‘Azərişıq’da saxlanan cəbhəçiyə 30 sutka verildiyi deyilir

Yanvarın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.
AXCP-dən verilən məlumata görə, o xuliqanlıq (İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ) və polisə tabe olmamaqda ( 535.1-ci maddəsi) ilə ittiham edilib.
Partiyadan əlavə edilib ki, Həsənov yanvarın 31-də “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.
AXCP-dən o da vurğulanıb ki, Həsənov yanvarın 29-da 85 yaşlı nənəsinin evində işığın borca görə kəsilməsi səbəbindən “Azərişıq” ASC-nin Sabunçu rayon idarəsinə gedib:
“Nənəsi İkinci Dünya Müharibəsi veteranının dul qadınıdır. O, hakimiyyəti tənqid edib. Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər”.
AXCP-dən deyiblər ki, bugün, yanvarın 31-də Həsənov “Azərişıq” ASC-nin baş ofisinə gedib və orada onu mülki geyimli iki şəxs saxlayıb.
“Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.
Partiyadan Bunu deyiblər ki, Elnur Həsənov İkinci Qarabağ Müharibəsində həlak olan Teymur Mahal oğlu Həsənovun qardaşıdır.
Bu açıqlamaya, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi, “ Azərışıq” ASC , Yasamal Rayon Məhkəməsi və başqa rəsmi aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim tənqidlərinə görə, təqib edilmir.