Loading...
Loading...
SEÇMƏ

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin yayımı dayandırılır

Yayımlandı: 14 Sentyabr 2022 18:15

DTX bunu ordunun uğurlarına kölgə salan məlumatların paylaşılması ilə əlaqələndirir

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin yayımlanması müvəqqəti dayandırılır.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Nazirlik bu addımı 12-13 sentyabr tarixlərində atəşkəsin pozulması ilə əlaqələndirib:

“Hazırda həyata keçirilən hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb”.

DTX vətəndaşları digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırıb.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb. Sentyabrın 14-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ilə hərbi toqquşmada 105 hərbçi itirdiklərini söyləyib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Bufer zona zərurəti

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button