2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycan alpaqutçuları 1-ci oldu

Azərbaycan yığma komandası I Alpaqut Dünya Kubokunun qalibi olub.

Gürcüstanın Ozurgeti şəhərində keçirilən yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan kimi ölkələrin alpaqutçuları da öz güclərini sınayıblar. Azərbaycan idmançıları 3 sistem üzrə 51 medal (24 qızıl, 22 gümüş, 5 bürünc) qazanaraq digər ölkələrdən olan rəqiblərinə qalib gəliblər. Aypara sistemi üzrə 2 qızıl, 3 gümüş, Batur sistemi üzrə 17 qızıl, 15 gümüş, 5 bürünc, Caymaz sistemi üzrə isə 5 qızıl, 4 gümüş medal qazanmaları Azərbaycan alpaqutçularını 1-ci edib. Bəzi idmançılar hər üç sistem üzrə “qurd çevrəsi”nə çıxaraq güc nümayiş etdiriblər.
Yarışların ən yaddaqalan məqamlarından biri 18 yaşdan yuxarı idmançıların mübarizə apardıqları qrupda 60 kiloqram çəki dərəcəsində Elvin Mirzəyevin rəqibi – kikboksinq üzrə 3 qat dünya çempionu Temuri Glontini məğlub etməsi olub. Digər maraqlı məqamlardan biri isə Veteranların (36-41 yaşlar arasında) qrupunda mübarizə aparan Azərbaycan Alpaqut Federasiyasının Ağdam filialının sədri Ruslan Quliyevin öz çəkisinin 55 kiloqram olmasına baxmayaraq, 75 kiloqram çəki dərəcəsində, Batur sistemi üzrə 1-ci yerə layiq görülməsi olub.
Qeyd edək ki, yarışlar Dünya Alpaqut Federasiyası və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov ölkəmizin 1-ci yerə çıxmasına münasibət göstərərək idmançıların gücünə inandığını söyləyib: “Azərbaycan alpaqutçuları yüksək hazırlığa malik idmançılardır. Mən onların yaxşı nəticələr göstərəcəklərinə əmin idim. Sag olsunlar ki, ümidlərimizi boşa çıxarmadılar. Yarışlarda komandamıza rəhbərlik edən, Azərbaycan Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov başda olmaqla bütün idmançılarımıza təşəkkür edirəm. Bu qələbə ilə Azərbaycan idman tarixinə töhfə verdiyimizə görə şadam. Azərbaycan alpaqutçuları olaraq bundan sonra da gücümüzü bütün dünyaya göstərəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button