2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanlı jurnalist Gürcüstanın “kölgə hakimi”nə qarşı 

Əfqan Muxtarlı: “Nə qədər ki ölkəyə İvanişvili rəhbərlik edir, mənim oğurlanmağımla bağlı obyektiv istintaqın aparılacağına inanmıram” 

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 1-də Gürcüstanın Baş Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin sabiq müavini Soso Qoqaşvilinin ərizəsi üzrə istintaqa başlayıb. Belə ki, o, 2017-ci ildə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında ölkə hakimiyyətinin də əlinin olduğunu bildirib.    

İyul ayının ortalarında xüsusi xidmətin məlumatlarını yayması ittihamı üzrə saxlanılmış Qoqaşvili iyulun 26-sı Rustavi həbsxanasında yazdığı məktubda təsdiqləyib ki, Muxtarlı hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, həmçinin Gürcüstanın “kölgə hökmdarı” sayılan milyarder Bidzina İvanişvilinin əmri ilə oğurlanıb.

Gürcüstanda oturum icazəsi olan və son bir neçə il Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-u “yoxa çıxıb”. Əfqanın axşam alış-veriş üçün mağazaya getməsi və həmin gecə evə qayıtmaması barədə xanımı Leyla Mustafayeva xəbər verib. Ertəsi gün Əfqan Muxtarlının Bakı həbsxanasında olması aşkarlanıb. Daha sonra jurnalist bildirib ki, onu Tbilisinin mərkəzində bir neçə adam oğurlayıb, əl-qolunu bağlayıb, döyüb və başına torba keçirərək maşına mindirib, sərhədə gətirib və Azərbaycana təhvil verib. Bundan başqa, cibinə 10 min avro atıblar. Azərbaycan hökuməti ona qarşı sərhədi qeyri-qanuni keçməkdə, qaçaqmalçılıqda, həmçinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham irəli sürüb. O, bu ittihamlarla altı il azadlıqdan məhrum edilib. Jurnalistin yaxınları dərhal bəyan edib ki, bu, Azərbaycan və Gürcüstan xüsusi xidmətinin işidir.

Qoqaşvili təsdiqləyir ki, Əfqan Muxtarlının işi üzrə bütün dəlilləri DTK-nin məxfi istintaq tədbirlərini həyata keçirən Operativ-texniki departamenti məhv edib. O cümlədən videomüşahidə kameralarından yazılar silinib.

Azərbaycan həbsxanasından çıxandan sonra Almaniyada yaşamağa başlayan Əfqan Muxtarlı özünün “Facebook” səhifəsində bu informasiyaya dərhal reaksiya verib.           

Gürcüstan Təhlükəsizlik Xidməti rəhbərinin müavini olmuş Soso Qoqaşvili

“Gürcüstan Təhlükəsizlik Xidməti rəhbərinin müavini olan Soso Qoqaşvili mənim oğurlanmağım üzrə əməliyyatın bütün detallarını bilir. Biz onun prokurorluqda ifadə verməsinə nail olacağıq”, – Muxtarlı yazıb.  

“Gürcü hökuməti variantlardan ən pisini seçib”

«Soso Qoqaşvilinin bəyanatı mənim üçün bir yenilik deyildi. – Əfqan Muxtarlı Meydan TV-yə müsahibəsində deyib. – Bilirsiniz ki, mən oğurlanıb Bakıya aparıldıqdan sonra, istintaq dövründə də, məhkəmələr dövründə də Gürcüstanın ən yuxarı hissəsində duran şəxs tərəfindən oğurlandığımı demişəm. Həmin dövrdə dəfələrlə bəyan etmişəm ki, mənim oğurlanmağım İvanişvili və o zamankı Baş nazir Kvirikaşvilinin göstərişi ilə həyata keçirilib. Çünki mənim oğurlanmağımda dörd müxtəlif dövlət idarəsi iştirak edib. İlk növbədə, Daxili İşlər Nazirliyinin kriminal polisi iştirak edib, Təhlükəsizlik Xidmətinin əməkdaşları,  Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib, bir də Laqodexi Gömrük-Keçid məntəqəsinin rəisi və həmin gün növbədə olan məntəqənin əməkdaşları mənim  oğurlanmağım əməliyyatında birbaşa iştirak ediblər. Bu dörd qurum ölkə rəhbərinin göstərişi olmadan insan oğurluğunu həyata keçirə bilməzdilər. Və Soso Qoqaşvilinin bəyanatında məni təəccübləndirən tərəf o oldu ki, yüksək rütbəli bir məmur, zabit özündə cəsarət tapıb, özünün də iştirak etdiyi cinayəti etiraf edib. Təəccübləndirən bu etirafdı”. 

Əfqan Muxtarlı beş il əvvəlki olayları xatırlayır:

«Həbs olunmamışdan təxminən bir həftə əvvəl “Amerikanın səsi”nə müsahibə verib, mənim Gürcüstan hökuməti tərəfindən tutularaq Azərbaycan tərəfinə veriləcəyimi söyləmişdim. Onda çöldəydim, açıqdaydım, oğurlanmamışdım. Sadəcə mən oğurlanmağımı gözləmirdim. Mən gözləyirdim ki, həbs olunaraq, təhvil veriləcəm. Oğurladılar. Variantlardan ən pisini seçdi Gürcüstan hökuməti».

Muxtarlı həmçinin bildirir ki, o, gürcü vəkili Arçil Çopikaşvili ilə birlikdə Qoqaşvilinin, İvanişvilinin və Dövlət Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Vaxtanq Qomelaurinin (hazırda o, Gürcüstanın daxili işlər naziridir) istintaqa cəlb olunması üçün ərizə verib:   

“Soso Qoqaşvili verdiyi bəyanatda mənim oğurlanmağımın birbaşa o zamankı Təhlükəsizlik Xidmətinin rəhbəri, indiki Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyini bildirib. Eyni zamanda İvanişvilinin göstərişi ilə videokameradakı görüntülərin hamısı silinib. Mən də dərhal vəkilimlə əlaqə saxlamışam, vəkilim artıq vəsatət verib”. 

“Biz həmçinin sui-qəsd və ya buna bənzər olayın baş verməməsi üçün Qoqaşvilinin təhlükəsizliyinin təmin olunmasını tələb etmişik. Bəzən belə də olur və biz bunu bilirik”, – Çopikaşvili Meydan TV-yə deyib. 

Muxtarlı və onun vəkili Gürcüstanda, nəhayət, real və obyektiv istintaqın keçirilməsini tələb edir. 

“Muxtarlının həbsindən artıq altı il ötür və Gürcüstan tərəfi hələ də izah edə bilmir ki, Tbilisinin mərkəzində olan adam hansı şəraitdə Azərbaycan həbsxanasına düşüb”, – vəkil deyir.   

Jurnalist Əfqan Muxtarlı

Muxtarlı həmçinin Gürcüstan daxili işlər nazirinin istefasını tələb edir:

“Bu insanın tutduğu vəzifə və şəxsən İvanişviliyə yaxın olması bu istintaqın ədalətli aparılmasını şübhə altına alır. Çünki bunun qurumu məni oğurlayıb. Şəxsən mən bu adamın istefa verməsini tələb edirəm. İlk növbədə özünü çağırıram ki, istefa versin. Biz də artıq Avropa Parlamentinin deputatları, rəhbərliyi ilə yazışmağa başlamışıq. Biz Gürcüstan hökumətinin daxili işlər nazirinin istefasını beynəlxalq səviyyədə tələb edəcəyik. Və ümid edirəm ki, istefasına nail olacağıq. Çünki bu adam istefa verməzsə, prokurorluq araşdırma aparmayacaq. Onsuz da nə qədər ki, İvanişvili hakimiyyətdədir, nə qədər ki, “Gürcü Arzusu” Partiyası Gürcüstanda hakimiyyətdədir, prokurorluğun doğru, düzgün aparmasına inanmıram”. 

Əfqan Muxtarlı Bakıda həbs olunandan sonra Gürcüstanın o zamankı daxili işlər naziri Georgi Mqebrişvili bildirmişdi ki, jurnalistin sərhədi necə keçməsi barədə onlara heç nə məlum deyil. Onun dediyinə görə, 343 şahid, o cümlədən Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi sahəsində 61 sərhədçi dindirilib, Tbilisi küçələrindən onlarla videoyazı götürülüb, azərbaycanlı jurnalistin bütün telefon zəngləri yoxlanılıb. Lakin Muxtarlının oğurlanması və ya zorla əl-ayağının bağlanması ilə bağlı şübhəli heç nə müəyyənləşdirilməyib.     

Gürcüstan hakimiyyəti Muxtarlının oğurlanması və Azərbaycan xüsusi xidmətləri ilə əməkdaşlıqla əlaqəsini rədd edib. Bununla belə, baş verən olaydan sonra Gürcüstan əks-kəşfiyyat və sərhəd xidmətinin rəhbərlərini vəzifələrindən xaric ediblər.    

Gürcü vəkili Arçil Çopikaşvili

Əfqan Muxtarlı 2020-ci ilin martında Azərbaycan həbsxanasından azadlığa çıxıb.   

Beynəlxalq hüquq müdafiəsi təşkilatları jurnalisti “vicdan məhbusu” elan edib. 2018-ci ilin iyun ayında Avropa Parlamenti “Muxtarlının işi və jurnalistlərin Azərbaycanda vəziyyəti” qətnaməsini qəbul edərək, Bakını jurnalisti azad etməyə, Tbilisini isə onun ehtimal olunan oğurluğu üzrə istintaq keçirməyə çağırıb. Buna baxmayaraq, Əfqanlı dörd ilə yaxın zaman kəsiyini dəmir barmaqlıqlar arxasında keçirib.

İctimaiyyət jurnalistin azad edilməsi barədə o, təyyarə ilə Berlinə göndərilərkən xəbər tutub. Hakimiyyət Əfqan Muxtarlının azadlığa buraxılması xəbərini cidd-cəhdlə ört-basdır edib.       

“Mən azad edilmədim, sadəcə cəza növüm dəyişdirildi. Həbsim sürgünlə əvəz edildi. – Əfqan Muxtarlı azdlığa çıxandan sonra özünün Meydan TV-yə Berlində verdiyi ilk video-müsahibəsində danışır. –  Mənim ayağım Azərbaycan Respublikasının torpağına dəyməyib. Cəzaçəkmə müəssisəsində maşına oturmuşam və hava limanının içində maşından düşüb təyyarəyə oturdulmuşam. Mənimlə ilk dəfə azadlığa çıxmağımla bağlı danışılanda, demişdim ki, heç olmasa qısa müddət ərzində buraxsınlar anamla görüşüm, kənddə olum, qohumlarımla görüşüm. Mənimlə danışan adam bildirdi ki, bu barədə cavab vermək səlahiyyəti yoxdu, səlahiyyətli insanlara bu məsələni çatdıracaq. Səlahiyyətli şəxslər kimlər idi bilmirəm, amma icazə vermədilər”.

Hazırda o, xanımı və balaca qızı ilə Berlində yaşayır. 

Qoqaşvilinin əlində ən böyük kartdır

“Üç il həbsdə olduğum müddət ərzində özümün oğurlanmağım işi ilə bağlı şahid qismində istintaqda adım gedib. Mən oğurlanmışam, amma mən şahidəm oğurlanmaq məsələsində. Mən həbsdən çıxandan sonra bir dəfə cəhd elədim Gürcüstana gəlməyə. Gürcüstan hökuməti mənim təyyarə biletimi ləğv elədi. Mən gömrük məntəqəsindən, sərhəd məntəqəsindən keçmişdim və təyyarəyə minərkən məlum oldu ki, biletim ləğv olunub. Gürcüstan hökuməti Gürcüstana getməyimin qarşısını aldı. O zaman da Gürcüstan parlamentinin spikeri bəyanat vermişdi ki, Əfqan Muxtarlı Gürcüstanda daxili sabitliyi pozmaq üçün gəlir. Onun Gürcüstana gəlməyinin heç bir əhəmiyyəti yoxdur”. 

Muxtarlının sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi işə qarışandan sonra onu artıq ikinci cəhddə Gürcüstana buraxıblar. Bu, 2021-ci il aprelin əvvəllərində olub. 

“Onda da məni aeroportda bir saat, saatyarım saxlamaqlarına baxmayaraq, sonra buraxdılar. Mən Gürcüstana gəldim. Və məni necə qaçırıblar, hansı yolla aparıblar, mən əlavə ifadə verdim Gürcüstanda. Ondan əvvəl  mən Gürcüstan prokurorluğunun xahişi ilə alman polisində 10 saat ifadə vermişəm. Gürcüstanda da 10 saatdan artıq ifadə verdim. Eyni zamanda harada oğurlanmışam, hansı istiqamətdə aparılmışam, hansı ərazidə məni maşından düşürüblər, başımdan torbanı çıxarıb, gözümə əski bağlayıblar, bu barədə ətraflı, hər şeyi, hər xırda detallara qədər prokurorluğa göstərəndən sonra məni zərərçəkmiş qismində tanıyıblar. Ancaq mən Gürcüstandan gedəndən sonra mənim vəkilimə, özümə istintaqın gedişi ilə bağlı heç bir məlumat verməyiblər. Nəyə görə məlumat verilmədiyi də indi məlum olur. Çünki bu cinayət birbaşa İvanişvilinin göstərişi ilə baş verib və cinayətə rəhbərlik edən şəxs də hazırda Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışır”.     

Dövlət Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Vaxtanq Qomelauri

“Vəkillərinin dediyinə görə, Qoqaşvili çox detallı yazıb. Hələ ki, mən bilən onlar mətbuata çıxmayıb. Gözləyirlər, istintaqa versinlər. Çünki mətbuata çıxmaqla müəyyən qədər istintaq sirrinin pozulması istintaqın gedişatına mane olacaq. Və mən inanıram ki, onunla bağlı ifadə alacaqlar. Gürcüstan Azərbaycanla müqayisədə çox-çox demokratik ölkədir”, – Əfqan Muxtarlının Azərbaycandakı vəkili Nemət Kərimli belə hesab edir. 

Qoqaşvilinin böyük ehtimalla ən böyük kart olması ilə vəkil Arçil Çopikaşvili də razıdır. 

«Zənnimcə, o sadəcə bəyanatla kifayətlənməyəcək. Onun öz söylədikləri ilə bağlı hansısa əlavə sübutları da var. Bəlkə də əlində hansısa materiallar. əlavə şahidlər var. Düşünürəm ki, o, bu bəyanatla qənaətlənməyəcək”, – vəkil deyir.  

«Hakimiyyət üçün başağrısı» 

Gürcüstan müxalifəti belə hesab edir ki, Qoqaşvilinin ifadələri hər bir halda hakim partiya üçün neqativ nəticələrə gətirib çıxaracaq.    

«Əgər bu ifadələr doğrudursa, onlar «Gürcü Arzusu» üçün ağır yük olacaq, belə ki, söhbət çox ağır cinayətlərdən gedir, – «Exo Kavkaza»«Lelo» Partiyasının liderlərindən biri, Anna Nasvlişvilidən sitat gətirir. – Yox, əgər o, yalan söyləyirsə, bu, yenə də hakimiyyət üçün qara ləkədir, belə ki, bu adam hakimiyyətdə uzun illər yüksək vəzifədə olub».    

Nasvlişvili hesab edir ki, əgər hətta istintaq keçirilərsə, heç kəs ictimaiyyətə işin obyektiv aparılacağına zəmanət verə bilməz.  

«İstənilən halda bu məktub hakimiyyət üçün başağrısıdır», – o hesab edir. 

Milyarder və “Gürcü Arzusu” Partiyasının təsisçisi Bidzina İvanişvili

Hakim partiyada başqa cür hesab edirlər: 

«Qoqaşvilinin etiraf məktublarının heç bir hüquqi nəticələri ola bilməz, – “Gürcü Arzusu” Partiyasının üzvü olan deputat Aluda Quduşauri bəyan edib. – İnsani və əxlaqi prinsiplərdən uzaq olan birisindən nə tələb etmək olar ki? Bu, sıfır əxlaqi nüfuzu olan şəxsin çirkli siyasi spekulyasiyasıdır”.

İyulun 27-si Qoqaşvilinin işinə «məxfi» qrifi qoyulub ki, bu da vəkil Ramaz Çinçaladzenin fikrincə, şübhə doğurur:  

«Bu işin məxfiləşdirilməsi üçün heç bir hüquqi əsası olmayıb. Görünür ki, kimsə qalmaqallı vəziyyətin üzə çıxacağından möhkəm qorxur. O, bəyan etdiyi istənilən fakt üzrə Xalq müdafiəçisinə, qeyri-hökumət təşkilatlarına və prokurorluğa dolğun və ətraflı məlumat verməyə hazır olduğunu söyləyib”. 

Bu sənədlərin dərc olunmasının dəqiq tarixi vəkilə hələ ki məlum deyil.

«Növbə Azərbaycana da çatacaq»

Hələ ki öz müraciətlərinə rəsmi cavab almayan Əfqan Muxtarlı və onun gürcü vəkili, bununla belə, Baş Prokurorluğun Qoqaşvilinin ərizəsi üzrə istintaqın başlaması barədə bəyanatlarını məsələnin qismən çözülməsi kimi qəbul edir.    

“Soso Qoqaşvilinin ifadəsinin alınması ilə bağlı prokurorluq vəsatət verib. Bu, artıq qismən təmin olunmaqdır. Amma bizim vəsatətimizi təmin etməsələr, biz bu hüquqi prosedur qaydalarını davam etdirəcəyik və Avropa İnsan Haqları Məhkəməsinə mənim işimlə bağlı növbəti fakt kimi təqdim edəcəyik”, – Muxtarlı deyir.

Əfqan Muxtarlı özünün “Facebook” hesabında həmçinin yazır ki, “növbə Azərbaycanda da adamların oğurlanmasına gəlib çatacaq”. 

“Gürcüstanda məni oğurlayan adamlar Laqodexi ilə Zaqatala arasında neytral zonada Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisi ilə Sərhəd Qoşunlarının komandanının köməkçisinə təhvil veriblər. Oradan da Balakənin Mazandara kəndində yerləşən Sərhəd Qoşunlarının zastavasına”. – Əfqan Muxtarlı Meydan TV-yə müsahibəsində izah edir. – “Və burada azərbaycanlı jurnalistin oğurlanmasında Azərbaycan hökumətinin iştirakı şübhəsizdir. Çünki həm istintaq dövründə mənim üzümə duran və mənə böhtan atan, həm də məhkəmə zamanı böhtan atan şəxslər birbaşa sərhəd xidmətinin zabit, gizir və əsgərləri idi. Bu məsələnin digər tərəfi də Azərbaycanın Gürcüstana 3 milyon dollar məbləğində rüşvət verməsi ilə bağlıdır. Bu barədə mən Gürcüstan prokurorluğunda ifadə vermişəm. Bu, istintaq sirri olduğuna görə konkret adamın adını çəkmirəm, amma bir şəxs Azərbaycanda kifayət qədər yüksək vəzifə daşıyan adamdır. Mən həbsdən çıxandan sonra da məlum oldu, verdiyim eyni məlumatı Gürcüstan parlamentinin müxalif deputatlarından biri də deyib ki, 3 milyon dollar məbləğində Azərbaycan tərəfi rüşvət verib”.   

“Azərbaycan indiki halqa hər hansı bir reaksiya verməyib. Və məncə, hələ də reaksiya verməyəcək”, – Vəkil Nemət Kərimli deyir. – “O vaxt reaksiya verəcək ki, bir qədər dərinə gedəcək, məsələ araşdırılmağa başlanacaq, yeni detallar üzə çıxacaq. Yenə də jurnalistlər yazacaqlar. Eləcə də istintaqın özünün bəyanatı olacaq. Və İvanişvilinin hər hansı bir halda ifadə verməsi bu aysberqin parçalanmasıdır. Və bütün bu hallardan sonra özünümüdafiə xarakterli bəyanatlar Azərbaycandan da gələcək. 

Biz Əfqanla məsləhətləşmişik ki, Gürcüstanda bir qədər hadisələr irəliləsin, ondan sonra prokurorluğa araşdırma ilə bağlı müraciət edək. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin səhv etmirəmsə, 206-cı maddəsinə görə, mətbuatda gedən məlumatlara görə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Artıq bu məlumat bizdə də mətbuatda çıxıb. Buna görə də prokurorluq özü təşəbbüs göstərib, araşdırma aparmalıdır. Lakin bunu etmir. Biz gələcəkdə şikayət verəcəyik”.  

“Mediaset”in dəstəyi ilə 

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button