllikləri var. Əli Əliyev baş vermis helikopter qəzası ilə bağlı açıqlama verərək həmin qəza ilə bağlı DSX-nın irəli sürdüyü versiyadan fərqli versiya irəli sürüb. Onun versiyası həmin helikopter qəzasından sağ çıxma şansını istisna edir. O, həmçinin irəli sürdüyü versiyanın baş vermiş olduğunu iddia etmir, sadəcə digər versiyalar kimi bu versiyanın da mümkün olduğunu vurğulayır. Bir əməlin böhtan olması üçün kütləvi paylaşılan məlumat yalan olmalıdır,  həmin məlumatı yayan şəxs bunun yalan olduğundan əmin olmalıdır və bunu yaymaqda əsas məqsədi şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq olmalıdır. Ancaq Əli Əliyevin paylaşdığı çıxışında helikopter qəzası ilə bağlı ifadə etdiyi fikirlər özünün də ifadə etdiyi kimi bir versiyadır, mülahizədir, sadəcə ədalətli araşdırmanın həqiqəti ortaya çıxaracağını bildirir. Ən əsası onun tənqidi çıxışları sağ qalan hərbçilərə qarşı yönəlməyib. Belə bir durumda onun deffamasiya ilə, xüsusilə də cinayət qanunvericiliyinin həmin maddəsində daha yüngül cəza nəzərdə tutulduğu halda maksimum cəzanın təyin edilməsi ifadə azadlığının pozuntusudur. Nəzərə alaq ki, Əli Əliyev siyasi partiya lideridir. Siyasi partiya liderləri, xüsusilə müxalif liderlər yalnız özlərini deyil, böyük bir qrupu təmsil edirlər, ona görə də demokratik cəmiyyətlərdə siyasi partiya rəhbərlərinin, xüsusilə müxalifət liderlərinin ifadə azadlığı daha geniş olur. Səlahiyyətli orqanlar son dərəcə müstəsna hallarda həmin şəxslərin bu azadlığına müdaxilə edə bilərlər. Əks halda siyasi pluralizm, müxalif partiyaların hakim partiyalar üzərində nəzarət fiunksiyası kağız üzərində qalar.

İlham Aslanoğluni işi ilə yaxından tanış deyiləm, Amma bildiyim qədər o, Tərtər işi üzrə öldürülən hərbçilərdən birinin öldürülməsində başqa bir hərbçinin rol aldığını bildirib və həmin hərbçinin adını çəkib. Tərtər işi bağlı artıq əksəriyyət məlumatlıdır. Rəsmi səviyyədə də bu cinayət işi üzrə işgəncə hallarının olduğu, hətta bunun nəticəsində ölənlərin olduğu da təsdiq edilib. İşgəncə ilə bağlı həbsdə olan hərbçilər də var. İşgəncədə rol almış hərbçilərin siyahısı isə bəlli deyil. Baş prokurorluq isə istintaqı təzələyib. İstintaq təzələnibsə, deməli öncəki cinayət təqibində ciddi problemlər ortaya çıxıb. Ədalətli araşdırma olarsa, işgəncədə rol almış şəxslərin adı ortaya çıxa bilər. Bu araşdırmanın sonunda İlham Aslanoğlunun işgəncədə əli olduğunu iddia etdiyi hərbçinin adının olub-olmayacağını görəcəyik. Əgər sonda həmin şəxsin adı da işgəncə verən şəxslərin siyahısında olmuş olsa, onda necə olacaq?  Ona görə də rayon məhkəmələrindən birinin İlham Aslanoğlunu böhtan ittihamı ilə azadlıqdan məhrum etməsi indidən təzələnmiş istintaq şübhə altına almaqdır. Bu səbəbdən deffamasiyanın kriminallaşdırılmasının zərurəti ilə bağlı mövzuya qayıtmadan da deyə bilərik ki, istənilən halda İlham Aslanoğlunun tutulması ifadə azadlığının pozuntusudur.

Sual: Son olaraq nə etməli? Çıxış yolu nədir? Sosial şəbəkə istifadəçiləri, jurnalistlər öz ifadə azadlığı uğrunda necə mübarizə apara bilərlər?

Cavab: Mövzumuza hüquqi aspektdən yanaşdığımız üçün çıxış yolunun da yalnız hüquqi tərəfini vurğulamaq istərdim. Sosial şəbəkə istifadəçiləri və jurnalistlər üçün hələ ki ən səmərəli hüquq müdafiə yolu, iddia edilən pozuntuları yerli instansiyalar qarşısında mübahisələndirdikdən sonra işi Avropa Məhkəməsinə, eləcə də ehtiyac olarsa, BMT-nin müvafiq instansiyalarına göndərməkdir. Amma bilirik ki, Azərbaycanda fəaliyyət göstərən vəkil və hüquqşünasların çox az, hətta barmaqla sayılacaq qədər hissəsi beynəlxalq instnasiyalara baş vurur ki, bu da  mübarizə imkanlarını zəiflədir. Bunun sayı artarsa, hüquqi müdafiə yolu daha da səmərəli olar.

Turan
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button