Loading...
Loading...
Sosial

‘Azəriqaz’ əməkdaşının döyülməsi işi: ‘Bir günün içində bu adam nə tez sağaldı?’

Bakının Alatava ərazisində evində “Azəriqaz” əməkdaşına xəsarət yetirməkdə suçlanaraq həbs olunan şəxs barəsində həbs qərarı dəyişdirilməyib, ailəsi isə araşdırmalardan narazıdır.

Ədalət Hüseynov haqqında ilkin istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin qərarından şikayət vermişdi. Aprelin 16-da şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi onu təmin etməyib.

Bacısı Ülviyyə Hüseynova deyir ki, hüquq-mühafizə orqanları heç bir araşdırma aparmadan, tələsik məlumat yayıblar, qardaşını cəmiyyətə cinayətkar kimi təqdim ediblər.

Daxili İşlər Nazirliyinin aprelin 7-də yaydığı məlumatda iddia olunur ki, 3-cü Alatava küçəsindəki evlərdən birinin sahibi Hüseynov qaz sayğacını dəyişmək istəyən çilingəri təhqir edib, ona xəsarət yetirib.

Zərərçəkmiş qismində tanınan Ağamirzə Vəliyev deyir ki, sözügedən evdəki qaz sayğacında nasazlıq yarandığına görə yenisiylə əvəzləmək zərurəti yaranıb. Bunu ev sahibinə bildirib. Nəticədə aralarında mübahisə yaranıb, Hüseynov onu təhqir edib, başı ilə alın nahiyəsinə zərbələr endirib.

Nazirlik bu olayla bağlı rəsmi açıqlamaya “Azəriqaz” əməkdaşının başı sarıqlı fotosunu da əlavə etmişdi.

Hüseynovun yaxınları isə deyir ki, mübahisə “Azəriqaz” əməkdaşının kobudluğu, evə qanunsuz daxil olması üzündən baş verib.

“Birtərəfli informasiya yayırlar. Həmin vaxt Ədalət evdə olmayıb, sayğac küçədə ola-ola “Azəriqaz”ın işçisi qanunsuz şəkildə evə daxil olub. Evdə də gəlin, qızı və digər uşaqlar olub. Kobud ifadələrlə deyib ki, sayğaca müdaxilə etmisiniz. Bu da qardaşımın acığına gəlib ki, “icazəsiz evimə girmisən, hələ bir ağzına gələni də danışırsan”. Mübahisə buna görə yaranıb”, – təqsirləndirilən şəxsin bacısının sözləridir.

Rəsmi məlumat yayılan gün zərərçəkmiş çilingərin başı sarıqlı olsa da, ertəsi gün onu məhəllədə sarğısız, normal vəziyyətdə gördüklərini deyən Hüseynovanın sözlərinə görə, əllərində bunu təsdiqləyən foto da var. Həmin fotonu həm istintaqa, həm də qardaşı haqqında həbs qərarından verilmiş şikayətə baxan apellyasiya məhkəməsinə də təqdim ediblər: “Bir günün içində bu adam nə tez sağaldı? Vətəndaşlara bu qədər zülm eləmək olmaz. Onun üç azyaşlı uşağı var, biri də xəstədir. Məhkəmə onun haqqında həbs-qətimkan tədbiri seçir, hansı əsasla? Şəxsi mübahisə zəminində baş vermiş münaqişəni şişirdib, bir ailəni, üç uşağı başsız qoymaq heç kimə, hüquq-mühafizə orqanları və məhkəməyə də başucalığı gətirməz”.

Təqsirləndirilən Hüseynovun vəkili Bəxtiyar Hacıyev də deyir ki, onun istintaq dövründə həbsdə saxlanması üçün yetərli əsas yox idi. O, CM-in 221.2.2 (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur.

“Bir gün başı bağlı gəlib, ertəsi gün başında heç bir sarğı yoxdur. Məhkəmə sağlamlığa yüngül zərər vurmanı həbs üçün əsas sayıb. Halbuki, onun tez bir zamanda sağalması şübhə doğurur. Baş nahiyəsindən aldığı xəsarətdən əsər-əlamət yoxdur. Bu isə həbs qərarının verilməsi üçün əsas götürülən ekspert rəyinin mötəbərliyini də şübhə altına alır”, – vəkil belə deyir.

Hüseynovun ittiham olunduğu CM-in 221.2.2 maddəsində 2 ilə qədər islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

24 saat” “
‘Azəriqaz’ əməkdaşının döyülməsi işi: ‘Bir günün içində bu adam nə tez sağaldı?’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button