Now Reading:
Azərbaycanın cəbhə bölgələrində unudulan sağlamlıq imkanları məhdud uşaqlar

Azərbaycanın cəbhə bölgələrində unudulan sağlamlıq imkanları məhdud uşaqlar

Tərtər rayonunda məktəb

Sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququ olsa da, bəzilərinin bundan yararlanmaq imkanları yoxdur. Onların hamısının bu hüquqdan yararlanmaq imkanı məhduddur. Xüsusi təhsil ocaqları da ölkənin çox yerində yoxdur — cəbhəyanı ərazilər də istisna deyil.

“Yox, yox, nə danışırsınız? Nə əlillik? Mənim bir övladım var, onun əlil qalmasına, hətta ona əlillik qrupunun verilməsinə razı ola bilmərəm. Oğlum sağalacaq!”

Tərtər rayonunda orta məktəb müəllimi Təranə Zeynalovanın 12 yaşlı oğlu İsmayıl Aqani 2017-ci ilin 6 oktyabrında məktəbə gedərkən yıxılıb və ombası qırılıb. O vaxtdan yataq xəstəsidir.

“Həkimlər bir müddət gözləməyi məsləhət bildilər. Bu yaxınlarda əməliyyat olunacaq”.

İsmayıl 7-ci sinifdə oxuyur. Məktəbə gedə bilmədiyindən evdə təhsil alır. İsmayılın sinif yoldaşları hər gün onun yanına gəlir, dərs cədvəli və tapşırıqlar barədə məlumat verirlər. Müəllimləri də ona mütəmadi baş çəkir, dərsləri izah edirlər ki, tədris prosesindən kənarda qalmasın.

Süleyman Quliyev

Tərtərin Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın yerləşən Səhləbad kənd sakini Süleyman Quliyevin 16 yaşı var. O da İsmayıl kimi evdə təhsilə alır. Hazırda 8-ci sinif şagirdi olan Süleyman 4-cü sinifdən etibarən məktəbə getmir. O, astma-bronxit xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir.

“Oğlumu hər 3 aydan bir müalicə etdirirəm ki, qrip və digər xəstəliklərə yoluxmasın. Ən çox da buna görə məktəbə göndərmirik, çünki hansısa xəstəliyə yoluxsa, vəziyyəti daha da gərginləşəcək”, — atası Zamin Süleymanov bildirir.

Tərtər Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda ümumilikdə 47 orta məktəb var. Evdə təhsilə cəlb olunanların sayı 45 nəfərdir. Ərazisinin 80 faizi Ermənistan Silahlı Birləşmələrinin nəzarətində olan Ağdam rayonunda bu tədris ilində 226 nəfər xəstəliyi və əlilliyi olan uşaq qeydə alınıb. Onların da çoxu evdə təhsilə cəlb olunub.

Türkanə Qəhrəmanova

Ağdamın Mərzili kənd sakini, hazırda Üçoğlan kəndində məskunlaşan 4-cü sinif şagirdi Türkanə Qəhrəmanova şəkər xəstəsidir. Yaşı artsa da, boyu 1 metr 10 santimetrdən yuxarı qalxmır. Kitabla çox təmasda ola bilmir, tez yorulur, dərsin qavranılmasında problemləri var. Hətta əlifbanı da tam öyrənə bilməyib.

“Ən böyük arzum qızımın sinif yoldaşları kimi məktəbə getməsidir. Tez sağalması üçün müalicəsini davam etdiririr”, — atası Füzuli deyir.

Fidan Musayeva

Ağdamın erməni silahlı birləşmələrinin nəzarətində olan Seyidli kənd sakini, hazırda Xındırıstan kəndində məskunlaşan 3-cü sinif şagirdi, 10 yaşlı Fidan Musayeva onkoloji xəstədir. O, bir neçə dəfə kimya terapiyası keçib, başından əməliyyat olunub. Hazırda müalicəsini davam etdirir. O da ev şəraitində təhsil alır.

Pedaqoqlar ondan razılıq etsələr də, çətinliklərin olduğunu da dedilər: “Səhhəti ilə əlaqədar onu çox yükləmirik”.

“Bacısı evdən çıxıb dərsə gedəndə onun arxasınca baxır, çox pis olur. O da hamı kimi məktəbə getmək istəyir”, — anası Aynurə deyir.

Belə ki, bəzi uşaqlar tədris proqramını mənimsəməkdə çətinlik çəkdiyindən onların əlavə yardıma və bu qrup şagirdlərlə iş təcrübəsi olan mütəxəssislərə ehtiyacı var. Təcrübəli mütəxəssis çatışmazlığından valideynlər uşaqlarını ya Bakıya göndərmək, ya da onları təhsildən kənarlaşdırmaq variantları arasında seçim etməli olurlar.

Regionlarda xüsusi məktəb çatışmazlığı…

Daun sindromlu Fariz İsmayılov Ağdamda 7-ci sinifdə oxuyurmuş. Artıq məktəbə getmir.

Valideynləri ən çox narazı salan məsələ övladlarının rayondakı təhsildən kənarlaşdırılıb Bakıya göndərilmələridir.

Bu tədris ilində Ağdamdan 5, Tərtərdən isə 1 nəfər rayonlarında xüsusi məktəblər və siniflər olmadığından Bakıdakı xüsusi məktəblərə göndərilib.

Eşitmə, görmə və intellektual məhdudiyyətli uşaqların valideynləri də narazılar sırasındadır. Adlarının çəkilməsini istməsələr də, fikirlərini ifadə etdilər:

“Uşağımın sağlamlığında problem olsa da, tədrisdən kənarda qalmırdı, əlaçı olmasa da, ictimaiyyətin arasında idi. Bu da onun sosial fəaliyyətinə müsbət təsir göstərirdi. İndi isə evdə oturub, vəziyyəti yaxşı deyil. Mən bu uşağı Bakıya necə göndərim?”

“Dövlətimizin hər cür imkanı var. Niyə bizim uşaqlarımız üçün regionda məktəb açmırlar? Biz demirik ki, ancaq bizim rayonlarda olsun belə məktəb. Heç olmasa, bizə yaxın ərazilərdə açsınlar, biz də uşaqlarımızdan nigaran qalmayaq”, — başqa bir valideyn OC Media-ya deyir.

Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin məlumatına görə, 2017-2018-ci tədris ilində Azərbaycanda 10 000 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Onlardan 6400 nəfər evdə, 3600 nəfər xüsusi, 990 nəfər uşaq isə ümumtəhsil internat məktəblərində xüsusi siniflərdə təhsilə cəlb olunub.

Əqli və psixi məhdudiyyətləri olan uşaqlar xüsusi, yalnız fiziki məhdudiyyəti olan uşaqlar isə ümumtəhsil proqramları ilə təhsilə cəlb olunurlar.

Təhsil Nazirliyindən bu məsələni belə şərh edirlər: “Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır. Respublikanın ayrı-ayrı bölgələrində eşitmə və görmə məhdudiyyəti olan uşaqların sayının az olması və həmçinin yerlərdə xüsusi təhsil sahəsində kadr potensialının kifayət qədər olmaması səbəbindən rayonlarda bu tip xüsusi təhsil müəssisələrinin yaradılması imkan xaricindədir. Görmə və eşitmə məhdudiyyəti olan uşaqların təhsili Bakıda yerləşən xüsusi internat məktəblərində təşkil olunur”.

Təhsil Nazirliyindən deyirlər ki, 2017-2018-ci tədris ilindən başlayaraq 8 rayonda xüsusi təhsil sinifləri təşkil olunub.

Əsasən intellektual məhdudiyyəti olan 50-yə yaxın uşağın cəlb olunduğu həmin siniflər onların evinə ən yaxın məktəblərdədir: “Belə siniflərin sayı artacaq və daha çox bölgəni əhatə edəcək”.

Maliyyə məhdudiyyəti

İnklüziv təhsilin tətbiqi problemin həllidir. Bu, sağlamlıq imkanları məhdud uşaqlara həmyaşları ilə birgə təhsil almaq imkanı verəcək.

İstər Ağdamda, istərsə də Tərtərdə inklüziv təhsilə cəlb olunan uşaqlar yoxdur. Bu rayonların məktəblərində bu tip tədris üçün infrastruktur qurulmayıb. Kommunal sahələr, sinif otaqları bunun üçün uyğunlaşdırılmayıb. Orta məktəblərdə əlilliyi olan insanlarla işləyə bilən mütəxəssislər, müəllimlər yoxdur.

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, Təhsil Nazirliyinin müxətlif illərdə həyata keçirdiyi pilot layihələr nəticəsində Bakı, Mingəçevir, Yevlax, Sumqayıtın 30 ümumtəhsil məktəbində 300 nəfərdək uşaq inklüziv təhsilə cəlb olunsa da, layihə bitdi və davamlılıq olmadığından belə uşaqların sayı 40 nəfərə düşdü.

“Uşaq tam fərqli mühitə uyğunlaşır, cəmiyyətə qaynayıb-qarışır və birdən layihə bitir, o da evdə oturmağa məhkum olur. Bu da onların psixikasında mənfi izlər buraxır”, – Rəhimli əlavə edir.

Prezident İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi haqqında sərəncam imzalayıb.

“Bundan sonra vəziyyətin düzələcəyinə ümid etmək olar”, — Davud Rəhimli vurğulayır.

Seymur Kazımov

(oc-media.org)

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.