2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan-Ermənistan münaqişəsi: beynəlxalq reaksiyalar, Rusiyanın təsiri…

Ekspert: “Şarl Mişelin moderatorluğu Moskvanın maraqlarına uyğun deyil”

“Münaqişə o vaxt hərbi güc mərhələsinə keçə bilər ki, vasitəçilərdən birinin hərbi təsir imkanı olsun. Regionda baş verənlərə yeganə təsir imkanı olan qüvvə Rusiyadır”.

Siyasi şərhi Rauf Mirqədirov Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmanı Meydan TV-yə şərh edərkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert hesab edir ki, Qərb ölkələrinin regiona ciddi təsir imkanları yoxdur: “Çünki başqa dövlətlərin regionda hərbi bazası mövcud deyil. Yeganə hərbi bazası olan qüvvə məhz Rusiyadır”.

Foto: XİN

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşma baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) atəşkəsin pozulmasını Ermənistanın təxribatı sayıb.

Rəsmi Bakı qarşıdurmanı hərbi təcavüz adlandırıb və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Bəyanatda qeyd olunub ki, Yerevan beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozub: “Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir”.

Vaşinqtonla Bakı arasında telefon danışığı…

Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasındakı telefon danışığı olub.

Karen Donfrid. Mənbə: ABŞ səfirliyi

Bildirilir ki, Bayramov Ermənistanın sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatları barədə qarşı tərəfə məlumat verib.

Donfrid isə hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Blinken: “Münaqişə hərbi yolla həll oluna bilməz”

ABŞ-ın Dövlət katibi Entoni Blinken də baş verən hadisədən narahatlığını ifadə edib.

“Ermənistan-Azərbaycan sərhədi boyunca hücumlar, o cümlədən Ermənistan daxilində əhali mərkəzləri və mülki infrastruktura zərbələr endirilməsi ilə bağlı xəbərlərdən “dərin narahatdır”, – deyə Blinkenin bəyanatında bildirilib.

Entoni Blinken. Foto: Al Drago/Pool via AP

O bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün ola bilməz: “Biz bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.

E.Blinkenin bəyanatını Meydan TV-yə şərh edən R.Mirqədirov deyir ki, Dövlət katibi Azərbaycanı birbaşa ittiham etmir:

“Blinken Azərbaycanı birbaşa ittiham etmir, aldığı xəbərlərə vurğu edir. Bu prosesdə bir məqama diqqət edilməlidir: Qərb tərəflər arasında sülh sazişinin imzalanması üçün xarici işlər nazirlərinin birgə işləməsini, Rusiya isə sərhədlərin müəyyənləşməsində israr edir”.

Çavuşoğlu: “Ermənistan artıq təxribatlara son qoymalıdır”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də danışıb.

Bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib.

“Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – deyə Çavuşoğlu yazıb.

Çavuşoğlu
Mənbə: Türkiyə Xarici İşlər Naizrliyi

Türkiyənin proseslərə müdaxiləsinə gəlincə isə Mirqədirov hesab edir ki, Ankara Vaşinqtonla münasibətlərdə fərqli mövqe saxlayır və regionda hərbi təmsilçiliyi yoxdur.

Rusiya razılaşmanın tam şəkildə yerinə yetiriləcəyini gözləyir…

Rusiya Xarici İşlər Nazirliyi də (XİN) Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb və baş verən eskalasiyadan narahatlığını ifadə edib.

“Moskva vaxtı ilə saat 09.00-dan etibarən atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nəticəsində əldə olunan razılaşmanın tam şəkildə yerinə yetiriləcəyini gözləyirik. Bütün mübahisəli problemlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, – deyə bəyanatda qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

Şarl Mişel gərginliyin daha da artmasının qarşısını almaq istəyir…

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.

Bildirilir ki, Paşinyan Mişelə Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.

Ş.Mişel regionda sülh və sabitliyin alternativinin olmadığını, həmçinin gərginliyin daha da artmasının qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu bildirib.

Şarl Mişel, Foto: https://www.europarl.europa.eu/

Eyni zamanda, Nikol Paşinyanın İran Prezidenti və ABŞ Dövlət katibi ilə telefon söhbəti olduğu bildirilib.

Ermənistan rəsmi mənbələri Sünik rayonunun Nerkin And kəndindən qadın və uşaqların təxliyə edildiyi barədə məlumat yayırlar:

“Gecə yarısından düşmən atəşə başladı. Fasilə saat 7:30-dan 08:00-a qədər olub, hazırda intensiv atışmalar davam edir”.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə sərhəddə vəziyyətin dəyişmədiyi qeyd olunub.

Paşinyan: “Azərbaycanın sülh sazişini qəbul etmir və Ermənistana ərazi iddiaları irəli sürür”

Baş nazir Nikol Paşinyan sentyabrın 13-də parlamentdə çıxışı zamanı 49 əsgərin öldüyünü söyləyib.

“Azərbaycan silahlı qüvvələri Ermənistana qarşı 4 istiqamətdə hücum əməliyyatlarına başlayıb. Sonradan onlara daha 2-3 istiqamət əlavə edilib. Azərbaycan təsəvvür etməyə çalışır ki, bu hərəkətlər Ermənistanın hansısa təxribatına cavabdır. Amma biz birmənalı şəkildə qeyd etməliyik ki, bu məlumat tamamilə yalan və saxtadır, həqiqətəuyğun deyil”, – Paşinyan belə deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan – Parliament.am

Baş nazir Azərbaycanın sülh sazişini qəbul etmədiyini deyib:

“Danışıqlar zamanı Azərbaycan Nrnadzordan (Mehri rayonu) İrəvana kimi Ermənistana ərazi iddiaları irəli sürür”.

Rusiya və Avropanın hadisələrə münasibətinə gəlincə isə Mirqədirov bildirib ki, burada ciddi maraq toqquşmaları var:

“Əlbəttə, Şarl Mişelin moderatorluğu Moskvanın maraqlarına uyğun deyil. Atəşkəsin pozulması isə Qarabağda yox, məhz sərhəddə başlayır”.

“Rusiyanın əsas məqsədlərindən biri Azərbaycan-Ermənistan sərhədinin nəzarət altına götürməkdir”, – deyə o bildirib.

Rauf Mirqədirov: “Paşinyanın açıqlaması demoqogiyadır”

O, Paşinyanın açıqlamasını isə demoqogiya adlandırıb:

“Birincisi, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün 5 prinsip irəli sürüb və orda ərazi iddiası haqda heç bir bənd yoxdur. Əksinə, söhbətin dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanınmasından və ərazi iddialarından imtina etməsi qeyd olunub. İkincisi, əgər Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürsəydi, vasitəçilər buna münasibət bildirərdi”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Onun fikrincə, hərbi əməliyyatlar başlayırsa, kimsə Kremlin sifarişini yerinə yetirir:

“Baxın, hərbi əmıliyyatlardan sonra Ermənistanın Baş naziri Paşinyan Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatına (KTMT) müraciət edərək hərbi yardım istədi. Hətta 2020-ci ilin müharibəsində o bir neçə gün sonra Rusiya və KTMT-ya müraciət etdi, savaş başlanan anda yox. Amma bu dəfə fərqli davrandı, Moskva ilə Yerevan arasındakı ikitərəfli müqavilələri də xatırlatdı”.

Hərbi ekspert: “Ermənistanın KTMT-ya müraciətinin ciddi təsiri olmayacaq”

Hərbi ekspert Ədalət Verdiyev 12 sentyabr hadisəsini Ermənistanın sülhdən yayınması kimi qiymətləndirib.

Ədalət Verdiyev Meydan TV-yə deyib ki, Ermənistan son bir ayda müxtəlif təxribatlara əl atıb:

“Ermənistanın ərazidə topladığı texnikanın sayı onların təxribata öncədən hazır olduğunu göstərir. Həmçinin Ermənistan müdafiə nazirinin ABŞ-a səfəri, Dövlət Departamentinin köməkçisinin Yerevana gəlməsi dünənki hadisələrin təsadüfü olduğunu istisna edir. Amma Ermənistan atəşkəsi son 1 ayda daha intensiv pozurdu”.

“Dağlıq Qarabağ ermənilərinə gəldikdə, onlar bilir ki, indiki şəraitdə atəşkəsi pozmaları beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyəcək, çünki bu, Azərbaycan ərazisidir. Sərhəddə atəşkəsin pozulması qərb dövlətlərinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşklatına (KTMT) müraciət üçün əsas yarada bilər”, – deyə ekspert vurğulayıb.

Ədalət Verdiyev
Source: https://yenicag.az/

Ədalət Verdiyev Ermənistanın KTMT-ya müraciətinin ciddi təsiri olmayacağı qənaətindədir:

“Nikol Paşinyan dünən 9-cu dəfə KTMT-yə müraciət edib, əvvəlki 8 müraciətə nəinki baxılmayıb, müzakirə də olunmayıb. Ona görə 12 sentyabr müraciətinin də real nəticəsi olacağı inandırıcı deyil. Ən azından indiyə qədər təşkilatın rəhbərləri Ermənistanın təxribatlarını dəstəkləmək barədə bir bəyanat da səsləndiməyib”.

“Azərbaycan niyə Dağlıq Qarabağdakı silahlı separatçılara qarşı yox, sərhəddə əməliyat keçirib?” sualına hərbi ekspert belə cavab verib:

“Sualınızın cavabı 1920-ci il xəritələrindədir, baxın adlara, Basarkeçər, Qarakilsə, Gorus, Qafan, bunlar hamısı tarixi Azərbaycan torpaqlarıdır. Heç zaman razı ola bilmərik ki, tarixi torpaqlarımızdan əsgərlərimizə qarşı atəş açılsın. Əgər bu baş verərsə, belə təxribatlar Ermənistan üçün ağrılı olacaq. Məğlub tərəf həddin bilməlidir, amma əksi baş verir, atəşkəsi pozur”.

O düşünmür ki, Qərb ölkələrindən Azərbaycana təzyiqlər artsın:

“Son bir ayda Azərbaycan Ermənistan tərəfindən təxribatların törədildiyi barədə məlumatlar yayırdı. Amma Paris və Vaşinqtondan Yerevana hər hansı tövsiyyələr verilmirdi. Azərbaycan əsgərinin təhlükəsizliyini aradan qaldırmaqda tam sərbəstdir. İstənilən açılan atəş düşmən mövqeyi bizim üçün legitim hədəfdir”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button